Əsas Səhifə > Ana xəbər / Güney Press > Pensiyalarla bağlı gözlənilən anons verildi

Pensiyalarla bağlı gözlənilən anons verildi


Bu gün, 07:44

Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev və komitə üzvü Vüqar Bayramov 2026-cı ildə pensiyaların artırılacağını bildiriblər. Lakin mövcud iqtisadi şərtlər fonunda bu artımın real olub-olmayacağı sual doğurur. Ekspertlər də bu prosesin dövlət büdcəsinin imkanlarından asılı olacağını qeyd edirlər.

Pensiya artımı indiki şərtlərdə nə qədər realdır?

Globalinfo.az-a danışan iqtisadçı Eyyub Kərimli deyib ki, hər il inflyasiya hədləri və orta əməkhaqqının artımı nəzərə alınaraq pensiyalarda indeksasiya həyata keçirilir:

“Hesab edirəm ki, gələn il də bu proses davam edəcək. 2025-ci ildə orta əməkhaqqı təxminən 10-11 faiz artıb, sözsüz ki, bu, pensiyaların indeksasiyasına öz təsirini göstərəcək. Təxminən 1,1 milyon təqaüdçünü əhatə edən belə tədbir artıq nəzərdə tutulmuş məsələdir. İndeksasiya 11 faizdən yuxarı da hesablana bilər, amma dəqiq rəqəmlər yanvar ayında açıqlanacaq”.

İqtisadçı Emin Qəribli isə bildirib ki, pensiyaların, xüsusən minimum əməkhaqqının artımı müvafiq sərəncamlara əsasən qəbul olunur:

“Paralel olaraq, pensiyalarda indeksasiya da aparılır. Yanılmıramsa, bu rəqəm təxminən 9,2 faiz olacaq. Bu göstərici gələn il üçün proqnozlaşdırılan inflyasiyadan 5-6 faiz çox deyil. Yəni təxminən 9 faiz səviyyəsində artım dövlət büdcəsində planlaşdırılıb və bunun üçün vəsait ayrılacaq”.

Ekspert əlavə edib ki, bu artım həm inflyasiyanın təsirini kompensasiya etməli, həm də xüsusilə həssas təbəqələrin sosial tələblərini ödəməlidir:

“Dövlətin əlində kifayət qədər vəsait var. Hazırda isə görünür, vəsait ayrılır və məsələ Milli Məclisdə nəzərə alınır.”


Geri qayıt