Əsas Səhifə > Ana xəbər / Güney Press > Zəngəzur dəhlizi ONLAR ÜÇÜN DƏ MÜHÜMDÜR...

Zəngəzur dəhlizi ONLAR ÜÇÜN DƏ MÜHÜMDÜR...


Bu gün, 09:45

Ermənistan Respublikasının Baş Naziri Nikol Paşinyanın ötən gün Qazaxıstana səfəri region üçün olduqca ciddi əhəmiyyət kəsb edən hadisədir.
Bəzi erməni siyasi ekspertləri bu səfəri Qazaxıstanın Azərbaycan və Ermənistanla olan münasibətlərində tarazlıq yaratmaq təşəbbüsü kimi qiymətləndirsələr də, fikrimcə gedən proseslər tamamilə Azərbaycanın maraqlarını özündə ehtiva edir. Nəzərə alsaq ki, 2025-ci ilin yanvar-sentyabr ayları üçün Ermənistanla Qazaxıstan arasındakı mal dövriyyəsi cəmi 59 mln. dollar təşkil edib (Ermənistaın ümumi xarici mal dövriyyəsinin 0,4 faizi), o zaman bu ölkələrin münasibətlərini ən azından iqtisadi göstəricilərə görə strateji dostluq səviyyəsində qiymətləndirmək gülünc olardı. Digər tərəfdən 2016-cı ilin aprel döyüşlərindən sonra Qazaxstanla Ermənistan arasında yaranan soyuq diplomatik münasibətlər fonunda Paşinyanın Qazaxıstanın ən ali mükafatı olan "Qızıl qartal" ordeni ilə təltif olunması hansı xidmətlərin müqabilindədir?
Düşünürəm ki, bu səfərin Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Daşkənd səfərindən sonraya təsadüf etməsi gedən qanunauyğun proseslərin tərkib hissəsidir. Dost və qardaş dövlətlərin Ermənistanla münasibətləri muxtar şəkildə deyil, Azərbaycanın və onun müttəfiqlərinin ümumi və strateji maraqları çərçivəsində inkişaf edir.
Qazaxstanın Ermənistanla münasibətləri daha üst səviyyəyə yüksəltməyi şərtləndirən birinci səbəbi Ermənistanı xarici təsir faktorlarından qorumaq istəyidir. Kiçik, lojistik və enerji resurslarına görə xarici amildən tamamilə asılı olan Ermənistanın maraqlı dövlətlərin təsirindən təkbaşına qorunması mümkün deyil. Belə olan təqdirdə Azərbaycan və Mərkəzi Asiya dövlətləri Ermənistanı nəqliyyat və enerji asılılığından qurtara biləcək dövlətlərdirlər. Qazaxıstanın prezidenti cənab Kasım-Jomart Tokayev öz çıxışı zamanı Azərbaycan tərəfinin tranzitlə bağlı qoyduğu məhdudiyyətlərin götürülməsindən sonra Ermənistanla olan iqtisadi dövriyyənin 70 adda məhsul üzrə 350 mln. dollara qədər artırılması imkanlarının olduğunu diqqətə çatdırmışdır. Nəqliyyat və enerji asılılığından qurtarmaq Ermənistana daha müstəqil siyasət yürütmək imkanı verəcəkdir ki, bu da regionda dayanıqlı sülhü şərtləndirən amillərdəndir.
İkincisi, Zəngəzur dəhlizinin açılması Mərkəzi Asiya dövlətlərinin strateji maraqlarına xidmət edən layihədir. Qazaxıstan prezidenti bu səfər zamanı Zəngəzur dəhlizinin sadəcə Azərbaycanın maraqlarına deyil, eyni zamanda Mərkəzi Asiya dövlətləri də daxil olmaqla Çindən Avropaya qədər bir çox dövlətlərin maraq dairəsində olduğunu Paşinyanın diqqətinə bir daha çatdırdı.
Üçüncüsü, türk dövlətləri ilə münasibətləri yaxşılaşdırmaqla Ermənistanda türk xalqlarının ermənilərə qarşı düşmənçilik siyasətinin mövcud olması barədə ənənəvi ideoloji yanaşma tədricən ortadan qaldırılmış olacaqdır ki, bu da revanşist qüvvələrin sosial bazasını azaltmaqla, Qafqazda dayanıqlı sülhün bərqərar olmasına öz töhfəsini verəcəkdir.
Regionda gedən proseslər birmənalı olaraq Azərbaycanın maraqları çərçivəsində və diktəsi ilə baş verir. Paşinyanın dost və qardaş ölkələrə bu qəbildən olan səfərləri Azərbaycanın maraqlarının təmin olunmasına xidmət edir.
Elçin Ağamalı - "DİA-AZ"

Geri qayıt