Əsas Səhifə > Ana xəbər / Güney Press > AQTİ-nin “5 ulduz” sertifikatı verdiyi “Chinar” restoranı kimindir?

AQTİ-nin “5 ulduz” sertifikatı verdiyi “Chinar” restoranı kimindir?


Dünən, 07:12

Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu (AQTİ) tərəfindən həyata keçirilən “Ulduz-reytinq” layihəsi çərçivəsində “Chinar” restoranında qiymətləndirmə aparılıb.

Nəticələrə əsasən, müəssisədə qida təhlükəsizliyi tələblərinin yüksək səviyyədə tətbiq olunduğu müəyyən edilib və restorana “5 ulduz” sertifikatı təqdim olunub. Bizimxeber.org bildirir ki, “Chinar” restoranı «Saffron» Restoranlar Qrupuna məxsusdur. Qrupun icraçı direktoru Vüqar Quliyevdir.

Sözügedən şirkət Azərbaycanın ən böyük restoran qrupu sayılır.

Fəaliyyətinə 2010-cu ildə "Çinar" restoranı ilə başlayan və hazırda 19 brenddən ibarət olan qrupun bütün restoranları Bakıda yerləşir. 2018-ci ildə isə qrupa 3 yeni brend (Masti Baku, Madrid Bar, Chicago Club) daxil olub.

«Saffron» Restoranlar Qrupuna daxil olan restoranlar şəhərin ən əlverişli yerlərində, əsasən də Neftçilər prospekti və Bakı Bulvarı boyunca yerləşir. Həmin ərazilər və restoranların özləri, xüsusilə də xaricilərin ən çox maraq göstərdiyi ərazilər sayılır.

Ötən il mətbuatda yayılan məlumatlarda qeyd olunurdu ki, Vüqar Quliyevə məxsus restoranlar şəbəkəsinə malik olan "Azərbaycan Restaurants" MMC şirkətinin (Shafron) milyonlarla vergi borcu var. Şirkətin Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Departamentinə 2 milyon 58 min 679 manat 95 qəpik vergi borcu yaranıb.

Qeyd edək ki, "Azərbaycan Restaurants" MMC şirkətinin icraçı direktoru Vüqar Quliyev Məhəmməd oğludur. MMC 2009-cu ildə təsis edilib. Nizamnamə kapitalı 200 manat təşkil edir.


Geri qayıt