Əsas Səhifə > Ana xəbər / Güney Press > Yerli media 8 avqustdan sonrakı dövrü necə işıqlandırır?
Yerli media 8 avqustdan sonrakı dövrü necə işıqlandırır?Bu gün, 06:33 |
|
Avqustun 8-də Ağ Ev Cənubi Qafqaz üçün tarixi görüşə ev sahibliyi etdi. Azərbaycan Prezidenti İlham Əliyev, Ermənistanın Baş naziri Nikol Paşinyan və ABŞ Prezidenti Donald Tramp Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşmasına töhfə verəcək bəyanata imza atdılar. Tərəflər bu ilin mart ayında razılaşdırılmış 17 maddəlik sülh sazişinin mətnini parafladılar, ATƏT-in Minsk Qrupunun fəaliyyətinə son qoymaq üçün birgə müraciət təqdim etmək barədə qərar qəbul etdilər. Görüş zamanı “Strateji İşçi Qrupunun yaradılması haqqında Anlaşma Memorandumu” da imzalandı. Bu qrupun əsas vəzifəsi Azərbaycan ilə ABŞ arasında “Strateji Tərəfdaşlıq Xartiyası”nı hazırlamaq və əməkdaşlığı müxtəlif sahələrdə inkişaf etdirmək olacaq. Bundan əlavə, Prezident Tramp 907-ci düzəlişin dayandırılması barədə sənədə qol çəkdi. Düzəlişin tam ləğv olunması məsələsinə Konqresdə baxılmalıdır. İndiki şəraitdə respublikaçıların üstünlük təşkil etdiyi qanunverici orqanda bu mümkündür. ABŞ prezidenti belə qərarı təkbaşına ləğv etmək səlahiyyətinə malik deyil. 8 avqust Vaşinqton görüşü Azərbaycan mediasında geniş izlənilib və işıqlandırılıb. Yerli media 8 avqust tarixindən sonra da ona yer ayırmağa davam edir. Tərəflər arasında imzalanmış sənəd uzun illər davam edən münaqişənin həlli istiqamətində atılmış əsas addım kimi dəyərləndirilir. Ən azı, Azərbaycan mediasında proses bu cür görünür. ABŞ prezidenti Donald Tramp özü də “müharibə və sülh” mövzularına toxunarkən, Ermənistan-Azərbaycan razılaşmasını xüsusi vurğulayır. Sonuncu dəfə o, Misirdə – Əliyev və Paşinyanın da dəvət olunduğu Yaxın Şərq Sülh Sammitində 8 avqust görüşünü müsbət xarakterizə edib. Yerli media və jurnalistlər 8 avqustdan sonrakı dövrü necə işıqlandırırlar? İlk müraciət etdiyimiz mənbə Report informasiya agentliyidir. O, Vaşinqton görüşünü yaxından izləmiş azsaylı yerli media qurumlarından biridir. Report agentliyi Vaşinqton bəyannaməsi ilə bağlı həm Azərbaycan, həm də Ermənistan rəsmilərinin açıqlamalarına yer verməklə yanaşı, iki ölkə arasında imzalanmış tarixi sənədə xarici dövlətlərdən və təşkilatlardan gələn reaksiyaları da işıqlandırıb. Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov bir sıra ölkələrin nümayəndələri ilə görüşlərində Azərbaycan və Ermənistan arasında paraflanan sülh sazişinin təkcə iki ölkə üçün deyil, bütün region üçün əhəmiyyətini vurğulayıb. Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan xarici ölkə səfirləri ilə görüşündə sülhün təkcə Ermənistan üçün yox, eyni zamanda Cənubi Qafqaz üçün əhəmiyyəti barədə danışıb. Report.az saytı həmin görüş barədə məlumat verib və Mirzoyandan sitat gətirib: “XİN başçısı bildirib ki, sülh gündəliyinin həyata keçirilməsi diplomatik orqanlar da daxil olmaqla Ermənistan hökumətinin prioritet vəzifəsidir”. Mirzoyan həm də regional kommunikasiyanın açılmasının ölkəsi üçün geniş imkanlar yaradacağını vurğulayıb. Saytın proqnozuna görə, bəyanat Ermənistanın Baş naziri Nikol Paşinyanın 2026-cı il seçkilərindəki mövqeyinə müsbət təsir göstərə bilər. Yazıda erməni diasporunun və müxalifətinin Vaşinqton Bəyanatına mənfi münasibət göstərdiyindən ayrıca : “Serj Sarqsyanın Respublikaçılar partiyası Vaşinqton deklarasiyasını geosiyasi avantüra adlandıraraq, Ermənistanın maraqlarına və suverenliyinə zidd olduğunu, Qarabağ ermənilərinin hüquqlarını pozduğunu iddia edib ki, bu da revanşizmin təzahürüdür”. Vaşinqton Bəyanatından qısa müddət sonra Pakistan və Ermənistan arasında da tarixi hadisə baş verdi. Ermənistan müstəqilliyini elan etdiyi vaxtdan rəsmi şəkildə onu tanımayan İslamabad Yerevanla münasibətini yenidən gözdən keçirdi. Avqustun 31-də Pakistan İslam Respublikasının Baş nazirinin müavini və xarici işlər naziri Məhəmməd İşaq Dar ilə Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan iki ölkə arasında diplomatik münasibətlərin qurulmasına dair birgə bəyanat imzaladılar. Reportun saytında yer alan məqalədə bu normallaşma prosesi Vaşinqton Bəyanatı ilə əlaqəli şəkildə qiymətləndirilir. Həmçinin vurğulanır ki, rəsmi Bakı yalnız Ermənistanın Pakistan tərəfindən tanınmasında deyil, həm də iki ölkə arasında iqtisadi, ticarət və nəqliyyat əlaqələrinin inkişaf etdirilməsində mühüm rol oynaya bilər. İctimai yayım funksiyasını yerinə yetirən İTV həm yerli siyasi şərhçilərin, həm də xarici ekspertlərin mövzuya dair fikirlərinə geniş yer verib. Amerikalı siyasi şərhçi Con Koneli bu bəyannamənin region üçün mühüm addım olduğunu bildirib. Onun sözlərinə görə, ABŞ-ın Ermənistanda sabitliyin qorunmasında oynadığı rol da bu kontekstdə xüsusi əhəmiyyət daşıyır. “Burada ən zəif bənd Ermənistandır. ABŞ Ermənistanda sabitliyi qorumaq üçün resurslarından istifadə etməlidir. Ssabitlik qoruna bilsə, Ermənistan, Azərbaycan və Türkiyə arasında ticari və iqtisadi inkişaf çiçəklənə bilər,”- Con Koneli qeyd edib. Oktyabr ayında Azərbaycan və Ermənistan münasibətləri baxımından daha bir mühüm hadisə baş verdi. Azərbaycan Hava Yollarına məxsus təyyarə Ermənistanın Zvartnots Hava Limanına eniş etdi. Azərbaycanlı siyasi şərhçilər, vətəndaş cəmiyyəti nümayəndələri və bir jurnalistdən ibarət nümayəndə heyəti Ermənistana səfər edərək, oradakı həmkarları ilə görüşdülər. İTV-nin şərhinə görə, bu səfərin əsas əhəmiyyəti ondan ibarət idi ki, görüş üçüncü tərəf olmadan təşkil olunmuşdu. Bu da Vaşinqton Bəyannaməsinin nəticələrindən biri kimi qiymətləndirildi. Yerevana səfər edənlərdən Cənubi Qafqaz Tədqiqatları Mərkəzinin direktoru Fərhad Məmmədov İctimai TV-yə verdiyi müsahibədə görüşün müsbət atmosferdə keçdiyini bildirib: “Ümumi prinsiplərə gələndə, biz təxmini eyni fikirdəyik. Müzakirə edilməli aktual məsələlər var. Biz sülhün hər iki cəmiyyətə mənfəət gətirəcəyini aşılamalıyıq”. “Azadlıq” Radiosunun Azərbaycanda fəaliyyəti məhdud olsa da, o, 8 avqust görüşünün təsirləri barədə materiallara çox yer verməyə çalışır.Millət vəkili Elman Nəsirov Ermənistan konstitusiyasının dəyişdirilməsinin sülh sazişinin imzalanması baxımından mühüm əhəmiyyət daşıdığını vurğulayıb. “Azadlığ”ın bu mövzuda videoreportajında kommunikasiya xətlərinin açılması ilə bağlı əldə olunan razılaşmalar ön plana çıxarılıb. Erməni siyasi şərhçi Anna Ohanyan Vaşinqton Bəyannaməsini Azərbaycan, Ermənistan və bütövlükdə region üçün mühüm addım kimi qiymətləndirib. Onun sözlərinə görə, əldə olunan razılaşma Cənubi Qafqaz ölkələrini xarici güclərin təsirindən qorumağa kömək edəcək. Eyni müsahibədə Vaşinqton bəyannaməsini dəyərləndirən Anna Ohanyan, Cənubi Qafqaz ölkələrinin qonşu dövlətlərdən gələn risklərə açıq olduğunu qeyd edib və Azərbaycan üçün belə risklərin Çin və Rusiya tərəfindən yaradıla biləcəyini söyləyib. Qeyd edək ki, Rusiya ilə Azərbaycan arasında ötən ilin dekabrında yaranan siyasi böhran iki ölkə liderlərinin Düşənbədəki təmasları zamanı qismən həllini tapdı. Azərbaycan və Çin münasibətləri isə artıq strateji tərəfdaşlıq səviyyəsinə yüksəldilib. Belə faktların nəzərə alınmaması və kifayət qədər əsas olmadan bu kimi fikirlərin yayımlanması izləyicilər və oxucular arasında informasiya çaşqınlığına səbəb ola bilər. Xüsusilə də nəzərə alınmalıdır ki, “Azadlıq” radiosu bir çox hallarda belə fikirləri təhlillərsiz, yəni, ekspert rəyi kimi verməklə kifayətlənir. Millət vəkili Zahid Oruc isə etimad quruculuğunun formalaşdırılmasının vacibliyini qeyd edib: “Etimad mühitinin yaradılması üçün strateji addımlar atılmalı, bu prosesə hərbçilərin görüşlərindən başlayaraq, nüfuzlu şəxslər, mədəniyyət nümayəndələri də cəlb olunmalıdır. Sovet dövründəki əməkdaşlıq təcrübəsi nəzərə alınaraq, indi sülh çağırışlarının səsləndirilməsi və medianın bu istiqamətdə aktivliyi önəmlidir”. Azərbaycan və Ermənistan arasında Vaşinqton Bəyannaməsi ilə sürətləndirilmiş sülh prosesinin cəmiyyət tərəfindən necə qəbul edildiyini anlamaq üçün media qurumları vətəndaşların, xüsusilə də sərhəd bölgələrində yaşayan insanların fikirlərini də öyrənməyə diqqət yetirməlidir. Hər üç media bununla bağlı qısa materiallar hazırlasa da, bu, yetərli deyil. Dövlətlər arasında imzalanmış prosesin davamlı və dayanıqlı olması üçün vətəndaşların mövqelərini əks etdirən materialların daha çox olması vacibdir. Müəllif: Könül Şahin - pressklub.az Geri qayıt |