Əsas Səhifə > Ana xəbər / Güney Press > Keçmiş nazir “Məhsul”dakı bərbad vəziyyətdən yazdı

Keçmiş nazir “Məhsul”dakı bərbad vəziyyətdən yazdı


Dünən, 16:50

Naxçıvan Muxtar Respublikasının (NMR) keçmiş kənd təsərrüfatı naziri Məmməd Abbasov Yasamal rayonu ərazisində yerləşən “Məhsul” stadionunun acınacaqlı vəziyyəti barədə “Facebook” səhifəsində paylaşım edib. M.Abbasov hazırda Yasamal rayonu ərazisində, "Məhsul" stadionunun yaxınlığında yaşayır.

Sabiq nazir paylaşımda bildirir ki, artıq 5 ildən çoxdur bu barədə mətbuatda dəfələrlə məlumatlar dərc olunur. M.Abbasovun sözlərinə görə, meydançanın ətrafında yaşayan sakinlər, məktəblər və bu ərazidən daim istifadə edən gənclər üçün bu stadion uzun illər ərzində vacib istirahət və idman məkanı olub. Xüsusilə gənclər və təqaüddə olan yaşlı nəsil nümayəndələri boş vaxtlarını burada keçirirdilər. Lakin son illərdə meydança yararsız, bərbad vəziyyətə düşüb. M.Abbasovun sözlərinə görə, insanlar arasında stadionun satılması və yerində yaşayış binalarının tikiləcəyi barədə söz-söhbətlər dolaşır.

Keçmiş nazir deyir ki, iki il əvvəl mətbuatda stadionu satmaq niyyətində olan məsul şəxslər haqqında cinayət işi açıldığı barədə məlumat yayılmışdı: “O zaman insanlar sevinc hissi ilə düşündülər ki, nəhayət, ədalət bərpa olunacaq, haqq öz yerini tutacaq. Lakin hadisələrin sonrakı gedişi göstərdi ki, bu istiqamətdə real nəticə əldə edilməyib, sanki belə bir fakt ümumiyyətlə olmayıb”.

M.Abbasov bildirir ki, stadion hazırda Respublika Həmkarlar Təşkilatının balansındadır: “Onun inzibati binasında əvvəllər həmin təşkilatın idarələrinə aid lövhələr asılmışdı. Lakin mətbuatda tənqidi yazı dərc olunduqdan sonra bu lövhələr dərhal çıxarıldı və belə təəssürat yarandı ki, obyektə rəhbərlik artıq həmin qurum tərəfindən həyata keçirilmir”.

O qeyd edir ki, Həmkarlar Təşkilatının keçmiş rəhbərliyi məsuliyyətdən yayınaraq bildirirdi ki, bu məsələ onların səlahiyyətində deyil. “Rəhbərlik dəyişəndə bir ümid yarandı ki, nəhayət, vəziyyət düzələcək, müəyyən tədbirlər görüləcək. Amma bu da baş vermədi. Nə Yasamal Rayon İcra Hakimiyyəti, nə də rayon bələdiyyəsi məsələyə ciddi yanaşmadı”, – deyə Abbasov vurğulayıb.

Keçmiş nazir əlavə edib ki, bu gün ölkəmizdə azad edilmiş torpaqlarda geniş quruculuq işləri aparılır, insanlar doğma yurdlarına qayıdır, Vaşinqtonda ABŞ Prezidentinin iştirakı ilə Ermənistanla sülh sazişi paraflanıb, Qəbələdə Türk Dövlətləri Təşkilatının möhtəşəm sammiti keçirilib, Zəngəzur dəhlizinin açılması istiqamətində mühüm addımlar atılır, Rusiya ilə münasibətlərdə yaranmış gərginlik aradan qaldırılır.

M.Abbasov vurğulayıb ki, bu qədər mühüm hadisələrin fonunda zahirdə kiçik görünən “Məhsul” stadionu kimi problemlərin illərlə həll edilməməsi vətəndaşlarda yerli hakimiyyət orqanlarına qarşı inamsızlıq və narazılıq hissi yaradır.

O, sual edir: “Nə vaxta qədər bu kimi məsələlər öz həllini tapmayacaq? Niyə bir neçə nəfərin şəxsi mənafeyi naminə yüzlərlə insanın əsəbləri, sağlamlığı pozulmalıdır?”

Abbasov bildirir ki, stadion artıq xəstəlik və təhlükə mənbəyinə çevrilib. Onun sözlərinə görə, təqdim olunan foto və videomateriallarda bu vəziyyət aydın görünür. “Bu, minlərlə insanın birgə fikridir. Əgər stadion bərpa olunmayacaqsa, heç olmasa, yerində park və istirahət mərkəzi salınsın. Onsuz da yaşayış binaları bir-birinin dibində, göbələk kimi artmaqdadır”, – deyə keçmiş nazir qeyd edib.

“AzPolitika.info”


Geri qayıt