Əsas Səhifə > Ana xəbər / Güney Press > Korrupsiya əməliyyatları Bakıdakı icra başçılarına da ÇATACAQ
Korrupsiya əməliyyatları Bakıdakı icra başçılarına da ÇATACAQDünən, 13:02 |
|
Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) korrupsiya və vəzifə cinayətləri ilə mübarizə istiqamətində apardığı əməliyyatlar davam edir. Bu dəfə hədəfdə Balakən rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilmiş İslam Rzayev olub. İslam Rzayevin həbsi ilə icra başçılarından dəmir barmaqlıqlar arxasına düşənlərin sayı 7-ə yüksəlib. Korrupsiya hüquqpozmaları və vəzifə cinayətləri ilə bağlı keçirilən əməliyyat indiyə kimi əsasən paytaxtdan uzaq bölgələri əhatə edib. Maraqlıdır ki, Bakının rayonları həmişə anoloji tədbirlərdən kənarda qalıb. Bəs Bakının adları çəkilən rayonlarının İcra hakimiyyətləri niyə korrupsiya hüquqpozmaları və vəzifə cinayətləri ilə bağlı əməliyyatlardan kənarda qalır? Bu, həmin rayonların İcra hakimiyyətlərinin yaxşı işləməyindən qaynaqlanır, yoxsa növbə onlara da çatacaq? Milli Məclisin deputatı Elşad Musayev Modern.az-a açıqlamasında bildirib ki, rüşvətxorluğa, korrupsiyaya qarşı mübarizə sürətlənməlidir: “Mən əvvəlki müsahibələrimdən birində demişdim ki, insanlarımız "qara maskalılar" üçün darıxıblar. Buna görə də, hesab edirəm rüşvətxorluğa, korrupsiyaya qarşı mübarizə sürətlənməlidir. Çünki korrupsiya, rüşvət, monopoliya ölkəni içəridən yeyir. Ona görə də qanunazidd işlərlə məşğul olan vəzifə sahiblərinə qanunun sərt üzü göstərilməlidir. Deputatın sözlərinə görə, keçirilən əməliyyatların icra başçılarına dərs olmamasının bir sıra səbəbləri var: “Bunun əsas səbəbi sistemlə bağlıdır. Ölkədə idarəertmə sistemi dəyişməli, hesabatlılıq olmalıdır. Yerli idarəetmə orqanları demokratik seçki ilə formalaşmalı, onlar da hesabat verməlidir. Eyni zamanda, bunlara nəzarət edən orqanlar özləri yaxşı işləmir. Misal üşün, məhkəmələr. İcra başçıları təyinatdan sonra illərlə - 10, 20 il bir yerdə işləyirlər. Bunlara nəzarət də yaxşı deyil. Yenə deyirəm, sistemin özünü elə etmək lazımdır ki, hamı bir-birinə nəzarət edə bilsin. Yoxsa yerlərdə icra başçılarının bəziləri, indi də belələri var, heç kəsdən qorxub çəkinmədən yüz cür hoqqabazlıq edirlər. Yəqin ki, kiməsə söykənirlər. Belə olmur”. Deputat vurğulayıb ki, korrupsiya ilə bağlı əməliyyatlar Bakıdakə İcra hakimiyyətlərində də keçirilməlidir: “Mən hesab edirəm ki, Bakı şəhərinin özündə də bu əməliyyatları keçirmək lazımdır. Bu əməliyyatlar rayonlarda başlayıb, amma yəqin ki Bakıya da gəlib çatacaq. Bakı şəhərində bir sıra yerlərdə olan vəziyyət açıq-aşkar acınacaqlıdır. Yeri gəlmişkən, külli miqdarda dövlətin malını, əmlakını mənimsəyən adamlar həmin vəsaiti büdcəyə qaytarmalıdırlar. Büdcə vəsaitini dağıdanlar, ölkənin iqtisadiyyatına zərbə vuranlar var. Bunlara qarşı sərt tədbirlər görülməlidir ki, iqtisadiyyatımızı inkişaf etdirə bilək, əmək məhsuldarlığımızı artıraq. Büdcənin 41%-ni sosial məsələlərə yönəltmişik. İndi bunun miqdarını artırmaq lazımdır. Bunu edə bilməməyimizin bir çox səbəbi var. O səbəblərdən biri də yerlərdə belə dağıdıcılıq, gəmiricilik işləri ilə məşğul olan adamlardır. Faktiki olaraq, bunlar ölkənin inkişafını inkişafdan dayandırırlar”. Geri qayıt |