Əsas Səhifə > Ana xəbər / Güney Press > İrəvan mücərrəd “sülh kəsişməsi” layihəsini yenidən ortaya atdı
İrəvan mücərrəd “sülh kəsişməsi” layihəsini yenidən ortaya atdıBu gün, 10:13 |
|
Azərbaycan Prezidenti İlham Əliyev “Beynəlxalq nəqliyyat xətlərinin təhlükəsizliyinin təmin olunmasında xüsusi xidmət orqanlarının rolu” mövzusunda Xankəndidə keçirilən beynəlxalq konfransın iştirakçılarına müraciətində bildirib ki, tədbirin ölkələrimiz və bütövlükdə region üçün strateji əhəmiyyət daşıyan beynəlxalq nəqliyyat xətlərinin təhlükəsizliyinin təmin olunması mövzusuna həsr olunması təsadüfi deyil. Dövlət başçısı qeyd edib ki, son zamanlar dünyanın müxtəlif bölgələrində müşahidə olunan qarşıdurmalar beynəlxalq və regional təhlükəsizliyi ciddi şəkildə təhdid edən müxtəlif çağırışların artmasına səbəb olur: “Bu mənada ölkələrimizin ərazisindən keçən, Avropa ilə Asiyanı birləşdirən geniş nəqliyyat şəbəkəsinin mühafizə olunması üçün xüsusi xidmət və təhlükəsizlik orqanları arasında əməkdaşlıq əlaqələrinin möhkəmləndirilməsi böyük önəm daşıyır”. Prezident daha sonra Azərbaycandan keçən və dövlətimizin liderliyi ilə reallaşdırılan dəhlizlərdən bəhs edib. Sitat: “Bu gün bizim ölkələr Şərq-Qərb və Şimal-Cənub dəhlizlərinin inkişaf etdirilməsində aparıcı rola malikdirlər. Azərbaycan müasir dəmir və avtomobil yolları, eləcə də hava və dəniz limanları infrastrukturuna böyük sərmayələr yatırır. Biz bu nəqliyyat və kommunikasiya xətlərini təkcə iqtisadi rifah mənbəyi kimi deyil, eyni zamanda Türk dövlətlərinin siyasi, mədəni, təhlükəsizlik və müdafiə sahələrində daha sıx inteqrasiyası üçün vacib təməl kimi görürük. Zəngəzur dəhlizinin açılması ölkələrimiz arasında birbaşa və maneəsiz əlaqələrin qurulmasında mühüm rol oynayacaqdır. Bu layihənin reallaşması nəticəsində yükdaşıma həcminin çoxalması regionun rəqabət qabiliyyətini əhəmiyyətli dərəcədə artıracaqdır”. Dövlət başçısının bu fikirləri onun Zəngəzur dəhlizinə nə dərəcədə böyük önəm verdiyini bir daha nümayiş etdirir. Xatırladaq ki, Prezident Qazaxıstan səfəri zamanı Zəngəzur dəhlizinin Azərbaycan hissəsində işlərin 2026-cı ilin ortalarınadək başa çatacağını bildirmişdi. Eyni zamanda digər ölkələri də 2028-ci ilin sonunadək dəhlizdəki işləri yekunlaşdırmağa çağırmışdı. Ermənistanın baş naziri Nikol Paşinyan isə bəyan edib ki, İrəvan ABŞ-la məşhur “Tramp marşrutu”nun uzunmüddətli icarəyə verilməsi ilə bağlı iki variantı - 49 illik və 99 illik müddətləri - müzakirə edir. Musavat.com-un məlumatına görə, Paşinyan bildirib ki, icarə müddətləri birbaşa olaraq ABŞ investorlarının yatırımlarına və onların geri dönüş ehtiyacına bağlıdır: “Müddətlər investisiyaların həcmi və onların geri qaytarılması ilə əlaqəlidir. İnvestor əmin olmalıdır ki, qoyduğu vəsait ona geri qayıdacaq və müəyyən mənfəət əldə edəcək”. Müzakirələrin detalları açıqlanmasa da, bu məsələ Ermənistan-ABŞ əməkdaşlığında yeni strateji mərhələ kimi qiymətləndirilir. Paşinyan həmçinin bildirib ki, ölkəsi artıq Türkiyədən Azərbaycana və əks istiqamətdə yük maşınlarının tranzit keçidini təmin etməyə tam hazırdır. O, “Dünyanın kəsişmə nöqtəsi: regional kommunikasiyaların inkişafı” adlı konfransdakı çıxışında bildirib: “Ermənistan bu gün artıq Türkiyədən Marqara və Kornidzor vasitəsilə Azərbaycana, eləcə də geriyə tranziti təmin edə bilər. Biz bunu təklif edirik, çünki artıq tam hazırıq”. Baş nazir həmçinin vurğulayıb ki, TRIPP layihəsi çərçivəsində birgə erməni-amerikan şirkəti yaradılacaq və bu qurumda strateji məsələlər üzrə həlledici söz Ermənistana məxsus olacaq. Ermənistanın baş naziri İrəvanda keçirilən konfransda çıxışı zamanı Ermənistan və Azərbaycan liderlərinin Kopenhagendə apardığı danışıqlara dair yeni təfərrüatları da açıqlayıb. Onun sözlərinə görə, dövlət başçıları “Tramp marşrutu” üzrə elektrik ötürmə xətlərinin və qaz kəmərinin tikintisini prioritet mövzular kimi müzakirə ediblər. Paşinyan bildirib ki, danışıqlar zamanı hər iki tərəf ilkin olaraq ən sürətli və real nəticə verə biləcək infrastruktur komponentlərini qiymətləndirib. O deyib: “Gizlətmirəm, prezident İlham Əliyevlə Kopenhagendə bu məsələni müzakirə etdik və ilkin olaraq belə nəticəyə gəldik ki, ən tez həyata keçirilə bilən layihə elektrik xətti və qaz kəmərinin tikintisidir”. Ermənistan hökumət başçısı ümid etdiyini bildirib ki, növbəti müzakirələrdə bu mövzu daha da konkretləşəcək və praktiki mərhələyə keçəcək. Paşinyan həmçinin vurğulayıb ki, layihənin reallaşmasına mane ola biləcək heç bir siyasi və ya texniki əngəl görmür. Ermənistanın iş görməkdənsə, daha çox Zəngəzur dəhlizinin 43 km-lik hissəsinin tikintisini ləngitməsini, müxtəlif bəhanələrlə zaman qazanmağa çalışmasını müşahidə etməkdəyik. Vaşinqtondakı razılaşmalardan sonra vaxt itirmədən işlərə başlanılması barədə çağırış olmuşdu. Amma Paşinyan yenidən mücərrəd “sülh kəsişməsi” layihəsinə qayıtmaqla “toyda dava salmağa” çalışır. Faktiki olaraq onun təklifi proseslərin irəli aparılmasına əngəl sayıla bilər. Fakt budur ki, Paşinyan Zəngəzur dəhlizi ilə bağlı “bir addım irəli, iki addım geri” siyasətini yürütməkdədir. Bu isə Ermənistan rəhbərliyinin çox riskli oyunlara baş vurduğunu deməyə əsas verir. Deputat Sahib Alıyev “Yeni Müsavat”a açıqlamasında bildirdi ki, Nikol Paşinyanın bu açıqlamasında yeni heç nə yoxdur: “Əvvəl, daha dəqiqi 2023-cü ilin yazında ”hay qovşağı" adlandırdığı, həmin ilin payızında Tiflisdə keçirilən beynəlxlaq konfransda “adını dəyişib ”sülh qovşağı" etdiyi xəyali lahiyə haqda o, 2021-ci ildəki seçki kampaniyasından üzü bu yana danışır. Xatırladım ki, həmən kampaniyada Paşinyanın iki əsas şüarı vardı, o, insan haqları məsələsini qabardaraq Qarabağı “xilas olmaq üçün ayrılmaq” adı altından guya Azərbaycandan qoparacaqlarını və bir də Ermənistanı Zəngəzur dəhlizini açmadan belə nəqliyyat qovşağına çevirəcəyini vəd edirdi. Təkcə bizim iki böyük qonşumuzun deyil, Qərbin də hərtərəfli dəstəklədiyi birinici vədi ilə bağlı nə baş verdiyini biz gördük. Son zamanlar xəyal yox, real Ermənistandan danışmağa üstünlük verən Paşinyanın ikinci vədi də əslində bayaq qeyd etdiyim kimi, xəyaldır". S.Alıyev qeyd etdi ki, Zəngəzur dəhlizi açılmayınca Ermənistan nəqliyyat qovşağına çevrilməyəcək: “Azərbaycandan Türkiyəyə və əksinə daşınmalar Zəngəzur dəhlizindən keçməklə baş verməlidir. Ermənistan baş naziri Bakıdakı hərbi paraddan qayıdarkən Türkiyə Prezdienti cənab Ərdoğanın verdiyi açıqlamalara bir də diqqət yetirsin. İki qardaş ölkə əvvəl bu məsələdə necə sixron hərəkət edirdilərsə, yenə də eyni siyasət yeridilir. Bir də əgər Türkiyə Azərbaycandan daşınmaların Ermənistan üzərindən keçməklə reallaşdırılmasını dəstəkləsə idi, onda yayda 2,8 milyard dollara başa gələcək Qars-Dilucu dəmir yolu xəttinin təməli qoyulmazdı. Yeri gəlmişkən, onun tikintisinin 2029-cu ildə tamamlanması planlaşdırılır ki, bu da təqribən Zəngəzur dəhlizi ilə eyni vaxtda olmalıdır. Xatırladım ki, cənab Prezident də bu yaxınlarda Qazaxıstanda səfərdə olarkən Zəngəzur dəhlizinin 2028-ci ilin sonuna istifadəyə verilməsinin planlaşdırıldığını demişdi. Amma Ermənistan istəsə idi, dövlət başçımızın Səudiyyə Ərəbistanının ”Əl-Ərəbiyyə" telekanalına bildirdiyi kimi, Azərbaycan onun tikintisini bir il ərzində tamamlaya bilərdi. Və gələn ilin sonlarından həmən marşrutla daşınmalar da real idi. Ancaq qarşı tərəf başqa xəyallar qurdu və belə görünür ki, qurmaqda da davam edir. Azərbaycanla səfehcəsinə davranışın özlərini gülünc vəziyyətə salmaqdan başqa onlara nəsə bəxş etməyəcəyini bilə-bilə yenə də oxşar hərəkətlərə yol verirlər". S.Alıyev digər mühüm bir məqama da diqqət çəkdi: “Yeri gəlmişkən, sözügedən tədbirdə Paşinyanın Zəngəzurda növbədənkənar delimitasiya və demarkasiyadan bəhs etməsi məndə müəyyən suallar yaradır. O yerdə ki dəmir yolu inşa ediləcək, həmən yerə Azərbaycanın maneəsiz keçiddən başqa hər hansı iddiasının olmadığı ortadaykən və üstəlik, oranın ABŞ-yə icarəyə verilməsi haqda razılaşma olduğu halda, nədən rəsmi İrəvan əvvəlki plandan kənara çıxaraq indi də Zəngəzurda delimitasiyaya başlamaq təşəbbüsü irəli sürür?” Millət vəkili xəbərdarlığını da etdi: “Əgər burada Azərbaycana təzyiq elementi varsa, bu, Ermənistana yaxşı heç nə vəd etmir. Necə adlanmasından və Ermənistanın nə düşünməsindən asılı olmayaraq, Zəngəzur dəhlizi açılacaq və Azərbaycanın şərti, yəni bizim üçün maneəsiz keçid təmin edilməklə açılacaq. İnanmaq istərdim ki, Ermənistan hakimiyyəti bu reallığı dərk edir və ”Beynəlxalq nəqliyyat xətlərinin təhlükəsizliyinin təmin olunmasında xüsusi xidmət orqanlarının rolu" mövzusunda bu gün Xankəndidə keçirilən konfransa kimlərin qatıldıqlarını, niyə qatıldıqlarını görür və onun nə demək olduğunun fərqindədir". Geri qayıt |