Əsas Səhifə > Ana xəbər / Güney Press > İranlı milyonçu qadın Bakıda aldadılıb: “3 milyonumu mənimsəyiblər”
İranlı milyonçu qadın Bakıda aldadılıb: “3 milyonumu mənimsəyiblər”Dünən, 17:15 |
İranlı milyonçu, iş xanımı Mojgan Abodi Bakıda təsis etdiyi “Azer Pak” MMC-nin sabiq baş mühasibi Fərhad Əfəndiyevin də aralarında olduğu şəxsləri 3 milyon manatdan çox vəsaiti mənimsəməkdə ittiham edib. “Qafqazinfo”nun əldə etdiyi məlumata görə, 70 yaşlı F.Əfəndiyev istintaqın əvvəlində həbs edilib. İş materiallarına əsasən, “Azer Pak” MMC iranlı qadın tərəfindən yaradılmış, sabun və digər yuyucu vasitələrin satışı ilə məşğul olan şirkətdir. Fərhad Əfəndiyev on il ərzində şirkətdə baş mühasib, bir müddət isə direktor vəzifəsini icra edib. O, təqaüdə çıxdıqdan sonra Mojgan Abodinin Daxili İşlər Nazirliyinin (DİN) Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi tərəfindən cinayət məsuliyyətinə cəlb olunub. Cinayət baş verən dövrdə Amerikada yaşamış Mojgan Abodi ifadəsində deyib ki, şirkətin yaradılması üçün 5-6 milyon ABŞ dolları sərmayə qoyulub: “İttiham aktında göstərilən 3 milyon 218 min manat zərər düzgündür. Bizim bir neçə ölkədə şirkətlərimiz var. Mən onlayn qaydada dörd şirkət idarə edirəm, hesabatları alır və yoxlayıram. Əgər mühasib, auditor və hüquqşünas birləşməsə belə oğurluq mümkün deyil. Onlar birləşib pulu mənimsəyiblər. Axırda məcbur qalıb polisə üz tutdum. Təqsirləndirilən şəxsdən şikayətçiyəm və bütün pulumun qaytarılmasını tələb edirəm”. Fərhad Əfəndiyev isə ittihamı qəbul etməyib. Onun sözlərinə görə, müəssisənin direktoru Seyfi Mirhəmid olub və onun mənimsəmədə iştirak edib-etmədiyini bilmir. Özünü təqsirli saymasa da, vurulmuş ziyanın bir hissəsini ödəyib. Bundan əlavə, mənimsəmədə şirkətin direktoru işləmiş Seyfi Mirhəmidin də rol oynadığı bildirilir. Zərərçəkmiş onun da məsuliyyətə cəlb edilməsində maraqlı olsa da, Seyfi Mirhəmidin harada olması hələ müəyyən edilməyib. Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Fərhad Əfəndiyev xüsusilə külli miqdarda mənimsəmədə təqsirli bilinərək 10 il müddətinə azadlıqdan məhrum edilib. Lakin onun yaşı və ağır dərəcəli ürək xəstəliyi nəzərə alınaraq, cəzanın şərti hesab edilməsinə qərar verilib. Məhkəmə zalından azadlığa buraxılan F.Əfəndiyevin avtomobili üzərinə qoyulmuş həbs də zərərçəkmişin razılığı ilə götürülüb. Geri qayıt |