Əsas Səhifə > Ana xəbər / Güney Press > Azərbaycanın tranzit jesti: Ermənistan üçün yeni fürsətlər açır
Azərbaycanın tranzit jesti: Ermənistan üçün yeni fürsətlər açırBu gün, 06:55 |
|
Qazaxıstan Ermənistana ərzaq buğdası tədarükünü ayda təxminən 15-20 min çatdırmağa hazırdır. “Cebheinfo.az”-ın məlumatına görə, Qazaxıstan Kənd Təsərrüfatı Nazirliyinin nəzdindən fəaliyyət göstərən “Prodkorporasiya” ASC-dən verilən açıqlamada belə deyilir. Şirkətin mətbuat xidmətinin məlumatına görə, Qazaxıstan buğdası daşıyan ilk qatar 30 ildə ilk dəfə Azərbaycandan keçərək noyabrın 3-də Ermənistana gedib. 15 vaqondan ibarət 1048 ton 4-cü dərəcəli ərzaq buğdası daşıyan qatar Rusiyadan Azərbaycana və Gürcüstana, oradan isə Ermənistan ərazisinə daxil olub. Bildirilib ki, gələcəkdə bu tranzit dəhlizi İrəvan istiqamətində Qazaxıstan taxılının və digər malların tədarükü üçün daimi kanala çevrilə bilər. Hazırda “Prodkorporasiya” Qazaxıstan buğdasının sabit tədarükündə maraqlı olan erməni tərəfdaşları ilə danışıqlar aparır. Şirkətdən verilən məlumatda həmçinin qeyd edilir ki, gələcəkdə İrəvana taxıl daşımalarının həcmi arta bilər. “Prodkorporasiya”dan verilən açıqlama perspektivdə hər ay Azərbaycan üzərindən Ermənistana 15-20 min ton ərzaq buğdasının göndəriləcəyini deməyə əsas verir. Azərbaycan Prezidenti İlham Əliyevin Ermənistana yüklərin tranzitinə qoyulan qadağaları ləğv etməsi bu daşımaları həyata keçirməyə imkan verir. Əgər Ermənistanla razılaşma əldə olunarsa, yəqin ki, Qazaxıstan tərəfi növbəti buğda tədarükünün göndərilməsi ilə bağlı Azərbaycana müraciət edəcək. Qeyd edək ki, Ermənistanın ərzaq buğdası ilə əsas təminatçısı Rusiyadır. Lakin son vaxtlar rəsmi İrəvan Qazaxıstan buğdasına maraq göstərir. Bu istiqamətdə ilk danışıqlar 2024-cü ilin iyul ayında aparılıb. Ermənistan bu mövqeyini Qazaxıstan buğdasının yapışqanlılığı, yəni yüksək keyfiyyətli olması ilə izah edir. Lakin indiyə qədər Qazaxıstan buğdasının daşınması üçün yaxın marşrut olmayıb. Nəhayət, Azərbaycanın tranzit qadağasını aradan qaldırması bu problemi həll edib. Ermənistanın ərzaq buğdasına illik tələbatı 450 min ton hesab edilir. Lakin son illər bu rəqəm getdikcə aşağı düşür. Belə ki, Ermənistan 2023-cü ildə 377 min, 2024-cü ildə 315,6 min ton ərzaq buğdası idxal edib. Çünki Ermənistan əvvəllər xaricdən aldığı buğdanın bir qismini Qarabağdakı separatçılara göndərirdi. Qondarma rejimin ləğvindən və ermənilərin könüllü köçməsindən sonra Ermənistanın buğdaya tələbatı azalıb. Ona görə də Ermənistan bazarında Rusiya və Qazaxıstan arasında ciddi rəqabətin gedəcəyi real görünmür. Qazaxıstanın əsas məqsədi Azərbaycan və Ermənistan vasitəsilə Qərb bazarlarına çıxış əldə etməkdir. Əslində, söhbət Qazaxıstanın Zəngəzur dəhlizi ilə Türkiyə və Avropaya taxıl, neft və digər məhsulların tədarükünü həyata keçirmək istəyindən gedir. Bu baxımdan, Ermənistana buğda satışı daha çox stimullaşdırıcı xarakter daşıyır və Paşinyan hökumətinin tranzit gəlirlərinə marağını artırmağa hesablanıb. Geri qayıt |