Əsas Səhifə > Ana xəbər / Güney Press > Qəzetlərin dəfninə niyə belə tələsirik ki?..
Qəzetlərin dəfninə niyə belə tələsirik ki?..Bu gün, 07:24 |
qlobal şəbəkədə nasazlıq baş verdi və bütün saytların fəaliyyəti dayandı. Ölkədə maraqlı bir sükut olsa da, sosial şəbəkələrdə jurnalistlər önəmli bir mövzunu gündəmə gətirdi: Bəlkə çap mediası yenidən gündəmə gəlsin? Həqiqətən çox maraqlıdır; bir gün bu qlobal şəbəkədə olan texniki nasazlıq uzunmüddətli davam etsə, hazırda Azərbaycanda çap mediası "qismən" sıradan çıxıb, belə olan halda nə baş verəcək?“Bizimyol.info” xəbər portalının rəhbəri, əməkdar jurnalist Bahəddin Həzi qeyd edib ki, dünən bir neçə saat qlobal sistem üzrə texniki nasazlıq yaranandan sonra saytlara giriş məhdudlaşdı və bu hadisə fonunda qəzetlərin əhəmiyyətinin qabarması haqda müzakirələr oldu: “Bu, Mark Tvenin bir məşhur deyimini xatırladır. Onun öldüyü haqda şaiyələrə yazıçı ironik tərzdə belə şərh vermişdi: "Mənim ölümüm haqda məlumatı çox şişirdiblər". Məncə, saytların müvəqqəti texniki problemlə üzləşməsini də çox şişirtdik, qəzetlərə ehtiyacın artması ehtimalını da. Belə fors-major hallardan heç kim sığortalanmayıb. Bu cür hadisələr qəzet çapında da zaman-zaman özünəməxsus formalarda yaşanıb. Məsələn, hətta ən populyar qəzetlərin də başına gəlib: ya tərtib kompüterinə virus düşüb və qəzetin hazır dizayn versiyası pozulub, ya nəşriyyatda kağız qıtlığı yaranıb, ya da mətbəədə çap maşını xarab olub. Mən hələ redaksiyaların və mətbəələrin yerləşdiyi ərazilərdə işıqların sönməsini, bu və ya başqa redaksiyalarda polis əməliyyatı nəticəsində işlərin axsamasını demirəm. Bunlar zaman-zaman olub. Fövqəladə vəziyyət rejimində rəsmi senzuranın qəzetin növbəti sayını çapa buraxmaması kimi halları da yaşamışıq. Çap olunmuş nömrənin bütün nüsxələrinin müsadirə olunması da baş verib. Siyahını uzatmaq da olar”. Əməkdar jurnalistin fikrincə, qəzetlər ona görə əhəmiyyətli deyil ki, qlobal şəbəkədə texniki nasazlıq olur, saytlar çökür: “Qəzet bu cəmiyyətdə qəzet kimi nə qədər əhəmiyyətlidirsə, elə o qədərdir. Sayt da həmçinin. Bu, "birləşmiş qablar" qanununa tabe deyil. Qəzetin müəyyən özəllikləri saytda yoxdur, saytın da bəzi üstünlükləri qəzetdə yoxdur”. Bahəddin Həzi hesab edir ki, bunları bir-birinə qarşı qoymaq və birinin yaxşı, birinin pis olmasını iddia etmək doğru deyil. “Azərbaycan cəmiyyətinə qəzet ona görə lazım deyil ki, sayt çökür və ya əksinə. Hərəsinin ictimai inkişafda öz yeri, öz rolu var. Sadəcə, nisbət fərqi var. Hər dövrün özünə görə informasiyaya, fikrə, təhlil və düşüncə məhsuluna əlçatanlığının öz üsulu, öz üslubu, öz forması var. Dünən saytlara giriş məhdudlaşanda camaatımız qəzet köşklərinin qarşısında növbəyə durmuşdu?! Xeyr! Odur ki, bu cür spekulyativ iddialar, sadəcə, baş qatmaqdan başqa bir şey deyil. Bəli, daha əvvəl də demişəm: bizə qəzet lazımdır, ancaq lazımsız qəzet yox. Bunun rəqəmsallaşma ilə bağlılığı yoxdur. Kino var deyə, teatrları bağlamaq necə absurddursa, sayt var deyə qəzetləri bağlamaq da o qədər yanlışdır. Sayı azala bilər, dövrilik dəyişə bilər, o başqa bir şeydir. Ona qalsa, elə saytlar var, günlərlə yenilənmir; "kəs-yapışdır" üsulu ilə işləyir. Elektron media subyektlərinin hamısı bütün standartlara cavab verirmi?! Əlbəttə, yox. Qəzetin də yaxşısı-pisi var, saytın da. Birində yaşanan texniki sıxıntılar digərini qiymətə mindirmir, yaxud əksinə”-deyə Bahəddin Həzi bildirib. Geri qayıt |