Əsas Səhifə > Ana xəbər / Güney Press > 70 kq qızılla tutulan diplomatımız hakim qarşısında

70 kq qızılla tutulan diplomatımız hakim qarşısında


Bu gün, 09:29

Azərbaycan Silahlı Qüvvələrinin ABŞ-dakı hərbi attaşesinin keçmiş baş köməkçisi, bir il öncə İstanbulda 70 kiloqram qızıl külçələrlə saxlanılmış polkovnik-leytenant Qəhrəman Məmmədov noyabrın 17-də Bakıda məhkəmə qarşısına çıxarılıb.

Gununsesi.info bildirir ki, qaçaqmalçılıq, vəzifə səlahiyyətlərindən sui-istifadə kimi əməllərdə ittiham olunan 40 yaşlı Q.Məmmədovun işinə Bakı Hərbi Məhkəməsində baxılır.

Noyabrın 17-də məhkəmənin ilkin iclasında Q.Məmmədovun vəkili onun ev dustaqlığına buraxılması barədə vəsatət qaldırıb.

Vəkil bildirib ki, müvəkkili nüfuzlu şəxsdir, məhkəmədən yayınmaq niyyəti yoxdur. Üstəlik, Azərbaycanda baş verməyən hadisəyə görə həbsdə saxlanılır.

Vəkil bildirib ki, müvəkkili nüfuzlu şəxsdir, məhkəmədən yayınmaq niyyəti yoxdur. Üstəlik, Azərbaycanda baş verməyən hadisəyə görə həbsdə saxlanılır.

Lakin məhkəmə vəsatəti təmin etməyib.

Noyabrın 28-də keçiriləcək növbəti məhkəmə iclasında prokuror ittiham aktını elan edəcək, dindirmələr başlayacaq.

Q.Məmmədovun işi üzrə istintaq Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) aparılıb. Özü də bu qurumun istintaq təcridxanasında saxlanılır.

DTX-nın yaydığı məlumatda bildirilir ki, diplomatik statusa malik vəzifə tutan Q.Məmmədov başqalarıyla öncədən razılaşaraq ötən il noyabrın 22-də ABŞ-dan Türkiyəyə gəlib. İttihama əsasən, o, həmin gün Anar Qasımov adlı şəxsin Birləşmiş Ərəb Əmirliklərindən gətirib İstanbul hava limanında saxlanc yerinə qoyduğu, içində qızıl külçələr olan çantanı götürüb:

“Qəhrəman Məmmədov diplomatik pasportdan və vəzifə səlahiyyətlərindən qulluq mənafeyinin ziddinə istifadə etməklə, hava limanında qızıl külçələri gömrük sərhədindən bəyan etmədən keçirib. Daha sonra qızıl külçələri Anar Qasımova təhvil vermək üçün taksi ilə İstanbul şəhərindəki hotellərdən biri istiqamətində hərəkət edərkən Türkiyə hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən saxlanılıb. Onun daşıdığı çantaya keçirilmiş baxış zamanı içərisində 10 milyon 220 min 900 manat dəyərində olan 70 kiloqram çəkidə qızıl külçələr aşkar edilərək götürülüb”.

Anar Qasımov da Türkiyədə saxlanılaraq, cinayət məsuliyyətinə cəlb olunub.

Məlumatda həmçinin bildirilir ki, hava limanında sözügedən saxlanc yerində içində 14 kiloqram qızıl külçələrin olduğu, gömrük sərhədindən keçməmiş daha bir çanta aşkarlanıb.


Geri qayıt