Əsas Səhifə > Ana xəbər / Güney Press > DÖVLƏT BABA evi plana düşənlərə sahib çıxmırsa...

DÖVLƏT BABA evi plana düşənlərə sahib çıxmırsa...


Bu gün, 06:21

Paytaxtın Yasamal rayonunda, Təzəpir məscidi ətrafında aparılan genişmiqyaslı söküntü işləri yekunlaşdıqdan sonra daha bir ərazidə söküntü işləri aparılacaq.

Layihənin növbəti mərhələsi kimi Mirzə Fətəli Axundov, Mustafa Sübhi və Zərgərpalan küçələrində yerləşən yaşayış evlərinin sökülməsinə start veriləcək. Ərazi üzrə ilkin qiymətləndirmə və texniki hesablama işləri artıq tamamlanıb. Məlumata görə, söküntü planı metronun "Nizami" stansiyası istiqamətində olan tikililəri əhatə edəcək.

Bu, bölgədə illərdir mövcud olan sıxlıq, infrastruktursuzluq və təhlükəsizlik problemlərini aradan qaldırmaq məqsədi daşıyır. Evləri söküləcək sakinlərə kvadratmetr üçün 2 700 manat kompensasiya təklif olunub. Sakinlərlə fərdi danışıqlar aparılıb və köçməyə razılıq verən vətəndaşlarla müqavilələrin bağlanmasına başlanılıb.

Layihənin icrasından sonra həmin ərazidə yeni binaların tikilməsi nəzərdə tutulmayıb. Qeyd edək ki, son illər paytaxtda söküntü işləri aparılan əksər ərazilərdə yeni binalar inşa edilir ki, evi sökülən sakinlərin bir qismi məhz həmin yeni binalarda evlə təmin edilirlər.

Bir sıra hallarda isə sökülən evlərlə bağlı ödənilən məbləğ sakinləri qane etmir. Hazırda "Nizami" metrostansiyası istiqamətində olan tikililərin söküntüsü zamanı sakinlərə təklif edilən kvadratmetr üçün 2700 manat kompensasiyaya Bakıda hansı ərazilərdə ev almaq mümkündür?

Məsələ ilə bağlı Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) sədri, Türk Dövlətləri Qiymətləndiricilər Birlikləri Şurasının (CAATS) prezidenti Vüqar Oruc “Cebheinfo.az”-a bildirib ki, həmin ərazilərdə sözügedən qiymətə mənzillərin alınması mümkün deyil:

“Çünki qarşıya tapşırıq qoyulub və həmin ərazilərdə söküntü gedən binaların bazar dəyəri müəyyən olunub ki, bu da Nazirlər Kabinetinin müvafiq qaydalarına əsasən 2700 manat müəyyənləşib. Əgər tapşırıq başqa cür qoyulsaydı, yəni məhz söküntü ərazisində mənzil əldə etmək üçün qiymətləndirmə nəzərdə tutulsaydı, təbii ki, fərqli nəticələr ortaya çıxa bilər.

İlk növbədə həmin ərazidə binalar tikilirsə, söküntü nəticəsində mülkiyyətindən imtina etmiş şəxslərə məhz həmin binalarda yer verilməlidir. Yox, əgər həmin ərazilərdə bina tikilməyəcəksə, park, abadlıq işləri aparılacaqsa, müəyyən dövlət məqsədilə tədbirlər üçün yerlər müəyyənləşəcəksə o zaman yaxın bir kilometr radiusda olan ərazilərdə mənzil əldə etmək üçün qiymətləndirmə tapşırığı verilməlidir ki, vətəndaş əvvvəl yaşadığı ərazilərdən o qədər də uzaq düşməsin.

Konkret olaraq kvadratmetri 2700 manata isə Bakı şəhərinin kənarlarda mənzil tapmaq mümkündür. Yəni mərkəzdə və mərkəzəyaxın ərazilərdə kvadratmetri 2700 manata olan binalar tapmaq çətindir”.

O deyib ki, adətən Xətai, Nizami rayonu və bu rayonlara yaxın ərazilərdə bir kvadratmetri 2700 manata olan evlər tapmaq mümkündür:

“Nəzərə alsaq ki, sökülən evlərin çoxunun sahəsi o qədər də böyük deyil, ümumilikdə həmin məsafə bir az da uzaqlaşa bilər. Məbləğ olaraq bir kvadratmetrin qiyməti 2700 manatdır, 30-40 kvadratlıq mənzili və yaxud fərdi yaşayış evi sökülən Yasamal sakini həmin məbləğə təbii ki, qeyd etdiyim ərazilərdən də mənzil almaq imkanına malik olmayacaq”.


Geri qayıt