Əsas Səhifə > Ana xəbər / Güney Press > İcra hakimiyyətləri mehdiyevçilərdən “təmizlənir”

İcra hakimiyyətləri mehdiyevçilərdən “təmizlənir”


Bu gün, 08:46

Prezident İlham Əliyev noyabrın 12-də icra başçısı vəzifələrinə yeni təyin olunanları qəbul edərkən olduqca mühüm bir ifadə işlətdi. Dövlət başçısı bildirdi ki, bundan sonra onlara heç bir qanunsuz göstəriş verilməyəcək.

Sitat: “Sağlamlaşdırma və təmizləmə siyasəti nəticəsində artıq əminəm ki, sizə heç kim qanunsuz tapşırıq verməyəcək. Əgər kimsə bu tapşırığı verərsə, onda dərhal mənə məlumat verin və o adamlar haqqında ciddi ölçülər götürüləcək”.

Prezidentin sözlərindən aydın olur ki, illərlə yerli icra orqanlarının rəhbərlərinə mərkəzdən yüksək ranqlı məmurların qanunsuz əmrləri olub. Bu da birmənalı şəkildə keçmiş PA rəhbəri Ramiz Mehdiyev dönəminə diqqəti cəlb edir. Çünki onun PA rəhbəri olduğu dövrdə əksər icra başçıları Mehdiyevə biət edirdi. Dövlət başçısı “sağlamlaşdırma və təmizləmə siyasəti nəticəsində” deməklə yerli idarəetmə qurumlarının mehdiyevçilərdən təmizləndiyinə işarə vurub. Çünki əksəriyyətinin Mehdiyevə bağlı olduğu deyilən icra başçılarından 10-u həbs olunub, bir çoxu istefaya göndərilib.

Ümumiyyətlə, son illərdə aparılan struktur islahatları da məmur korpusunun səmərəliliyini artırmağa yönəlib. 2018-ci ildən etibarən bir sıra dövlət orqanlarında birləşmələr və optimallaşdırmalar həyata keçirildi. Prezident Administrasiyası, nazirliklər, agentliklər və xidmətlər yeni idarəetmə modelinə keçdi. Bu dəyişikliklərin əsas məqsədi təkrarlanan funksiyaları aradan qaldırmaq, qərar qəbulunu sürətləndirmək və məmur aparatını çevik idarəetmə sisteminə çevirmək idi. Digər tərəfdən, dövlət qulluqçularının peşəkar hazırlığının artırılması da islahatların mühüm tərkib hissəsidir.

Bundan sonra yeni dəyişikliklər, Prezidentin də dediyi kimi, onlara qanunsuz tapşırıq verilməyəcəyinə əminlik İH-lərdə müsbət nəticələrə səbəb olacaqmı?

AĞ Partiya başqanı Tural Abbaslı “Yeni Müsavat”a ümidsiz danışdı: “Mərkəzdən qanunsuz tapşırıqların gəlməsinə gəlincə, bu çıxışdan məlum olur ki, bu günə qədər bu işləri görənlər olub. Yəni mərkəzdən icra başçılarına qanunsuz tapşırıq veriblər, özlərinin maraqlarını təmin etmək üçün icra başçılarını da prosesə cəlb ediblər. İcra başçıları da həm bu tapşırıqları icra ediblər, həm də öz maraqlarını təmin etmiş olublar. Amma həm mərkəzi, həm də yerli icra orqanlarında uzun illərdir bu strukturlarda işləyən, keçmişdən indiyə qədər tənqid olunan insanlar hələ də vəzifədədirlər. Yəni tam demək olmaz ki, ölkə onlardan təmizlənib, belə bir şeylər yoxdur və.s.

Bir sözlə, məncə, tam təmizlənmə hələ getməyib. Bu da baş vermədikcə, bunun fəsadlarını biz hələ bundan sonra da yaşayacağıq. Burada icra başçılarının şəxsi keyfiyyətləri də önə çəkilir. Çünki onlara göstəriş verilmədən belə onlar öz maraqlarını təmin edə bilərlər. Yəni bizneslərini qurarlar, yaxud yerli məmurlarla işbirliyinə keçib ən müxtəlif maraqlarını təmin edə bilərlər. Prezidentin buna bənzər çıxışları indiyə qədər bir neçə dəfə olub. Amma təəssüflə qeyd etməliyik ki, məmurların bundan sonra da korrupsiya hallarının şahidi olmuşuq".

T.Abbaslı hesab edir ki, bu cür halların, yəni məmurların özbaşınalıqlarının qarşısının alınmasının, onların korrupsiya hallarına yol verməmələrinin yollarından biri müxalifətin dövlət idarəçiliyində təmsilçiliyidir: “Müxalifətin təftiş hüququ təmin olunmalıdır. Amma təəssüflər olsun ki, hələ də müxalifətin belə resursları yoxdur. Onun üçün də iqtidar nümayəndələri istədiklərini edə bilirlər. Yoxlayan da, təftiş edən də, korrupsiyaya uğrayan da özləridir. Ona görə də, ara-sıra ayılırıq ki, kimlərsə həbs olundu, kreslolarından birbaşa həbsxanaya aparıldılar. O zaman da sual olunur. Axı bu insanlar cinayətlərini bir günə etməyiblər, aylarla, illərlə bu hallara yol veriblər, nə üçün ifşa olunmayıblar? Ona görə ki, o strukturlarda müxalifət yoxdur. Nəticədə də ifşa etmə halları olmur və korrupsionerlər də iş başında rahat olurlar. Açığı belə dəyişikliklərlə müsbət nələrinsə əldə olunacağına inanmıram”.

AMİP liderinin köməkçisi, politoloq Əli Orucov isə bu istiqamətdə araşdırma aparıb. Onun açıqladığı statistika kifayət qədər diqqətçəkəndir: “Ümumiyyətlə, rayon icra hakimiyyətlərinin köhnəlmiş və effektisiz bir qurum kimi ləğvinin tərəfdarıyam. Bunun əvəzində 14 iqtisadi rayon üzrə prezidentin xüsusi nümayəndəliyi institutunun yaradılmasını, həmçinin yerli idarəetmə bütünlükdə bələdiyyələrə verilməsini məqsədə müvafiq sayıram. Təcrübə göstərir ki, icra başçıları tutduqları vəzifələrindən özəl maraqlarını təmin etmək və qanunsuz varlanmaq üçün istifadə edirlər. İndiyədək 10-dan çox icra başçısının tutularaq məhkəmə qarşısında korrupsiya və rüşvət ittihamı ilə cəzalandırılmasından, şiddətli töhmət almasından tam nəticə çıxarılmayırsa, deməli cəza mexanizmlərlə, inzibati tədbirlərə bu qurumda ənənəvi və kütləvi hal alan neqativlərin aradan qaldırılması mümkün deyil. Mən yerləri dəyişdirilən icra başçılarının rəhbərlikdə olduqları rayonların son iki ilinin göstəricilərinin təhlilini apardım. Məlum oldu ki, həmin göstəricilər heç də ürəkaçan deyil. Xüsusən də, Kürdəmirdən paytaxtın Nəsimi rayonu kimi qaynar rayonuna transfer olunan Elxan İbrahimovun dövrünü əhatə edən son 2024-cü illə 2023-cü ilin müqayisəsində bütün sahələrdə geriləmələr var. Statistika qurumunun rəsmi məlumatlarına isinadən deyirəm. Gənc kadrların vəzifələrə çəkilməsi, dövlət idarəetməsində fəal rol alması müsbət tendensiyadır. Ancaq burda istedada, bilik və bacarığa, təcrübəyə üstünlük verilməlidir”.

Onun fikrincə, rayon icra hakimiyyətlərinə başçı vəzifələrinə təyinata təqdimat verilərkən şəxsin təkcə özəl dosyesi deyil, onun göstəriciləri, təşkilatçılığı, idarəetmə qabiliyyətini nəzərə almaq lazımdır: “Rayonların spesifik xüsusiyyətləri, ehtiyacları, problemləri, ənənələri və s. kimi hallar da diqqətdənkənar qalmamalıdır. Təyinatı verilən icra başçılarını, eləcə də digər mühüm posta etimad göstərilən şəxsləri prezident tanımaya bilər. Ancaq ona bu təqdimatı verən hər kim olursa olsun, onun özü də neqativ hallar yaranacağı təqdirdə birbaşa məsuliyyət daşımalıdır. Bu həm də ona görə lazımdır ki, traybalizm, nepotizm, şəxsi münasibətlər və s. kimi durumlar təkrarlanmasın. Yerləri dəyişdirilən icra başçılarını qəbul edən cənab Prezidentin çıxışından bir daha məlum oldu ki, yerlərdəki mövcud reallıqlar haqqında kifayət qədər məlumatlıdır və ”sağlamlaşdırma və təmizləmə siyasəti davam etdiriləcək, yerli icra orqanlarının rəhbərlərinə mərkəzdən yüksək ranqlı məmurların qanunsuz təsirlərinin qarşısının alınması üçün bundan sonra da qətiyyətli addımlar atılacaq. Bunlar çox vacibdir. Çünki illərlə Mehdiyev və mehdiyevçilərin təsiri altında olan icra başçılarına təşəbbüskarlığa, novatorluğa və sərbəstliyinə də icazə verilmirdi. Başçılar bir çox hallarda aparatdan verilən qanunsuz tapşırıqları icra və səlahiyyətlərinə aid olub-olmayan işlərə müdaxilə etmək məcburiyyətində qalırdılar. Doğrudur, illərlə kök salan köhnə stereotipləri dağıtmaq, fundamental islahatlar aparmaq elə də asan deyil. Bunun daxili və xarici təsirləri titrəyişlər yarada bilər. Bir daha aydın olduğu kimi seçki sisteminin və seçkili qurumların rolunun yüksək olmadığı, xalqın iradəsi və seçimi üstün tutulmadığı halların fəsadlarını aradan qaldırmağa uzun zaman lazım gəlir. Hesab edirəm ki, idarəçiliyi, dövlətin yöntəmini şəxslərə bağlamaq, onun insafına, tərzinə buraxmaq yox, xalqın, vətəndaşların seçiminə və nəzarətinə vermək ən uyğun modeldir. Belə idarəçilik modelində heç kəs heç kəsə qanunsuz göstərişlər verə bilmir və belə bir göstərişlər də icra olunmur. Əksinə anındaca cəzalandırılır".


Geri qayıt