Əsas Səhifə > Ana xəbər / Güney Press > Ermənistan hökuməti bu məsələdə cəmiyyətdən təzyiqlərlə üzləşir

Ermənistan hökuməti bu məsələdə cəmiyyətdən təzyiqlərlə üzləşir


Bu gün, 09:10

Ermənistan və Azərbaycan arasında yerləşən anklavlarla bağlı hələlik heç bir qərar qəbul edilməyib. Bu barədə parlamentdə jurnalistlərə açıqlama verən Ermənistanın Baş naziri Nikol Paşinyan bildirib. Baş nazir deyib ki, Ermənistanın heç bir nümayəndəsi, istər baş nazir, istərsə də başqa bir şəxs, ölkənin suveren ərazisindən imtina edə bilməz. Yəni Ermənistanın ərazi bütövlüyünün bərpası gündəmdən çıxarıla bilməz. Onun sözlərinə görə, bu məsələlərin həlli delimitasiya çərçivəsində baş verməlidir:

"Bu proses zamanı hər iki ölkənin ərazi bütövlüyünün sərhədləri Almatı Bəyannaməsi əsasında yenidən təsdiqlənməlidir. Paşinyanın sözlərinə görə, bundan sonra mümkün bütün variantlar və kombinasiyalar müzakirə oluna bilər. Hazırda çoxları müzakirə edir ki, "Artsvaşen" (Başkənd -red) məsələsində başqa ssenarilərə üstünlük vermək daha məqsədəuyğundur və s. Amma bu, Ermənistan xalqının iradəsi olmadan mümkün deyil. Əgər söhbət ərazilərin mübadiləsindən gedirsə, bunu xalqın iştirakı olmadan etmək olmaz – bu, hüquqşünasların da mövqeyidir. Hətta birbaşa referendum keçirilməsə belə..". Paşinyan qeyd ki, hazırda heç bir ssenari razılaşdırılmayıb. O xatırladıb ki, delimitasiya prosesi zamanı tərəflər sovet dövründə mövcud olmuş anklavlarla bağlı hüquqi əsaslarını təqdim etməlidirlər: "Bu əsaslarla bağlı hələlik heç bir müzakirə və ya araşdırma aparılmayıb". Ermənistanın Baş naziri Nikol Paşinyan 8 noyabrda öz “Telegram” kanalında bildirib ki, Azərbaycanla sərhədlərin delimitasiyası zamanı Ermənistan hazırda Bakının nəzarətində olan suveren ərazilərini geri almalıdır. O, daha əvvəl də vurğulamışdı ki, "Artsvaşen"in taleyi həll edilmədikcə anklavlar məsələsi gündəmdən çıxarıla bilməz.

Millət vəkili Tural Gəncəliyev Sherg.az açıqlamasında bildirib ki, Paşinyan və onun komanda üzvləri hər dəfə "parlament saatı" çərçivəsində populist çıxışlar səsləndirirlər. Deputatın sözlərinə görə, Paşinyan hökumətinin budəfəki manipulyasiyası sərhədlərin delimitasiya və demarkasiyası üzərindəndir:

"İndiki məqamda anklavlar məsələsinin ortaya atılması "TRİİP" layihəsi ətrafında işlərin təqvimə uyğun, yəni qrafikdə nəzərdə tutulduğu kimi getməməsindən, İrəvanın öz öhdəliklərini layihəyə uyğun reallaşdıra bilməməsindən qaynaqlanır. Delimitasiya və demarkasiya prosesi Zəngəzur dəhlizi ətrafında tamamilə başa çatmalıdır ki, oradan keçən marşrut funksional olsun. Vaxtı ilə Ermənistana qanunsuz şəkildə keçmiş və hazırda qaytarılması gözlənilən ərazilər mövcuddur. Bu da delimitasiya komissiyasının işi çərçivəsində müəyyən olunacaq. Anklavların qarşılıqlı qaytarılması məsələsi ortaya çıxacaqsa, ilk növbədə tarixi-hüquqi aspektdən yanaşsaq, Azərbaycan əraziləri qaytarılmalıdır. Paşinyanın populist siyasətçi olduğunu nəzərə alsaq, baş nazir bu məsələnin "Ermənistanın milli maraqları çərçivəsində həllini tapacağı" mesajını cəmiyyətə ötürür. ABŞ Prezidenti D.Trampın oğlunun Ermənistana səfəri gözlənilirdi. Ancaq o, səfəri ləğv edib. Görünür, səfərin ləğv olunması ABŞ-nin "Tramp yolu"nda işlərin gözlənildiyi kimi irəliləməsi ilə bağlıdır".

Parlamentarinin fikrincə, Ermənistan hökuməti Zəngəzur dəhlizi ətrafında delimitasiya və demarkasiya prosesinə əlavə məsələləri qataraq, gedişatı qəlizləşdirməyə, mürəkkəbləşdirməyə çalışır: "Paşinyan iddia edir ki, guya sözügedən bölgədə anklavlar var və ərazi mübadiləsi mütləqdir. Doğrudur, 2025-ci ilin yanvar ayında baş nazirin müavini Şahin Mustafayevlə erməni həmkarı Mqer Qriqoryan arasında razılaşdırılmışdı ki, delimitasiya və demarkasiya prosesi Azərbaycan-Ermənistan sərhədlərinin şimalından cənuba doğru həyata keçirilsin. Ancaq 8 avqustda Zəngəzur dəhlizi ilə bağlı Vaşinqtonda birgə bəyannamə imzalandı. Ona görə də dəhliz keçən bölgədə sərhədlərin delimitasiyası prioritet olub. Belə görünür ki, Paşinyan hökuməti bu məsələdə cəmiyyətdən təzyiqlərlə üzləşir. O səbəbdən əlavə məsələləri gündəmə daşıyır. Lakin istənilən halda İrəvan hökuməti məsələni yubatmadan Azərbaycanla birlikdə marşrutun keçdiyi ərazilərin delimitasiyasını, daha sonra isə demarkasiyasını həyata keçirməlidir".


Geri qayıt