Əsas Səhifə > Ana xəbər / Güney Press > Ermənistan “yaxşı-pis polis” taktikasından istifadə edir

Ermənistan “yaxşı-pis polis” taktikasından istifadə edir


Bu gün, 02:09

Regionda dəyişən geosiyasi şərait Ermənistanı xarici siyasətdə balanslaşdırma xəttinə məcbur edir. Bu səbəbdən rəsmi İrəvanın KTMT ilə bağlı açıqlamalarında ziddiyyətli ton müşahidə olunur. Ermənistan parlamentinin sədri Alen Simonyan “Ermənistan faktiki olaraq KTMT-dən çıxıb” deyə sərt mövqe nümayiş etdirsə də, Xarici işlər nazirinin müavini Mnatsakan Safaryan bunun əksinə olaraq, KTMT-dən çıxma məsələsinin gündəmdə olmadığını bildirib. Bu yanaşmalar Ermənistanın müxtəlif tərəflərə müxtəlif mesajlar vermək cəhdinin göstəricisi kimi qiymətləndirilir.

Politoloq Natiq Miri Sherg.az-a açıqlamasında Ermənistan mediasında yayılan, bir-birini təkzib edən bu fikrlərə münasibət bildirib:

"Belə bir vəziyyət dövlət siyasətində mümkün görünən bir məsələdir. Dövlətin daxili və xarici siyasətində həm sərt, həm də yumşaq mövqe nümayiş etdirən tərəflər olur. Əslində, bu vəziyyətin olması həm də dövlət siyasətinə müəyyən mənada töhvə verir. Bir tərəf daha sərt mövqe nümayiş etdirirsə, bəzən xarici hücumlardan sığortalanmaq üçün dərhal yumşaldıcı tərəflərin açıqlamasına ehtiyac olur. Bu, diplomatik danışıqlarda da belədir. Hər zaman "pis və yaxşı polis" rolunda oynayan siyasətçilər, diplomatlar olur. Ehtiyac olduğu təqdirdə bəzən daha sərt "pis polislər" dövriyəyə girir. Bəzən də müdafiə vəziyyətinə çəkilmək üçün- yəni dövləti müəyyən "təhlükələrdən", "hücumlardan", "təziqlərdən" sığortalamaq üçün "yaxşı polislər" vəziyyəti yumşatmaq xarakterli dövriyəyə girirlər. Ona görə də bu, normal qəbul olunmalıdır".

Ekspert Alen Simonyanın ictimai rəyə oynayaraq daha sərt mövqe nümayiş etdirməklə özünün müəyyən mənada həm populyarlığını, həm də hökumətin mövqeyini ortalığa qoyduğunu söyləyib. Həmçinin bu mövqelərin arxasında əsasən Ermənistanın inteqrasiya etmək istədiyi Qərb dünyasının, xüsusilə də Avropa İttifaqının maraqları nın dayandığını vurğulayıb:

"Bu yolla Ermənistan zaman-zaman Qərb tərəfdaşlarına “biz sizinlə yaxınlaşırıq”, “Rusiyadan uzaqlaşırıq” mesajı verməyə çalışır. Lakin praktiki olaraq ortada nə rəsmi müraciət, nə də üzvlükdən çıxma kimi addımlar müşahidə olunur. Rusiyadan ola biləcək hər hansı bir sərt açıqlama və təziqləri yumşatmaq üçün, hələlik KTMT-dən çıxma məsələsinin Ermənistanda gündəm təşkil etmədiyini bəyan edirlər. Bunu XİN rəsmisi söyləyir ki, daha ciddi qəbul olunsun. Bu cür fikirlərdən biri Qərbi rahatladan fikirdirsə, digəri isə Rusiyanın müəyyən mənada "köpünü alacaq" açıqlamadır. Ona görə paralel olaraq hər iki fikir də mediada səsləndirilib".


Geri qayıt