Əsas Səhifə > Ana xəbər / Güney Press > “Qarabağ Ermənistanın boğazına bağlanan ip idi”
“Qarabağ Ermənistanın boğazına bağlanan ip idi”Bu gün, 07:49 |
|
Qarabağ məsələsi sadəcə müəyyən dairələrin Ermənistanı “ən yaxın ağaca bağlamaq” üçün əlində tutduğu ip idi. Bu barədə Ermənistanın baş naziri Nikol Paşinyan bəyan edib. “Xalqların hüquqları, tarixi ədalət və buna bənzər anlayışlar əsas məqsədin üstünü örtmək üçün sadəcə duman pərdəsi idi”, – baş nazir öz sosial şəbəkə hesabında yazıb. O, əvvəlki hakimiyyətlərin danışıqlarla bağlı sənədlərini ilin sonuna qədər dərc edəcəyinə söz verib. Paşinyanın sözlərinə görə, bütün danışıqlar prosesi və təkliflər həmin “ipin qısaldılması”na yönəlib. “Müharibəni dayandırmaq”la bağlı bütün təkliflər ipin daha da qısaldılmasından ibarət idi. Bu prosesin son məqsədi Ermənistanın dövlətçiliyinə son qoymaq olub. Belə bir ssenaridə Qarabağ münaqişəsi yalnız və yalnız Ermənistanın dövlətçiliyini itirməsi ilə nəticələnə bilərdi”, – o vurğulayıb. Baş nazir bildirib ki, ölkənin sabiq prezidentləri Robert Koçaryan və Serj Sarqsyan həmin ssenariyə qayıtmaq təklifi ilə çıxış edirlər. Onun sözlərinə görə, bu ssenari “Lenin, partiya, Qorbaçov” şüarı altında və çox güman, KQB-nin himayəsi ilə hazırlanıb və həyata keçirilib: O əlavə edib ki, Qarabağdan olan ermənilər hökumətin dəstəyi ilə Ermənistanda məskunlaşmalıdırlar. Onun sözlərinə görə, bu, genişmiqyaslı, çətin və çox resurs tələb edən proqramdır. Bəyanat, İrəvanla Moskva arasında münasibətlərin növbəti soyuması fonunda səslənib. Son iki il yarımda Paşinyan Rusiyaya yönələn tənqidlərini daha da sərtləşdirib. Baş nazir oktyabrın 22-də “KQB agentlərinin yaratdığı dünyagörüşündən çıxmaq” çağırışı etmişdi. 2024-cü ilin dekabrında Paşinyan bəyan etmişdi ki, Ermənistan və KTMT “geri dönüş nöqtəsinə” yaxınlaşıblar. Paralel olaraq ölkə Qərblə yaxınlaşma yolunu tutub: aprelin 4-də Ermənistan prezidenti ölkənin Aİ-yə üzvlük prosesinə başlanmasını nəzərdə tutan qanunu imzalayıb, yanvarın 15-də isə Vaşinqtonda Ermənistan və ABŞ arasında Strateji Tərəfdaşlıq Xartiyası imzalanıb. Lakin aydın görünür ki, baş nazirin son bəyanatları daha çox daxili siyasi mübarizəyə – 2026-cı ilin iyununda keçiriləcək parlament seçkiləri öncəsi rəqabətə yönəlib. Sual yaranır: Koçaryan və Sarqsyan kimi fiqurlar Paşinyan üçün nə dərəcədə təhlükəlidir? O, niyə yenidən Qarabağ mövzusunu gündəmə gətirir və keçmiş prezidentlərin Rusiya xüsusi xidmət orqanları ilə əlaqələrinə eyham vurur? Bununla bağlı fikirlərini Pressklub.az-la bölüşən siyasi ekspert Nəsimi Məmmədli ilk növbədə xatırladıb ki, Azərbaycanla müharibədə məğlubiyyətə baxmayaraq, Nikol Paşinyan 2021-ci ilin iyununda Ermənistanda keçirilən növbədənkənar parlament seçkilərində 54 faiz səs toplayaraq qalib gəlib. Bu gün də Paşinyan hökumətinə qarşı müxalif qüvvələr eyni simalardır. Paşinyanın cəmiyyətdəki təsir gücünün bir qədər azalmasına baxmayaraq, onun reytinqi rəqibləri ilə müqayisədə hələ də yüksəkdir. Bununla belə, hazırda əhali arasında mühüm tərəddüd içində olan və heç bir tərəfi açıq şəkildə dəstəkləməyən mütləq çoxluq mövcuddur. Onların kimi dəstəkləyəcəyini söyləmək mümkün deyil”, – Məmmədli vurğulayıb. Onun sözlərinə görə, müxalifət yenidən təbliğatını Qarabağ kartı üzərində qurub. “Onlar Paşinyanı müharibədəki məğlubiyyətin günahkarı kimi təqdim etməyə çalışırlar. Rusiya tərəfindən də açıq şəkildə dəstəklənən bu təbliğat Ermənistan cəmiyyətində dərin qütbləşməyə səbəb olub. Hazırda Koçaryan və Sarqsyan təkcə Paşinyan üçün deyil, ümumilikdə ölkə üçün təhlükə mənbəyidir. Onlar Kreml, kilsə və Rusiyada yaşayan erməni diasporu tərəfindən açıq və güclü şəkildə dəstəklənirlər. Bu, Paşinyan üçün müəyyən risklər yarada bilər. Ermənistan vətəndaşları Koçaryan və Sarqsyan hökumətlərinin rüşvət, korrupsiya, səmərəsiz idarəçilik və Kremlin maraqlarına loyal münasibəti barədə geniş məlumata malikdirlər. Müxalifət Paşinyanı elə bir vəziyyətə salmağa çalışır ki, öz mövqeləri daha dayanıqlı görünsün. Paşinyan isə adekvat cavab hazırlayır və cəmiyyətə öz sələflərinin Azərbaycanla apardığı danışıqların təfərrüatlarını təqdim etməyi vəd edir. O, ölkədə həyata keçirdiyi sosial-iqtisadi islahatlar sayəsində ictimai dəstək qazansa da, təhlükəsizlik məsələlərlə bağlı narahatlıqlar hələ qalmaqdadır. Lakin Azərbaycanla sülh prosesi istiqamətində irəliləyiş Paşinyana əlavə siyasi dividendlər gətirə bilər”, – deyə ekspert yerkunlaşdırıb. Geri qayıt |