Əsas Səhifə > Ana xəbər / Güney Press > Elektromobil alanı cəzalandırmaq məntiqsiz addımdır
Elektromobil alanı cəzalandırmaq məntiqsiz addımdırBu gün, 10:00 |
|
Gömrük Komitəsinin sədri Şahin Bağırov bildirib ki, elektromobillər ƏDV-yə cəlb ediləcək. 2025-ci ilin ilk 10 ayı ərzində ölkəyə 1700 elektromobil idxal edilib. Bu, çox azdır. Çünki 2024-cü ildə bu, 3027 ədəd olub. Bu onu göstərir ki, cəmiyyətin elektromobillərə marağı azalır. ƏDV-nin tətbiqi yerli elektrik avtomobil istehsalına bu və ya digər formada müsbət təsir edəcək. Elektromobillərin ƏDV-yə cəlb ediləcəyinin düzgün qərar olmadığını deyən iqtisadçı Natiq Cəfərli qeyd etdi ki, bu məsələdə məntiq yoxdur: - Deməli, ölkəyə 10 aya 1700 elektromobil gəlib, deyir ki, bu azdır, ona görə də ƏDV tədbiq edib 18 faiz qiymətini artırırıq. Qiymətlər 18-20 faiz artacaqsa, deməli, elektromobillərə maraq da azalacaq, elə deyilmi?! Əgər hökumətin istəyi marağı artırmaq, ekoloji təmiz elektromobillərin gətirilməsini, satışını stimullaşdırmaqdırsa, əksinə, ƏDV ləğv edilməli, bununla yanaşı, digər təşviq addımları da atılmalıdır ki, istehlakçının marağı artsın, satış da çoxalsın, Məsələn, Avropa Birliyinin bir çox ölkələrində elektromobil alanlar nəinki vergilərdən azad edilir, həm də dövlət onlara dəyərin bir qismini (10-20 faiz arası) geri ödəyir ki, maraq daha da artsın. Ş.Bağırov isə deyir ki, maraq azdır (halbuki bu, maraq məsələsi deyil, alıcılıq qabiliyyəti və şarj infrastrukturunun azlığı məsələsidir), indi biz ƏDV tədbiq edəcəyik ki, maraq daha da azalsın! Burada məntiq hardadır? Bağırov bildirir ki, ƏDV tətbiqi daxildə, ölkəmizdə elektromobil istehsalını stimullaşdıracaq. Ölkəmiz nəinki elektromobil, TV pultuna taxılan batareya belə istehsal edə bilmir, bunu bacarmır, bu bəyanat insanların hissləri ilə, ağlı ilə oynamaqdır. 15 ildir deyirik, bir daha təkrar edək: Gömrük Komitəsinin ayrıca bir müstəqil dövlət qurumu kimi qalması iqtisadiyyata zayan vurur, ləğv edilməli, ya Maliyyə, ya da İqtisadiyyat Nazirliyinin tərkibində departament kimi fəaliyyət göstərməlidir. Gömrük Komitəsində Rusiyadan gələn hərbiləşdirilmiş gömrük sistemi kökündən dəyişdirilməlidir. Qeyd edək ki, elektromobillərə marağın azalmasında ehtiyat hissələrinin ölkədə çətinliklə tapılması və baha qiymətə satılması da təsir edir. İstehlakçıların elektromobillərə marağının artması və ekoloji təmiz avtomobillərdən daha çox istifadənin təşviq edilməsi üçün lazımi addımlar atılmadığını ekspertlər də bildirir. Halbuki Azərbaycan Respublikasının Prezidenti 2023-cü ildə “Elektrik mühərrikli nəqliyyat vasitələrindən istifadənin təşviq edilməsi haqqında” Sərəncam imzalayıb. Sumqayıt Sənaye Parkında yerləşən “Azerbaijan Energy Automotive Factory”də istehsal prosesinə başlanılıb və artıq ilk avtobuslar SKD üsulu ilə yığımdan çıxıb. Təqdimat mərasimində layihənin nəqliyyat sektorunda yeni mərhələnin başlanğıcı olduğu, sənaye potensialını, texnologiya transferini və insan kapitalını gücləndirdiyi vurğulanıb. Bildirilib ki, bu, Azərbaycanın yaşıl enerji və yaşıl nəqliyyat siyasətinin mühüm hissəsidir və Azərbaycan-Çin əməkdaşlığının uğurlu nümunəsidir. Amma görünən budur ki, elektrik mühərrikli nəqliyyat vasitələrindən istifadədə elektromobillər elektroavtobuslara hələ ki uduzur. Geri qayıt |