Əsas Səhifə > Ana xəbər / Güney Press > Özəl xəstəxanalardakı fantastik analiz qiymətləri

Özəl xəstəxanalardakı fantastik analiz qiymətləri


Bu gün, 06:43

Özəl xəstəxanalarda laboratoriya analizlərinin qiymətləri son illər insanların ən çox narazılıq etdiyi mövzulardan birinə çevrilib. Sosial şəbəkələrdə dolaşan “268 manata qan analizi olar?” sualı əslində təsadüfi deyil. Bu, özəl tibbi xidmətlərdə formalaşan süni bahalığın və şəffaf olmayan qiymət siyasətinin real nəticəsidir.

Özəl xəstəxanaların xidmətlərinin bahalaşmasının əsas səbəbləri arasında kommersiya yanaşması dayanır. Dövlət tərəfindən maliyyələşməyən bu qurumlar bütün xərclərini, avadanlıq, personal maaşı, icarə və digər xərcləri qiymətə daxil edir. Lakin bir çox hallarda xidmətin real dəyəri ilə müştəriyə təqdim olunan yekun məbləğ arasında ciddi uçurum yaranır. Bəzi müəssisələr xidmətlərini “premium” adı ilə təqdim edərək hətta standart analizləri belə lüks xidmət kimi qabardır və buna uyğun olaraq qiymətləri yüksəldir. Məhdud rəqabət şəraiti də vəziyyəti ağırlaşdırır. Müəyyən laborator testlərin yalnız bir neçə klinikada aparılması həmin klinikalara qiymətləri istədikləri kimi müəyyən etmək imkanı verir.

İnsanların daha çox narazılıq yaratdığı məqamlardan biri də odur ki, yüksək qiymətlərlə təklif olunan analiz paketlərinin nəyə görə bu qədər baha olması izah edilmir. Qan sayımı, biokimya paneli, hormon və vitamin testləri kimi adi müayinələr bir paketə yığılıb astronomik rəqəmlərlə təqdim edilir. Halbuki eyni analizləri dövlət xəstəxanalarında və ya müstəqil laboratoriyalarda çox daha münasib qiymətə etmək mümkündür. Bundan əlavə, özəl xəstəxanaların əksəriyyətində qiymətlərin açıq şəkildə paylaşılmaması insanlar üçün əlavə narahatlıq yaradır. Çox vaxt dəqiq qiymət yalnız qeydiyyat prosesindən sonra bəlli olur ki, bu da pasiyent etibarını zəiflədir.

Belə qiymət siyasəti həm insanların sağlamlıq xidmətlərinə əlçatanlığını azaldır, həm də profilaktik müayinələrdən yayınmalarına səbəb olur. Nəticədə xəstəliklər daha gec aşkar edilir, ailə büdcəsinə isə əlavə yük düşür. Sağlamlıq hər kəs üçün əlçatan olması gərəkən bir sahə olduğu halda, laboratoriya qiymətlərinin bu dərəcədə yüksəlməsi cəmiyyətdə ciddi narazılıq yaradaraq suallar doğurur.


Geri qayıt