Əsas Səhifə > Ana xəbər / Güney Press > Sərt cərimələr olmazsa, məsuliyyətsizlik davam edəcək

Sərt cərimələr olmazsa, məsuliyyətsizlik davam edəcək


Bu gün, 06:30

Naxçıvan Muxtar Respublikasında yetkinlik yaşına çatmamış övladına avtomobil sürməyə icazə verən və digər xuliqanlıq hərəkətləri etmiş şəxs məsuliyyətə cəlb olunub. Hadisə bir neçə gün əvvəl Şərur rayonunun Yengicə kəndində qeydə alınıb. Belə ki, polis əməkdaşları kənd məktəbinin qarşısında xidmətdə olarkən 2009-cu il təvəllüdlü yeniyetmənin “Vaz 2107” markalı avtomobil sürdüyünü müşahidə ediblər. Onlar sürücülük hüququ olmayan məktəblini saxlayıblar. Bu zaman yeniyetmə atasına zəng edərək maşının saxlanması barədə məlumat verib.

Bundan bir neçə dəqiqə sonra 16 yaşlı oğlanın atası hadisə yerinə gəlib və oğlunun sürdüyü maşının saxlanmasına sərt etiraz edib, həmçinin digər xuliqanlıq hərəkətləri törədib. Polis əməkdaşları 39 yaşlı şəxsi saxlayaraq şöbəyə dəvət ediblər və onun barəsində İnzibati Xətalar Məcəlləsinə əsasən protokol tərtib edilib. Şərur Rayon Məhkəməsinin qərarı ilə vətəndaşa 6 sutkalıq inzibati həbs verilib.

Naxçıvanda azyaşlıya avtomobil idarəetməyə icazə verilməsi ilə bağlı yaşanan hadisə cəmiyyətdə ciddi narahatlıq doğurub. Ekspertlər bildirirlər ki, bu kimi hallar təkcə inzibati məsuliyyət məsələsi deyil, həm də təhlükəsizlik, mədəniyyət və valideyn davranışı ilə bağlı ciddi problemlərin göstəricisidir.

Sosial-Strateji Tədqiqatlar və Araşdırmalar Mərkəzinin rəhbəri İlqar Hüseynli Sherg.az-a açıqlamasında deyib ki, bu olay təkcə Şərur rayonunda deyil, bir çox bölgələrdə özünü göstərən təhlükəli tendensiyanı üzə çıxarır:

“Yetkinlik yaşına çatmayan şəxslərə sürücülük hüququ verilmir və onların avtomobil idarə etməsi qanunla qəti şəkildə qadağandır. Təəssüf ki, bəzi valideynlər bunu adi bir məsələ kimi görür, hətta bunu “cəsarət”, “kişi olmağın başlanğıcı” kimi təqdim edirlər. Halbuki bu, açıq-aşkar məsuliyyətsizlik və qanun pozuntusudur”.

Ekspertin sözlərinə görə, bu düşüncə tərzi dəyişmədiyi müddətdə oxşar hadisələrin qarşısını almaq mümkün olmayacaq:

“Bəzi valideynlər övladına sükanı həvalə etməklə ona yaxşılıq etdiyini düşünür, amma əslində, uşağı həm hüquqi, həm də həyati riskə atırlar. 14–15 yaşlı bir yeniyetməni sükan arxasına buraxmaq nəinki qanunsuzdur, həm də həyati təhlükə yaradır. Konkret hadisədə, atasının polisə qarşı aqressiv davranması yalnız fərdi bir reaksiya kimi görünməməli, eyni zamanda problemin daha dərin köklərinə işıq tutur. Bu davranış, insanların öz hərəkətlərinə görə məsuliyyət daşımaq anlayışının zəiflədiyini, sosial normalara və qanunlara hörmətin azaldığını açıq şəkildə göstərir. Belə hallarda fərdlər, həm şəxsi, həm də ictimai öhdəliklərini dərk etmədikləri üçün, münaqişələrin həlli prosesində zorakılıq və aqressiya yolunu seçirlər. Bu isə cəmiyyətdə qarşılıqlı etimadın zəifləməsinə və hüquq sisteminə inamın sarsılmasına səbəb olur”.

İ.Hüseynli hesab edir ki, hüquqi mexanizmlər bu barədə daha sərt olmalıdır:

“Yetkinlik yaşına çatmayan birinə sükanı təhvil verən hər bir avtomobil sahibi ciddi cəzalandırılmalıdır. Sürücülük hüququ müəyyən müddətə məhdudlaşdırıla, əlavə olaraq yüksək məbləğdə cərimə tətbiq edilə bilər. Bu gün tətbiq olunan inzibati tədbirlər kifayət etmir. Qaydalar sərtləşdirilməsə, bu məsuliyyətsizliyin qarşısını almaq çətin olacaq. Təcrübə də göstərir ki, cərimələr artırıldıqda insanların davranışında real dəyişiklik müşahidə olunur. Sərt mexanizm olduqda insanlar qanunu pozmaqdan çəkinir. Uşağın əlinə sükan vermək qəhrəmanlıq deyil. Bu, həm öz övladının həyatını təhlükəyə atmaq, həm də yolda olan digər insanların həyatına hörmətsizlikdir. Valideyn olmaq ilk növbədə məsuliyyət daşımaqdır, xuliqanlıq nümayiş etdirmək yox”.


Geri qayıt