Əsas Səhifə > Ana xəbər / Güney Press > Mərkəzi Bankın sədrinə müşavir təyin edilib

Mərkəzi Bankın sədrinə müşavir təyin edilib


Dünən, 10:26

Azərbaycan Mərkəzi Bankının İdarə Heyəti sədrinə yeni müşavir təyin edilib.

Banker.az xəbər verir ki, bu, Namiq Sahib oğlu Nağdəliyevdir.

Bununla da müşavirlərin sayı 6-ya yüksəlib.

1982-ci ildə Bakı şəhərində anadan olub. Azərbaycanlıdır. Ali təhsillidir.

2002-ci ildə Azərbaycan Kooperasiya Universitetinin “Mühasibat uçotu və audit” ixtisası üzrə bakalavr pilləsindən, 2004-cü ildə isə eyni ixtisas üzrə magistr dərəcəsindən məzun olub. 2012-ci ildə “İnflyasiyanın hədəflənməsi rejiminin nəzəri əsasları və Azərbaycan Respublikasında tətbiq edilməsi perspektivləri” mövzusunda dissertasiya işini müdafiə edərək Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının qərarı ilə iqtisad üzrə fəlsəfə doktoru elmi dərəcəsinə yiyələnib. O, 2011-ci ildə ABŞ-nin Kolumbiya Universitetində “İqtisadi gözləntilərin formalaşdırılması və idarəedilməsi” mövzusunda doktorantura tədqiqat işi üzərində çalışıb. 2013-2014-cü illərdə ABŞ-nin Johns Hopkins Universitetində “Keçid iqtisadiyyatı ölkələrində iqtisadi idarəetmə və institusional islahatlar” mövzusu üzrə postdoktorantura proqramını tamamlayıb. 2020-ci ildə Harvard Universitetinin John Kennedy Dövlət Məktəbində rəhbərlər üçün təşkil olunmuş “İqtisadi Siyasətinin həyata keçirilməsi” üzrə 8 aylıq xüsusi təhsil proqramını bitirib.

Namiq Nağdəliyev 2001-ci ildə “Atlantbank”da xəzinədar vəzifəsi ilə peşəkar karyerasına başlayıb, 2005-2007-ci illərdə İqtisadi İnkişaf Nazirliyinin İqtisadi İslahatlar Elmi-Tədqiqat İnstitutunda elmi işçi, 2007-2008-ci illərdə “Kapital Bank”da Sənədli əməliyyatlar departamentində aparıcı mütəxəssis vəzifələrində çalışıb.

O, 2008-ci ildə Azərbaycan Respublikası Mərkəzi Bankında peşəkar karyerasına Pul siyasəti departamentində kiçik iqtisadçı vəzifəsində başlayıb, daha sonra həmin departamentdə iqtisadçı, aparıcı iqtisadçı, böyük iqtisadçı, Pul və məzənnə siyasəti şöbəsinin rəisi vəzifələrinə yüksəlib. 2018-2020-ci illərdə Dünya Bankının icraçı direktorunun müşaviri, 2021-2022-ci illərdə Mərkəzi Bankda Sədrin ofisinin rəhbəri, 2022-ci ilin avqust-sentyabr aylarında isə sədrin müşaviri vəzifələrində fəaliyyətini davam etdirib. O, 2022-2025-ci illərdə Dünya Bankının icraçı direktorunun müşaviri vəzifəsində çalışıb.

2025-ci ilin noyabr ayının 3-də Mərkəzi Bankın sədrinin müşaviri vəzifəsinə təyin edilib.

Ailəlidir, 3 övladı var.


Geri qayıt