Əsas Səhifə > Ana xəbər / Güney Press > “Saxta diplomlu həkimlər sistemli fırıldağın içindədir”

“Saxta diplomlu həkimlər sistemli fırıldağın içindədir”


Bu gün, 13:27

Dizayner Aynur Xəlilovanın yutubda yayımlanan “Hərşeyşünas” podkastının növbəti qonağı tanınmış aparıcı Qənirə Ataşova olub. "DİA-AZ" xəbər verir ki, jurnalist verilişdə Azərbaycanda artan plastik əməliyyat dalğasından və bu sahədəki saxtakarlıqlardan danışıb: “Hər dəfə Bakıya gələndə burada çox dəyişkən qadınlar görürdüm. İki gün əvvəl bir kino mərkəzinə getmişdim orada da mən eyni bədən quruluşlu xanımlar gördüm. Bizim o qədər də hündür boyumuz yoxdur axı, bizim özümüzə uyğun praporsiyalarımız, fiquramız var. Soruşdum ki, necə belə bizim qadınlar dəyişə bilər? Dedilər Azərbaycanda plastik əməliyyatlar çox ucuzdur. Beləcə bu mənim yaddaşımın bir kənarında qaldı”.

Ataşova bildirib ki, daha sonra bir kitab təqdimatında tanış olduğu müəllimənin danışdıqları onu araşdırma aparmağa vadar edib: “Müəllimə hərbiçi yoldaşı ilə tez-tez yerlər dəyişirmiş. Bakıya qayıdanda müəllim kimi iş tapa bilməyib və bir klinikada işləməyə başlayıb. Orada bir cərrah onlara əməliyyat üsullarını öyrədirmiş. Müəllimə deyir: “Birdən ayıldım ki, mən cərrah deyiləm, şagirdlərimə dürüstlüyü öyrədən biriyəm, bunu necə edə bilərəm?”. Beləcə işdən çıxıb. Amma onunla bərabər öyrənənlər indi müxtəlif klinikalarda işləyir”.

 Jurnalistin sözlərinə görə, bu hekayə onu daha dərinə getməyə vadar edib: “Sonra gördüm ki, bu saxtakarlığın kökü daha dərindədir. Ziyalı bildiyimiz bəzi həkimlər saxta sənədliləri yetişdirib, hətta öz diplomlarını da saxtalaşdırıblar. Bu prosesin içində təkmilləşdirmə institutları da var. Daha irəli gedəndə isə möhür vuran dövlət orqanlarının adları üzə çıxır. Yəni saxtakarlıq sistem səviyyəsinə qədər gedib çıxıb”.

Qənirə Ataşova əlavə edib ki, o, bu mövzuya şəxsi maraqla deyil, peşəkar borc hissi ilə yanaşır: “Mən heç vaxt sifarişlə işləməmişəm. Məni tanıyan ANS kollektivi bilir ki, başladığım araşdırmanı sonuna qədər aparıram. Hələ ANS dövründən araşdırmaçı jurnalist kimi tanınmışam. Burada da gördüklərimdən sonra hər şeyi yoxladım — həkimin təhsilindən tutmuş, otağında asdığı sertifikata qədər. Necə ola bilər ki, stomatoloq sabah cərrah sertifikatı asır? Mən diplomsuz həkimin yanında dayanmaram. Həmişə müraciət etdiyim və şəfasını gördüyüm həkimləri açıq şəkildə paylaşmışam”.


Geri qayıt