Əsas Səhifə > Ana xəbər / Güney Press > “Freedom House” yenidən anti-Azərbaycan mövqedə

“Freedom House” yenidən anti-Azərbaycan mövqedə


Bu gün, 09:07

Azərbaycana qarşı həmişə qərəzli mövqe sərgiləyən “Freedom House” növbəti hesabatında da ölkəmizi hədəf alıb. Təşkilatın rəsmi saytı xəbər verir ki, yeni hesabatda iddia edilir ki, “Azərbaycan hökuməti müntəzəm olaraq internet bağlantılarını məhdudlaşdırır və hökuməti tənqid edən media orqanları da daxil olmaqla, veb saytları bloklayır”.

Hətta Rusiyanın bəzi anti-Azərbaycan mövqeli xəbər agentliyinin və saytlarının bloklanması da “Freedom House”un xoşuna getməyib. Ən maraqlısı xaricdəki "söyüş müxalifəti"nin Azərbaycan Baş Prokurorluğuna çağırılmasına reaksiyadır. “Freedom House” bütün prinsiplərinə arxa çevirərək dövlət əleyhinə çağırışlar edənləri “hökuməti tənqid edən şəxslər” adlandırır, bunu “təzyiq kimi qiymətləndirməkdən” belə utanmır.

“Freedom House” “1994-cü ildən de-fakto müstəqillik əldə etmiş etnik erməni anklavı” adlandırdığı işğala haqq qazandırıb, erməni əhalinin könüllü köçüb getməsində yenidən Bakını günahlandırmağa çalışıb.

Hesabatda Türkiyə də hədəfə alınıb. Bildirilir ki, ölkə “rəsmilərinin tələbi ilə çoxsaylı sosial media hesabı bloklanıb və ya fəaliyyəti dayandırılıb”. “Bununla bağlı həbsdə olan prezidentliyə namizəd və yüz minlərlə izləyicisi olan İstanbul bələdiyyə başqanı Əkrəm İmamoğlunun ofisinin hesabına giriş bağlanıb”.

“Freedom House” iddia edib ki, Ermənistanda isə “məhdud veb-sayt bloklanıb”. Ermənistanla bağlı bölümdə də Azərbaycan hədəf alınıb. “Ermənistanın son illər Azərbaycanın hərbi təzyiqindən ciddi şəkildə təsirləndiyi” qeyd edilib.

“Freedom House” öz imicini korlamış, heç bir beynəlxalq standartlara, qayda-qanunlara məhəl qoymayan bir quruma çevrilib. Son hesabat da onu göstərir ki, təşkilat Azərbaycana qarşı qərəzli yanaşmanı davam etdirir. “Freedom House”un qeyri-obyektiv və saxta rəylərə güvənərək qərəzli hesabatlar hazırlaması bu təşkilatın çirkli siyasi oyunlarda iştirakını bir daha təsdiqləyir.

Bu barədə “Yeni Müsavat”a danışan Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri Çingiz Qənizadə bildirdi ki, “Freedom House” birinci dəfə deyil Azərbaycana qarşı qərəzli mövqe ortaya qoyur. Bu təşkilat Azərbaycana qarşı münasibətlərində bəzi dövlətlərin və ermənipərəst qrupların təsiri altında hesabatlar hazırlayır: “Sadəcə, qeyd etmək istəyirəm ki, indiki hesabat qeyri-obyektivliyinə, böhtan dolu fikirlərinə görə özündən əvvəlkiləri kölgədə qoyub. Görünən budur ki, ”Freedom House" artıq neçənci dəfədir bütün qırmızı xətləri keçir və beynəlxalq ictimaiyyət aldadılır. Onların hesabatı insan hüquqlarının, medianın, söz azadlığının qorunmasına yox, sırf Azərbaycana qarşı şər-böhtana həsr edilib. Bu böhtançı təşkilatda erməni mənşəli şəxslərin işlədiyi çoxdan hər kəsə məlumdur. Hesabatlarının qərəzli hazırlanmasında bu amil də rol oynayır. Artıq xeyli vaxtdır Qarabağ məsələsi həll olunub, ATƏT-in Minsk Qrupu ləğv edilib, Ermənistanın özü belə ən yüksək səviyyədə bəyan edib ki, bu məsələ artıq gündəmdən çıxıb və hətta Nikol Paşinyan Qarabağdan könüllü köçmüş ermənilərin bundan sonra geri qayıtmasının mümkün olmadığını bəyan edib. “Freedom House” isə bütün bunlara rəğmən hələ də Qarabağ ermənilərinin guya hüquqlarını qoruyurmuş kimi təxribatçı fikirləri qondarma hesabatına daxil edib. Açıq-aşkar görünür ki, bu təşkilat Qarabağ probleminin həll olunmasını, Azərbaycanla Ermənistan arasında sülhü istəmir, əksinə, yenidən qarşıdurma meydana gəlməsini, yenidən separatizmin baş qaldırmasını istəyir".

Ç.Qənizadə vurğuladı ki, dünya erməniliyi və erməni diasporundan qidalananlar Azərbaycanı hədəfə alıblar: “Çünki onlar Prezident İlham Əliyevin rəhbərlik etdiyi Azərbaycanın qətiyyətinin qarşısında Ermənistanın, dünya erməniliyinin on illərlə apardığı siyasətin çökdüyünü və regionda sülhün yaranmasını həzm edə bilmirlər. Ona görə də ən müxtəlif əsassız bəhanələrlə Azərbaycanı qaralamağa çalışırlar. Prezident İlham Əliyevin anti-Azərbaycan qüvvələrin qarşısında ölkəmizin maraqlarını məharətlə qoruması, milli maraqlarımızdan bir addım da olsun geri addım atmaması revanşist erməniləri, onlara bağlı qüvvələri qəzəbləndirir. "Freedom House"un hesabatındakı bəzi məqamlar da bunu bir daha təsdiq edir. Lakin Azərbaycan dövləti və onun lideri haqq yolundadır, beynəlxalq hüquqa əsaslandığı üçün hansısa qondarma hesabatlar və böhtanların heç bir əhəmiyyəti, təsiri olmayacağı bəllidir. “Freedom House” kimi təşkilatlara Azərbaycan ictimaiyyətində və dünya ictimaiyyətində artıq etimad, inam yoxdur. Çünki artıq onların qərəzli olduğunu və korrupsiyaya, rüşvətə bulaşdıqlarını ictimaiyyət görür. Uzun illər Azərbaycan ərazisi olan Qarabağda insan hüquqlarını ayaqlar altına atmış, dinc insanların kütləvi və amansız qətlini həyata keçirmiş separatçıları müdafiə edən bir təşkilat əslində adının və olan-qalan nüfuzunun da üstündən çoxdan xətt çəkib. Ona görə də onun hazırlayıb yaydığı hesabat bizim üçün mənasız kağız parçasından başqa bir şey deyil".


Geri qayıt