Əsas Səhifə > Ana xəbər / Güney Press > İcra başçıları üçün çətin sınaq

İcra başçıları üçün çətin sınaq


Bu gün, 09:03

Prezident İlham Əliyev noyabrın 12-də Naxçıvan Muxtar Respublikasına təyin edilmiş yeni səlahiyyətli nümayəndəni və yeni icra başçılarını vəzifələrinə təyin olunmaları ilə əlaqədar qəbul edib. Prezident üçün bu cür görüşlər yenilik deyil, amma dövlət başçısının yenidən bu praktikaya qayıdaraq təyinat alan kadrlara şəxsən tapşırıq verməsi və digər məmurlara xəbərdarlıq etməsi diqqət çəkir.

Prezidentin çıxışında üç əsas xətt var. Birinci xətt məmurların məsuliyyətidir. Dövlət başçısı deyib ki, rəhbər vəzifədə çalışan hər bir şəxs, hər bir məmur təvazökar olmalıdır: “Həyatda, məişətdə özü, onun yaxın qohumları özlərini elə aparmalıdırlar ki, bizim ümumi işimizə heç bir irad tutulmasın. Əfsus ki, bəzi hallarda məmurlar özlərini cəmiyyətdə düzgün apara bilmirlər, ifrat dərəcədə təkəbbürlülük göstərirlər, özlərini hamıdan üstün tutmağa çalışırlar və beləliklə, həm öz nüfuzlarını itirirlər, eyni zamanda, dövlətimizə, dövlətin siyasətinə də ləkə vurmuş olurlar”.

İkinci xətt məmur korrupsiyası ilə bağlıdır. Prezidentdən sitat: “Azərbaycan ictimaiyyəti yaxşı bilir ki, əyri yola gedən hər bir dövlət məmuru nəticədə məhkəmə, qanun qarşısında cavab verməli olur və belə hallar əfsus ki, bu gün də var. Ancaq o da cəmiyyət üçün tam aydındır ki, heç bir qanunsuz hərəkət nəticəsiz qalmayacaq. Ona görə sizdən tələbim eyni zamanda xoşagəlməz hallara qarşı ciddi mübarizə aparmaq, kadr siyasətində etibarlı, peşəkar və mənəvi cəhətdən təmiz kadrları seçmək, rəhbərlik edəcəyiniz bölgələrdə öz işinizlə mənim seçimimin düzgün olduğunu sübut etməkdir. Əks təqdirdə, əlbəttə ki, lazımi ölçülər götürüləcəkdir”.

Prezident bölgələrdə narazılıq yaranmasının əsas səbəblərindən birini məhz mərkəzi icra orqanlarındakı bəzi məmurların xoşagəlməz hərəkətləri və tapşırıqları ilə izah edib: “Artıq o məmurlardan, necə deyərlər, əsər-əlamət qalmayıb. Azərbaycanda məmur korpusunda, xüsusilə mərkəzi icra orqanlarında aparılan kadr islahatları nəticəsində vəziyyət böyük dərəcədə sağlamlaşdırılıb. Ona görə mən tam əminəm ki, bundan sonra mərkəzdən sizə hansısa bir qanunsuz tapşırıq verilməyəcək. Vaxtilə belə hallar olub və bu qanunsuz tapşırıqları verən, qanunsuz varlanmanı özləri üçün əsas məqsəd hesab edən məmurlar bu gün məhkəmə qarşısında cavab verirlər”.

Nəhayət, dövlət başçısının məmurlardan tələbi sosial ədalət prinsipidir. “Hər bir bölgədə, hər bir kənddə insanlar görməlidir və bilməlidir ki, ədalət hər zaman üstünlük təşkil edir”. Prezident deyib ki, insanlara diqqət göstərmək, onların qayğıları ilə yaşamaq, daim onların arasında olmaq lazımdır: “Bütün kəndləri bir-bir gəzib orada - kəndlərdə insanlarla təmasda olmaq. Yəni mənim tələblərim bundan ibarətdir. Hər təyinatda icra başçısı olsun, digər rəhbər şəxs olsun, mənim təlimatlarım bundan ibarətdir”.

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin, Aqrar siyasət komitəsinin üzvü Aydın Hüseynov “Yeni Müsavat”a bildirdi ki, Prezident İlham Əliyev yeni təyinat alan məmurlara strateji istiqamət göstərdi, həm də son illərdə aparılan islahatların mahiyyətini bir daha açıqladı: “Prezidentin səsləndirdiyi fikirlər bir daha göstərdi ki, Azərbaycan dövlət idarəçiliyi sistemində şəffaflıq, ədalət və xalqla birbaşa təmas əsas hədəflər olaraq qalır. İlham Əliyev həm siyasi, həm iqtisadi, həm də mənəvi baxımdan ölkənin inkişafını koordinasiya edən lider kimi çıxış edir. Onun sözləri ilə desək, "etimadı doğrultmaq, xalqa xidmət etmək, xalqın rəğbətini qazanmaq" hər bir rəhbərin borcudur. Bu, təkcə tapşırıq deyil, bu, Prezident İlham Əliyevin müəyyən etdiyi müasir Azərbaycan idarəçilik fəlsəfəsidir. Prezidentin çıxışı bir növ dövlət idarəçiliyində yeni mərhələnin konturlarını cızmış oldu, şəffaflıq, xalqa xidmət və sosial ədalət prinsipi bu siyasətin əsas dayaqları kimi ön plana çəkildi. Prezident İlham Əliyev yeni təyin olunan rəhbərlərə xatırlatdı ki, “xalqa yaxın olmaq, xalqla bir yerdə olmaq” idarəçiliyin başlıca qayəsidir. Bu, Prezidentin illərdir davam etdirdiyi “xalq dövləti” modelinin praktik ifadəsidir. Məhz bu prinsip sayəsində dövlət orqanları ilə vətəndaş arasında etimad körpüsü daha da möhkəmlənib. Prezident çıxışında dövlət qulluqçularının təkəbbür və lovğalıqdan uzaq, təvazökar olmasını tələb etdi. Dövlət başçısımız eyni zamanda bir daha xatırlatdı ki, korrupsiya və rüşvətxorluğa qarşı mübarizə qətiyyətlə davam etdiriləcək və “heç bir qanunsuz hərəkət nəticəsiz qalmayacaq. Bu həm də bir xəbərdarlıqdır. Şübhəsiz ki, məmurlar bundan nəticə çıxarmalıdırlar. Artıq bir çox yüksək vəzifəli şəxslərin məhkəmə qarşısında cavab verməsi, dövlət sistemində "özünütəmizləmə" prosesinin reallığını sübut edir. Bunu məmurlar nəzərə almalıdırlar və ölkə rəhbərinin onların qarşısında qaldırdığı bütün məsələlərə diqqətlə, məsuliyyətlə yanaşmalıdırlar və qarşılarında qoyulan tapşırıqları vaxtında yerinə yetirməlidirlər".

Deputat qeyd etdi ki, Prezidentin çıxışında sosial ədalət anlayışı xüsusi yer tutdu: “Bu da təbii ki, təsadüfi deyil. Sosial ədalət olan yerdə inkişaf, sabitlik var. Elə buna görə də cənab Prezidentimiz bildirdi ki, hər bir bölgədə insanlar görməlidirlər ki, ədalət hər zaman üstünlük təşkil edir. İlham Əliyev vurğuladı ki, əvvəllər bəzi mərkəzi orqanlarda baş vermiş xoşagəlməz hallara qarşı artıq ciddi təmizlənmə aparılıb və bu gün dövlət aparatında ədalət və məsuliyyət prinsipi bərqərar olub. Ölkə rəhbəri bununla yerli rəhbərlərə yaxşı, ədalətli işləmələri üçün şərait yarandığının mesajını vermiş oldu. Bu məqam da şübhəsiz ki, icra başçılarının qarşıdakı dönəmdə fəaliyyətinə müsbət təsir göstərəcək. Dövlət başçısının bölgələrdə məşğulluğun təmin edilməsini əsas prioritetlərdən biri kimi qeyd etməsini də yerlərdəki məmurlar fəaliyyətlərində xüsusi nəzərə almalıdırlar. Bu, Prezidentin göstərişidir. Bölgələrdən paytaxta miqrasiyanın qarşısının alınmasının, ən azından azalmasının yolu bölgələrdə məşğulluğun geniş səviyyədə yaradılması, iş yerlərinin açılmasıdır. Cənab Prezidentin bu məsələni xüsusi diqqətdə saxladığı və saxlayacağı çıxışındakı fikirlərdən bir daha göründü. Şübhəsiz ki, rayon icra başçıları və yerli məmurlar bu məsələyə də çox ciddi yanaşmalıdırlar”.

A.Hüseynov dedi ki, ekologiya məsələsi bu gün təkcə Azərbaycanda deyil, bütün dünyada ən aktual məsələlərdən biridir və Azərbaycan Prezidenti icra başçılarını qəbul edərkən bölgələrdə təbiətin qorunmasının vacibliyinə də diqqət ayırdı: “Prezident İlham Əliyev ekologiya məsələlərinə də toxundu. O, Bakının və Sumqayıtın "ekoloji fəlakət zonası" statusundan çıxarılaraq parklar şəhərinə çevrildiyini qeyd etdi. “Qara şəhəri Ağ Şəhərə çevirdik” ifadəsi bu siyasətin simvoluna çevrildi. Dövlət başçısı bölgələrdə də qanunsuz fəaliyyətin qarşısının alınması, təbiətin qorunması istiqamətində sərt tədbirlərin görüləcəyini bildirdi. Rayonlara rəhbərlik edən şəxslərin qarşısında duran vəzifələrdən biri də rayon ərazisində təbiətin qorunması işinə ciddi yanaşmaqdır".


Geri qayıt