Əsas Səhifə > Ana xəbər / Güney Press > “Fuad Nəcəfli Naxçıvanı “dədə malı” kimi idarə edirdi”

“Fuad Nəcəfli Naxçıvanı “dədə malı” kimi idarə edirdi”


Bu gün, 14:50

“Fuad Nəcəfli Naxçıvana gələndən oranı elə günə qoydu ki, xaricdə, elə Bakıda yaşayan heç bir naxçıvanlı ora investisiya qoymadı”.

Bunu Fuad Nəcəflinin Naxçıvan Muxtar Respublikasında Azərbaycan Prezidentinin səlahiyyətli nümayəndəsi vəzifəsindən azad edilməsi ilə bağlı Yenicag.az-la fikirlərini bölüşən siyasi şərhçi Heydər Oğuz deyib.
O qeyd edib ki, F. Nəcəflinin vəzifədən uzaqlaşdırılması olduqca yerində qərardır:

“Prezidentin qərarını alqışlayıram. Fuad Nəcəfli Naxçıvana gələndən oranı elə günə qoydu ki, xaricdə, elə Bakıda yaşayan heç bir naxçıvanlı ora investisiya qoymadı. Bu da Naxçıvanı “dədə malı” kimi idarə edirdi.

Təsəvvür edin ki, bu adamın düzgün fəaliyyət göstərməməsi səbəbindən Naxçıvana ayrılan dövlət vəsaiti yenidən büdcəyə qayıdırdı. Çünki bu adamın keçirdiyi tenderlərin hamısı nöqsanlı idi və aidiyyəti üzrə qurumlar onun keçirdikləri tenderləri ləğv edirdilər. Bu baxımdan Naxçıvan nə dövlət, nə də özəl sektor tərəfindən investisiya görmədiyindən kasıb Naxçıvanı müflisləşdirdi.

Bakıdan gətirdiyi adamlar da yerində deyildi. Aralarında hansısa neqativ əməlinə görə həbs olunanlar da vardı. Bu isə Naxçıvanı onlarqa peşkəş etmişdi”.

Heydər Oğuz yeni təyin olunan Ceyhun Cəlilovun da Fuad Nəcəflidən fərqlənməyəcəyi qənaətindədir:

“Yerinə təyin olunanla bağlı da xoş nəsə deyə bilmirəm. Görünür, Naxçıvanda kadr çatışmazlığı var. Ceyhun Cəlilov baş nazir olmadan öncə əmək və əhalinin sosial müdafiəsi naziri işləyib və baş nazir təyin olunan kimi ilk işi özünün nazir olduğu dövrdə keçirtdiyi tenderləri ləğv etmək olmuşdu. Bir həftə ərzində 22 tenderi ləğv etdi ki, hamısını nazir kimi özü keçirtmişdi. Sonra məlum oldu ki, buna Bakıdan deyiblər ki, bu tenderlərin hamısı qanunsuzdur, ləğv elə. Çünki bu tenderlərdə üç deyil, bir nəfər iştirak edib və sanki o şəxsə hədiyyə edilmişdi. Yəni belə bir şəxsin təmsilçiliyi nə qədər uğurlu olacaq, bilmirəm. Ancaq hesab edirəm ki, Naxçıvanda daha yaxşı kadrlar var. Məsələn, Anar İbrahimov. Uzun müddət Naxçıvanda işləyib. “Xan rejimi” dönəmində də orada olub. Həm də Avropa Şurasında təmsilçi olub. Həm siyasi, həm hüquqi cəhətdən özünü yetişdirmiş, rüşvətə bulaşmamış adamdır. Hesab edirəm ki, o təyin edilsəydi, daha yaxşı seçim olardı”.

Qeyd edək ki, Prezident İlham Əliyevin sərəncamı ilə Fuad Nəcəfli Naxçıvan Muxtar Respublikasında Azərbaycan Prezidentinin səlahiyyətli nümayəndəsi vəzifəsindən azad edilib. Prezidentin digər sərəncamı ilə Ceyhun Ramiz oğlu Cəlilov həmin vəzifəyə təyin olunub.

Onu da bildirək ki, Ceyhun Cəlilov 1 mart 2021-ci il tarixində Dayanıqlı və Operativ Sosial Təminat Agentliyinin İdarə Heyətinin sədrinin müşaviri vəzifəsinə, 13 avqust 2021-ci il tarixində isə İdarə Heyəti sədrinin müavini vəzifəsinə təyin edilib. Naxçıvan Muxtar Respublikasının əmək və əhalinin sosial müdafiəsi naziri olub. 25 aprel 2024-cü ildə bu vəzifədən azad edilərək Naxçıvan Muxtar Respublikasının Baş naziri təyin edilib.

12 noyabr 2025-ci ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi vəzifəsinə təyin olunub.


Geri qayıt