Əsas Səhifə > Ana xəbər / Güney Press > Vergi borcuna görə ölkədən çıxış qadağası: rəqəmlər və narahatlıq…
Vergi borcuna görə ölkədən çıxış qadağası: rəqəmlər və narahatlıq…Bu gün, 10:13 |
|
“Açıq mənbə kimi e-mehkeme.gov.az portalında kommersiya məhkəmələrinin iş predmetlərinə baxarkən narahatedici mənzərə ilə üzləşdim: Yalnız 2025-ci ilin noyabr ayının ilk 7 günündə Bakı Kommersiya Məhkəməsində vergi orqanları tərəfindən 166 iş qaldırılıb. Bu işlərin hamısı xüsusi icraat qaydasında təqdim olunan, “vergi ödəyicisi olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması” tələbləridir”. Gununsesi.info xəbər verir ki, bunu tanınmış vəkil Cavad Cavadov deyib. Vəkikin açıqlamasına görə, təkcə Sumqayıt Kommersiya Məhkəməsində noyabr ayı üzrə eyni kateqoriyada 20-dən artıq iş qeydə alınıb: “Oktyabrda da kəmiyyət yüksək idi; lakin açıq reyestrdən hamısını ayrıca saymaq faktiki mümkün olmadı. Digər açıq mənbədən olan statistikanı araşdırdım: 2025-ci il hələ başa çatmadığı üçün ilin ümumi mənzərəsi yoxdur. Lakin 2025-ci ilin I yarısı üzrə məlumatına görə, kommersiya məhkəmələrində 6 811 işə baxılıb; bunların 2 301-i “ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması” kateqoriyasına aiddir və həmin işlərin 2 207-si təmin edilib. Yəni bu işlər ümumi sayın 33,8 faizini təşkil edir. Məhkəmələr vergi orqanlarının müraciətlərinin 96 (dəqiq 95, 9) faizini təmin edirlər. 96% ərizələrin təmin edilməsi nə deməkdir? Bu, vergi orqanlarının bu kateqoriya üzrə verdiyi ərizələrin təxminən hər 100-dən 96-sının təmin olunması deməkdir (2 207 / 2 301 ≈ 95,9%). Xüsusi icraatın sürətləndirilmiş prosedurları fərdi qiymətləndirmə standartını zəiflədir və bu cür tələblərin məhkəmə şablonlaşması riskini kəskin şəkildə artırır”. Cavadov Cavadov deyir ki, işlərin çoxluğu məhkəmələr üçün həcm təzyiqi yaradır və hakimlərin ərizələri detallı yoxlamağını praktiki olaraq çətinləşdirir: “Nəticədə mütənasiblik testi formal xarakter ala bilər. Vergi borcuna görə ölkədən çıxışa məhdudiyyət hüquqi çərçivədə mümkündür. Ancaq iki ciddi məsələ var: Mütənasiblik – Konstitusiyanın 28-ci maddəsi hərəkət azadlığını təmin edir. Məhdudiyyət yalnız zəruri vasitə olduqda tətbiq olunmalıdır. Vergi borcunun yığılması məqsədi ilə avtomatik olaraq çıxış qadağası tətbiq etmək, xüsusən də hüquqi şəxsin rəhbərinə münasibətdə, mütənasiblik prinsipini sual altına qoyur. Kütləvilik – Bir neçə gün ərzində yüzlərlə belə işin verilməsi, bu işlərin ümumi işlərin sayının 34 faizə yaxın təşkil etməsi inzibati təcrübənin avtomatizasiya olunduğunu göstərir. Bu, həm biznes mühitinə, həm də ölkənin iqtisadi aktivliyinə soyuq təsir yaradır. Hüquqi şəxsin təmsilçisinə (icra orqanının rəhbərinə) çıxış məhdudiyyəti vergi borcu ilə birbaşa fərdi əlaqələndirilməlidir: borcun yaranmasında şəxsi məsuliyyət, ödənilməməsinin qəsdiliyi, alternativ vasitələrin yetərsizliyi konkret əsaslandırılmalıdır. Mülki prosessual qaydada belə tələblər “xüsusi icraat” kimi sürətlə baxılsa da, bu, əsaslandırma yükünü vergi orqanlarının üzərindən götürmür. Alternativ tədbirlər mövcud olduqda (ödəmə cədvəli, girov, hesabların qismən dondurulması, daşınar/daşınmaz əmlaka yönəlmə və s.) çıxış məhdudiyyəti son çarə olmalıdır. Biznes-dostu vergi icrası: könüllü ödəmə təşviq olunsun, mərhələli ödəmə planları genişlənməli və yalnız nəticə vermədikdə sərt məhdudiyyətlər tətbiq edilsin. Bu problem sistemli olduğundan vergi orqanları hər rüb çıxış qadağalarının sayını, əsaslandırmasını və nəticələrini (borcun yığılmasına real təsiri) açıqlamalıdırlar. Hüquqi şəxsin rəhbərinə münasibətdə qaydaların yenidən baxılmalı, bu vasitənin şəxsi məsuliyyət doğurmayan hallarda, yalnız “vəzifəsinə görə” geniş tətbiq dayandırılmalıdır.. Kütləvi çıxış qadağaları qeyri-müəyyənlik və iqtisadi soyuducu təsiri yaradır, bu da biznes risklərini artırır. Vergi intizamını gücləndirmək zəruridir. Ancaq yüzlərlə insanın ölkədən çıxışını məhdudlaşdırmaq ilk seçim deyil, son vasitə olmalıdır. İşlərin sayının çoxluğu bunun sistemli tendensiya olmasını göstərir. Vergi yükünün qarşıdan gələn illərdə artacağı proqnozu fonunda bu təcrübə yenidən qiymətləndirilməli, şəffaflıq və mütənasiblik prinsipləri praktikada təmin olunmalıdır”. Geri qayıt |