Əsas Səhifə > Ana xəbər / Güney Press > Əliyev-Putin görüşünün izi ilə: Moskva vəziyyətlə barışıbmı?

Əliyev-Putin görüşünün izi ilə: Moskva vəziyyətlə barışıbmı?


Bu gün, 07:42

Azərbaycan və Rusiya prezidentlərinin Düşənbədəki son görüşü müxtəlif və bir-birinə zidd şərhlərə səbəb olub. Azərbaycanın hökumətyönümlü KİV-ləri Vladimir Putinlə İlham Əliyevin görüşünü Bakının Moskva üzərində qələbəsi kimi qiymətləndirirlər. Rusiyanın mətbu orqanları isə əksinə, bu görüşü Putinin Əliyevə “qalib gəlməsi” kimi təqdim edirlər. Məsələn, Pravda.ru yazır ki, “strateji baxımdan Putin qalib gəldi”.

Putin və İlham Əliyev Düşənbədə MDB liderlərinin qeyri-rəsmi görüşü zamanı bir-birini qucaqlayıblar. Bundan əvvəl isə AZAL təyyarəsinin Aktau yaxınlığında qəzaya uğramasından sonra demək olar bir il davam edən gərginliklə bağlı açıq müzakirə aparıblar. Xatırladaq ki, Əliyev Moskvadan günahını etiraf etməyi, günahkarları cəzalandırmağı, zərərçəkənlərə və həlak olanların ailələrinə kompensasiya ödəməsini tələb edirdi. O, həmçinin Rusiyanı qəzanın əsl səbəblərini gizlətməkdə və istintaqa mane olmaq cəhdlərində ittiham edirdi.

Putin bu müddət ərzində Əliyevlə iki dəfə telefonla danışmışdı və üzr istəmişdi. Lakin bu üzrlər olduqca qeyri-müəyyən xarakter daşıyırdı. Putin bu dəfə də çıxışı zamanı qəzanın günahını Kiyevin üzərinə ataraq bildirdi ki, hadisəyə Ukraynanın pilotsuz uçuş aparatı səbəb olub. Bir çox hərbi ekspertlər bu iddianı tamamilə yalan adlandırırlar. Bununla yanaşı, Putin hava hücumundan müdafiə sistemində nasazlıq baş verdiyini də etiraf etdi.

İkinci səbəb Rusiyanın HHM sistemindəki texniki nasazlıqlarla bağlıdır. İki raket atılıb, lakin təyyarə birbaşa raketlə vurulmayıb (əgər bu baş versəydi, o, yerindəcə partlayardı). Raketlə öz-özünü məhv etmə nəticəsində, təxminən on metr məsafədə partlayıb. Təyyarəyə zərbə dəyib. Amma bu, döyüş elementləri deyil, raketlərin qalıqları olub”, – Putin iddia edib.

O, istintaqın “bütün vəzifəli şəxslərin hərəkətlərinə hüquqi qiymət verilməsinə qədər” aparılacağına söz verib. Kompensasiya məsələsinə gəlincə, Moskvanın “bütün lazım olan tədbirləri görəcəyini” bildirib.

Əliyev isə Rusiya prezidentinin bəyanatlarından razı qaldığını bildirərək hadisə ilə bağlı “ətraflı izaha” görə minnətdarlıq edib. O, istintaqın hər şeyi obyektiv araşdıracağına inandığını vurğulayıb. Ardınca Azərbaycan prezidenti bu il Rusiya ilə münasibətlərin “uğurla inkişaf etdiyini” vurğulayıb. Yekaterinburqda azərbaycanlıların öldürülməsi, eləcə də Bakıda Rusiya vətəndaşlarının döyülməsi və saxlanması məsələləri müzakirə olunmayıb.

İki liderin qucaqlaşması və gülümsəməsi eskalasiyanın dayandığını göstərir. Görünür, tərəflər Rusiya ilə Hindistanın birgə inkişaf etdirdiyi və bir qolunun Azərbaycan ərazisindən keçəcəyi “Şimal–Cənub” nəqliyyat dəhlizi kimi sərfəli layihələrdən imtina etmək istəmirlər.

Bundan əlavə, Putin Rusiyanın Cənubi Qafqazdakı təsirinin zəifləməsini dayandırmağa və yenidən əsas vasitəçi rolunu bərpa etməyə çalışır. Lakin bir çox ekspertlər vurğulayırlar ki, Azərbaycanla Rusiya arasında münasibətlər artıq heç vaxt əvvəlki kimi olmayacaq.

Düşənbədə baş verən görüşü Pressklub.az-a şərh edən “Şərq-Qərb” Tədqiqatlar Mərkəzinin direktoru, politoloq Ərəstun Oruclu hesab edir ki, Azərbaycanın hökumətyönlü KİV-lərinin görüşə verdiyi qiymət reallığı əks etdirmir.

Eyni şeyi Ukrayna və müxalifət yönlü Rusiya mediası barədə də demək olar. Mən Putinin səmimi üzr istədiyini düşünmürəm – o, yenə də hiyləgərlik etdi. O, sərnişin təyyarəsinin bilərəkdən vurulduğunu etiraf etmədi. Mövzuya çox yumşaq yanaşdı və Əliyev də anlayır ki, Putini bundan artıq addım atmağa məcbur etmək mümkün deyil.

Bəs Putinin bu davranışının səbəbi nədir? Məncə, bir neçə səbəb var. Birincisi, Rusiyanın Azərbaycana qarşı istifadə etdiyi “yumşaq güc” alətləri nəticə vermədi. Ümumiyyətlə, Rusiya bu vasitələrlə işləməyi bacarmır – nə təcrübəsi, nə də texnologiyası var. “Sərt güc” tətbiq etmək, yəni Azərbaycana təzyiq göstərmək isə faktiki olaraq ikinci cəbhə açmaq olardı. Bu isə Moskvaya lazım deyil. Məncə, Rusiya məhz bu səbəbdən kiçik fasilə götürməyə qərar verib”, – tədqiqatçı bildirib.

Onun sözlərinə görə, ikinci səbəb ondadır ki, Moskva bir şeyi başa düşüb: Bakının tələblərinə cavab verməmək, əslində, Azərbaycanı əks düşərgəyə – Qərbə tərəf itələmək deməkdir. “Qərb getdikcə daha fəal şəkildə bölgəmizə daxil olur. Rusiya Cənubi Qafqazda təsirini itirir. Məncə, Rusiya indi başqa plan hazırlayır, lakin bu plan yenə də “sərt güc” üzərində qurulmayacaq. Bu, çox güman, Azərbaycana qarşı hibrid təsir formatında olacaq – ölkənin daxilində stabilliyi pozmaq, hakim dairələrdə parçalanma yaratmaq (Rusiyanın bu çevrələrdə kifayət qədər təsirə malik olduğunu bilirik), daxili qarşıdurmaları qızışdırmaq və eyni zamanda bu proseslərə cəlb olunacaq qüvvələri dəstəkləmək. Məncə, Rusiyanın vəziyyətlə barışdığını və günahını etiraf etdiyini demək səhvdir”, – Ərəstun Oruclu yekunlaşdırıb.


Geri qayıt