Əsas Səhifə > Ana xəbər / Güney Press > Təklif ürəkaçandır, amma büdcəyə pul lazımdır
Təklif ürəkaçandır, amma büdcəyə pul lazımdırBu gün, 11:33 |
|
"Azərbaycanda indən sonra yeni iş yeri açan və yaxud da əmək haqqını artıran sahibkarların ödədikləri əmək haqlarına ən azı bir il müddətinə vergilərdən 50 faiz güzəşt tətbiq olunsun". Bunu Milli Məclisin plenar iclasında Vergi Məcəlləsinə dəyişikliklərin müzakirəsi zamanı deputat Tahir Mirkişili deyib. Deputat bildirib ki, sadələşdirilmiş verginin həcminin 200 mindən 400 minə qədər artırılması və bunun nağdsız ödənişlərə bağlanması bir mühüm bir yenilikdir: “Hazırda Azərbaycan dövlət büdcəsi gəlirlərinin hər 100 manatından 44 manatı verginin hesabına, 18 manatı isə gömrük ödənişləri hesabına formalaşır. Gürcüstan dövlət büdcəsində dövlət büdcə gəlirlərinin hər 100 manatının 78 manatı vergi hesabına formalaşır. Türkiyənin dövlət büdcəsində hər daxil olan 100 manatın 86 faizi dövlət vergilərinin hesabına formalaşır. Yəni Azərbaycanda vergi siyasəti kifayət qədər yumşaq, vergi yükü digər ölkələrlə müqayisədə əhəmiyyətli dərəcədə aşağıdır və bu istiqamətdə dövlətin iqtisadi siyasətinin həqiqətən də sosial olduğunu deməyə bir də əsas verir. Amma bu o deməkdir ki, bu istiqamətdə vergi dərəcələrinin deyil, vergi bazasının artması yönündə də müəyyən işlər görmək lazımdır. Biz hər zaman vergi güzəştləri, vergilərin azad olunması ilə bağlı danışmışıq. Hazırda Azərbaycanda dövlət büdcəsindən gəlirlərdən 7,3 milyard manat həcmində azadolmalar mövcuddur. Bunun təxminən 3,5 milyardı gömrükdən azadolmalardır, 3,8 milyardı isə sahibkarlıqdan azadolmalardır. Bu dövlət büdcəsi gəlirləri 20%-ə yaxındır. Belə halda istənilən bir vergidən güzəştlər məqsədli və müddətli olur. Məqsədimiz də aydındır, vergi bazasının artması, daha çox insan və sahibkarların şəffaflaşması ilə bağlıdır. Azərbaycan dövlətinin, xüsusən hökumətin apardığı vergi siyasəti kifayət qədər effektivdir, yumşaqdır və eyni zamanda gəlirlərə və öz ölkənin sosial vəziyyətinə uyğunlaşan bir siyasətdir”. Tahir Mirkişili qeyd edib ki, Azərbaycanda həm də nail olacağımız ən mühüm göstəricilərdən biri məşğulluğun artması və daha çox iş yerlərinin açılması ilə bağlıdır: “Təklif etmək istəyərdim ki, Azərbaycanda indən sonra yeni iş yeri açan və yaxud da əməkhaqqını artıran sahibkarların ödədikləri əməkhaqlarına ən azı bir il müddətinə vergilərdən 50 faiz güzəşt tətbiq olunsun. İkincisi, Azərbaycanda indi universiteti qurtaran, universiteti qurtarıb ilk dəfə əmək bazarına daxil olan insanlara da vergi güzəştləri tətbiq etmək lazımdır ki, bu məşğulluqda daha çox effekt versin”. İqtisadçı Xalid Kərimli Sherg.az-a açıqlamasında vergi güzəştlərinin tətbiqinin istənilən halda iqtisadi baxımdan müsbət tendensiya olduğunu deyib. Onun sözlərinə görə, sahibkarları yeni iş yerləri açmağa və əməkhaqqını artırmağa təşviq edir, eyni zamanda universiteti bitirib ilk dəfə əmək bazarına daxil olan gənclərin məşğulluq imkanlarını genişləndirir: “Bu cür tədbirlər həm işçi qüvvəsinin aktivliyini yüksəldir, həm də daxili tələbi stimullaşdıraraq iqtisadi fəallığı gücləndirir. Lakin bir reallıq da var ki, verilməyən vergilər dövlət büdcəsinin toplanmayan gəlirləridir. Vergi güzəştləri dövlət büdcəsinin gəlirlərinin azalması deməkdir. Dövlət büdcəsi isə bir sıra sahələrdə xərcləri qarşılamalıdır. Buraya ordunun saxlanılması və silah-sursat alışı, pensiya və sosial müavinətlərin ödənilməsi, hüquq-mühafizə orqanları, ədliyyə və məhkəmə sistemlərinin fəaliyyətinin təmin olunması daxildir. Əgər dövlət vergi gəlirlərindən imtina edirsə, bu xərclərin hansı mənbələr hesabına qarşılanacağını nəzərə almaq vacibdir. Mən hesab edirəm ki, büdcə xərclərinin azaldılması üçün dövlətin balacalaşması, yəni xərclərin optimallaşdırılması və səmərəli idarə olunması mümkündür, amma hazırkı şəraitdə belə bir niyyət və ciddi addımlar görünmür. Neft Fondunun gəlirlərinin azalması isə əlavə çətinliklər yaradır, çünki bu vəsaitlər uzun illər ərzində büdcənin maliyyələşdirilməsində vacib rol oynayıb”. İqtisadçı qeyd edib ki, vergi güzəştlərinin iqtisadi stimul kimi faydaları olsa da, bunlar yalnız dövlət maliyyə imkanları daxilində həyata keçirilməlidir. Əgər büdcədə kifayət qədər vəsait yoxdursa, güzəştlər dövlətin maliyyə sabitliyini riskə atmış olar: “Dövlət sahibkarlara və gənclərə vergi güzəştləri edə bilirsə, bu təşəbbüs müsbət qarşılanmalıdır, amma bu addımın reallıqla uyğunluğu və büdcəyə təsiri diqqətlə analiz edilməlidir. Bir daha qeyd edirəm, vergi güzəştləri iqtisadi stimul yaratmaqla yanaşı büdcəyə də potensial yük gətirir. Belə qərarlar həm iqtisadi, həm də maliyyə reallıqlarını nəzərə alaraq balanslı şəkildə qəbul edilməlidir. Bəli, təklif müsbət və ürəkaçandır, reallıqda isə büdcəyə pul lazımdır. Əgər bu şərtlər altında dövlət vergi güzəştləri edə bilirsə, etsin!” . Geri qayıt |