Əsas Səhifə > Ana xəbər / Güney Press > Şagird sayı az olan məktəblər bağlanacaq
Şagird sayı az olan məktəblər bağlanacaqBu gün, 06:52 |
|
Elm və təhsil naziri Emin Əmrullayev açıqlamasında bildirib ki, şagird sayı çox az olan bəzi kənd məktəblərinin fəaliyyəti dayandırılacaq. Həmin məktəblərdə çalışan müəllimlər və təhsil alan şagirdlər isə onlara daha yaxın ərazidə yerləşən digər məktəblərə yönləndiriləcək. Qərarın əsas səbəbi isə həmin məktəblərdə şagird sayının kifayət etməməsidir. Mövzu ilə bağlı Redaktor.az-a fikirlərini bildirən təhsil eksperti Qoşqar Məhərrəmov qeyd etdi ki, ucqar rayonlarda, ucqar kəndlərdə 5-6 nəfərlik şagirdi olan, kontingenti olan məktəblər var: "Bu növ məktəblərin təhsil keyfiyyəti sual altındadır. Niyə? Çünki, məsələn, normalda 20 şagirdə bir müəllim düşməlidir, amma bir şagirdə iki müəllim düşür. Məsələn, 5-6 nəfərlik bir məktəbdir, amma 5-6 nəfərlik bir məktəbdə 10-15 nəfər işləyir. Bu, əlbəttə, rentabellilik baxımından, maliyyə baxımından sərfəli, səmərəli deyil. Biz indi əgər kiçik məktəbləri birləşdirsək, o zaman həqiqətən də daha keyfiyyətli bir təhsil modeli əldə eləyə bilərik. Necə ki, illər əvvəl, məsələn, bəzi kəndlərdə məktəblər var idi ki, ibtidai sinif təhsili verirdi, sonra yuxarı siniflərdə təhsilə davam eləmək istəyənlər daha böyük kəndlərdə məktəbə gedirdi. Bu da yenə ona bənzər bir şəkildə model tətbiq oluna bilər. Şagirdlər yaxın kəndlərdə, məsələn, üç kəndin, beş kəndin bir məktəbi olar və orada daha geniş şagird kontingenti ilə işləmək mümkün olar. Amma burada da yenə nəzərə alınmalı olan bir çox məsələ var. Əsas məsələ şagirdlərin daşınmasıdır. Yəni əgər beş kəndin bir məktəbi olacaqsa, -dünyada belə modellər var, - o zaman daşımalı bir sistem qurmaq lazımdır. Yəni dövlətin, bələdiyyənin, həmin regional inzibati idarəetmə orqanının bir avtobus xidməti olmalıdır ki, şagirdləri, müəllimləri həmin kəndlərdən yığıb, əsas mərkəzi kənddəki məktəbə gətirsin". Müsahibimiz əlavə etdi ki, əgər bu sistem təmin olunsa, məktəblərin bağlanması artıq heç kimin etiraz eləyə biləcəyi bir məsələ olmaz. "Türkiyədə bu model var, “taşımalı sistem” deyirlər və avtobuslarla şagirdlər yaxın kəndlərə daşınır. Burada da yenə müəyyən qədər risklər var, çünki bəzən, deyək ki, avtobus qəzası olur və başqa hadisələr. Yəni burada şagirdlər üçün bu, bir riskdir. Amma yuxarı siniflərdə, xüsusilə də əgər bir nəfər, iki nəfər, üç nəfər təhsil alırsa, məsələn, deyək ki, ibtidai sinifləri daşımaq bir az daha təhlükəlidir, amma həmin böyük sinifləri daşımaq daha mümkün bir variantdır. Aşağı siniflərin isə daşınması bu şəkildə təmin olunur: yəni peşəkar, təlimdən keçmiş sürücü təşkil olunur, dövlət tərəfindən avtobus təşkil olunur. Hətta avtobusda sürücüdən əlavə bir müəllim də təmin olunur ki, həmin avtobusda şagirdlərin təhlükəsiz bir şəraitdə öz evlərindən məktəbə gəlmələrini təmin eləsin", - deyə Qoşqar Məhərrəmov vurğuladı. Geri qayıt |