Əsas Səhifə > Ana xəbər / Güney Press > Ermənistanda “5-ci kolon”la iqtidar gərginliyi pik həddə
Ermənistanda “5-ci kolon”la iqtidar gərginliyi pik həddəBu gün, 11:03 |
|
Seçkilər yaxınlaşdıqca Ermənistanda siyasi hərarət də yüksəlməkdədir. Rəqiblərinin və onlara havadarlıq edən mərkəzlərin sürpriz hazırlıqlarından xəbərdar olan baş nazir Nikol Paşinyan da sakit dayanmır və özünə yeni-yeni tərəfdarlar toplamaqdadır. Bugünlərdə onun dövlət qulluqçuları ilə keçirdiyi görüşlər də geniş rezonans doğurub. “Dövlət qulluqçuları ilə keçirilən müşavirə zamanı Paşinyan dövlət aparatının səmərəliliyindən danışıb və iştirakçılara da fikir bildirməyi təklif edib”. Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “Hraparak” nəşri yazıb. Nəşr qeyd edib ki, iştirakçıların çoxu əməkhaqlarının artırılması məsələsini qaldırıb. “Yığıncaqdan sonra o, tabeliyində olan şəxslərə araşdırma aparmaq, hesablamalar etmək və gələn ildən dövlət qulluqçularının maaşlarının nə qədər artırıla biləcəyini müəyyənləşdirməklə bağlı tapşırıq verib. O, bunu guya dövlət qulluqçularının irəli sürdüyü tələb kimi təqdim edib, lakin aydındır ki, seçkilər ərəfəsində təxminən 8 min insanı öz tərəfinə çəkməyə çalışır. Aparatda isə hesab edirlər ki, əgər yuxarı səviyyələrdə milyonlarla dram məbləğində maaş və mükafatlar paylanmasaydı, onların əməkhaqlarını çoxdan artırmaq olardı”, - deyə KİV bildirib. Ötən gün kilsədə yepiskoplar yığıncağı keçirilmişdi, kilsə ətrafında yaranmış vəziyyət və görüləcək addımlar müzakirə olunurdu". Bu barədə Ermənistanın “Hraparak” nəşri yazıb. Nəşr qeyd edib ki, iclasda Dərələyəz və Masyatsotni yeparxiyalarının rəhbərləri də iştirak edib. “Past” nəşri isə Ermənistanın dövlət borcunun artmasından bəhs edib. Qəzetin yazdığına görə, Ermənistanın dövlət borcunun dinamikası son illərdə elə bir məzmun alıb ki, bu, xüsusilə uzunmüddətli nəticələrin qarşısını almaq məqsədilə ciddi təhlil, ictimai müzakirə və sistemli siyasi qərarlar tələb edir. Rəsmi statistik məlumatlar göstərir ki, əgər vaxtında qarşısı alınmasa, formalaşan meyillər həm cari iqtisadi sabitlik, həm də gələcək nəsillərin rifahı üçün ciddi təhlükələr yarada bilər. Rəqəmlər açıq şəkildə Ermənistanın qarşısında duran reallığı göstərir. “Ölkənin dövlət borcu 2017-ci ildə 6,8 milyard dollar təşkil edirdi və nisbi yüksəkliyinə baxmayaraq, hələ də idarəolunan səviyyədə idi və iqtisadi imkanlarla uyğunluq təşkil edirdi. Lakin cəmi səkkiz il ərzində bu rəqəm demək olar ki, iki dəfə artaraq bu ilin sentyabrına olan göstəriciyə görə 14,2 milyard dollara çatıb. Artım tempinin iqtisadi artımı üstələməsi dövlət maliyyəsinin idarə olunması, büdcə siyasəti və iqtisadi inkişaf strategiyası ilə bağlı dərin sistemli problemlərin mövcudluğuna işarə edir. Daha da narahatedici məqam odur ki, 2026-cı ildə dövlət borcunun 15 milyard dolları aşacağı gözlənilir ki, bu da borcun idarə edilməyən və təhlükəli templə yığıldığını göstərir”, - deyə müəllif bildirib. Görünən budur ki, Paşinyanın özü demişkən, “kadastr sənədi olmayan” ölkəsi boğazacan borc içindədir. Üstəlik, ölkədə siyasi gərginlik getdikcə artır. Hesab olunur ki, Kreml də hər an Paşinyana sürpriz edə bilər. Belə bir durumda Paşinyanın seçkidə qalib gəlib, hakimiyyəti saxlaması realdırmı, yoxsa “5-ci kolon” prosesləri uduşla başa vuracaq? Sosial Tədqiqatlar Mərkəzinin baş mütəxəssisi Tural İsmayılov “Yeni Müsavat”a açıqlamasında bunları söylədi: “Ermənistanda hazırkı daxili proseslər göstərir ki, ölkənin əsas problemi ayrı-ayrı qərarlardan çox, sistemin içində kök salmış radikal və revanşist düşüncədir. Dövlət qulluqçularının maaşları ətrafında başlayan müzakirələr sosial gərginliyin genişləndiyini açıq şəkildə ortaya qoyur. Bu məsələ artıq təkcə iqtisadi yox, ictimai psixologiya məsələsinə çevrilib. Aşağı zümrələrdə narazılıq artır, yuxarı eşelonlarda isə israfçılıq davam edir. Bu disbalans revanşist dairələr üçün manipulyasiya mühiti yaradır. Onlar sosial problemləri həll yolu kimi deyil, siyasi alət kimi istifadə etməyə çalışırlar. Kilsə də bu prosesdə dini missiyadan kənara çıxaraq faktiki siyasi mövqe sərgiləyir”. Ekspert qeyd etdi ki, ayin ətrafında yaradılan qalmaqal sırf dini qayda məsələsi yox, açıq siyasi demonstrasiya idi: “Erməni Apostol Kilsəsinin kompromissiz mövqeyi cəmiyyətin sakitləşməsinə yox, daha da radikallaşmasına xidmət edir. Kilsənin dili ilə danışan revanşist dairələr isə sülh perspektivlərini şüurlu şəkildə sabotaj edirlər. Onlar 2020-ci il müharibəsinin nəticələri ilə barışmaq istəmirlər. Halbuki regional reallıqlar artıq tam dəyişib. Ermənistan cəmiyyəti revanş yox, sosial təminat, iş yerləri və stabillik gözləyir. Maaş müzakirələrinin gündəmə gəlməsi də məhz bu tələbatdan doğur. Lakin bu sosial gözləntilər revanşist ritorika ilə daim arxa plana atılır. Dövlət borcunun sürətlə artması da bu yanlış siyasi psixologiyanın iqtisadi nəticəsidir. Borcun iki dəfə artması yalnız statistika deyil, gələcək üçün ciddi təhlükədir. Bu borcu nə kilsə ödəyəcək, nə də revanş şüarları. Bu yük sıravi vətəndaşın, dövlət qulluqçusunun və gənc nəsillərin üzərinə düşəcək. Revanşist ideologiya isə bu reallıqları ört-basdır etməyə çalışır. Kilsə bu ideoloji xəttin əsas təbliğ platformalarından birinə çevrilib. Dini institutun siyasi mübarizə alətinə çevrilməsi Ermənistan üçün strateji riskdir. Çünki bu xətt cəmiyyətdə rasional düşüncəni sıxışdırır”. T.İsmayılov qeyd etdi ki, eyni proses 2020-ci il müharibəsi ilə bağlı istintaq ətrafında da müşahidə olunur: “David Tonoyanın sənədlərlə tanış olmaq cəhdlərinə yaradılan süni hüquqi maneələr sistemli müqavimətin göstəricisidir. Burada əsas məqsəd həqiqətin tam üzə çıxmasının qarşısını almaqdır. Çünki həqiqət açıldıqca revanşist mifologiya dağılır. Müharibə mifinin dağılması isə revanşist düşərgənin əsas ideoloji silahını əlindən alır. Məhz buna görə həm kilsə, həm də radikal dairələr keçmişlə bağlı şəffaflığa qarşı çıxırlar. Onlar üçün əsas təhlükə faktlardır. Halbuki Ermənistanın sağlam gələcəyi yalnız faktlar üzərində qurula bilər. Sosial narazılıq, borc yükü və institusional böhran paralel şəkildə dərinləşir. Bu şəraitdə revanş ritorikasının davam etdirilməsi ölkəni daha ağır daxili silkələnmələrə sürükləyə bilər. Cəmiyyət artıq emosional çağırışlardan çox real çıxış yolları axtarır. Kilsə isə bu çağırışı eşitmək əvəzinə təzyiq dili seçir. Təzyiq dili isə heç vaxt uzunmüddətli sabitlik yaratmayıb”. STM təmsilçisi əmindir ki, revanşist dairələrin sülhü xəyanət kimi təqdim etməsi Ermənistanı regional proseslərdən kənarda qoyur: “Bu isə iqtisadi təcrid risklərini daha da artırır. Dövlət borcu artdıqca xarici asılılıq da dərinləşir. Xarici asılılıq dərinləşdikcə daxili qərarvermə zəifləyir. Bu spiralın əsas səbəbkarı məsuliyyətsiz siyasi romantizmdir. Kilsə və revanşistlər bu romantizmi diri saxlayan əsas aktorlardır. Onlar cəmiyyətə gələcək yox, keçmiş vəd edirlər. Keçmişə qayıdış isə nə iqtisadiyyatı dirçəldir, nə də sosial ədaləti təmin edir. Ermənistan üçün yeganə real yol regional reallıqlarla barışmaqdan keçir. Bu yol sülh, iqtisadi inteqrasiya və sosial sabitlik yoludur. Kilsə və revanşist düşərgə isə bu yolun qarşısında ən böyük maneəyə çevrilib. Əgər bu ideoloji blok zəifləməzsə, Ermənistan böhrandan böhrana sürüklənməkdə davam edəcək. Mövcud sosial narazılıqlar, borc yükü və institusional gərginlik bunun artıq anonsudur”. Bu arada, Ermənistan Baş Prokurorluğunun keçmiş “dqr”in İrəvandakı nümayəndəliyinin binasının müsadirəsi ilə bağlı iddiası məhkəmə tərəfindən icraata qəbul edilib. Musavat.com xəbər verir ki, ilk prosesin 2026-cı ilin mayında keçiriləcəyi açıqlanıb. Özünü “qondarma rejimin naziri” adlandıran Njde İskəndəryan “Pastinfo”ya açıqlamasında bunu “təzyiq addımı” kimi şərh edib. Belə demək olarsa, Bakının daha bir “ev tapşırğı” həllini tapır - separatçıların İrəvandakı “ofisi” başğlanır. T.İsmayılov separatçı tör-töküntülərlə bağlı yaranmış durumdan da bəhs etdi: “Ermənistan hakimiyyəti İrəvanda separatçı şəbəkəyə qarşı bu addımı çoxdan atmalı idi. Bu, həm daxili təhlükəsizlik, həm də siyasi məsuliyyət baxımından gecikmiş reaksiyadır. Revanşist-separatçı qruplar illərlə paytaxtın mərkəzində faktiki toxunulmazlıq şəraitində fəaliyyət göstəriblər. Bu da dövlət zəifliyinin açıq göstəricisi idi. İndi "it yuvasının" dağıdılması həmin boşluğun etirafı kimi görünür. Ermənistan hakimiyyəti, nəhayət, anlayır ki, bu radikal strukturlar təkcə region üçün yox, birbaşa öz dövlətçiliyi üçün təhlükədir. Separatçı ideologiya dövlətin daxilindən onu yeyən xərçəng kimidir. Bu gün atılan addım gec olsa da, labüddür. Lakin proses imitasiya xarakteri daşımamalıdır. Əgər bu yalnız görüntü üçün edilirsə, revanşist şəbəkə tezliklə başqa ünvanda yenidən formalaşa bilər. Əsas məsələ ideoloji köklərin kəsilməsidir. Ermənistan uzun müddət bu radikalları siyasi alət kimi istifadə etdi. İndi isə həmin alətin özünə qarşı çevrildiyini görür. Bu əməliyyat əslində Ermənistanın daxili təhlükəsizlik konsepsiyasının iflasından sonra başlanan gec reaksiya mərhələsidir. Amma atılmalı addımdır və nəhayət, baş verir". Geri qayıt |