Əsas Səhifə > Ana xəbər / Güney Press > Azşagirdli siniflərin bağlanması iqtisadi yox, sosial problemdir
Azşagirdli siniflərin bağlanması iqtisadi yox, sosial problemdirBu gün, 07:46 |
Tədris ili başlanandan bəzi məktəblərdə gah şagird sıxlığı, bəzilərində, əksinə, siniflərin ləğvi, ya da siniflərin birləşdirilməsi kimi hallar yaşanır. Şəmkir rayonunun Qaracəmirli kəndi 1 nömrəli məktəbdə şagird sıxlığı səbəbindən sinifdə əyləşməyə parta tapılmır, Yardımlı rayonu Şıxlar kənd Mehman Zamanov adına ümumtəhsil məktəbində isə şagird azlığı səbəbindən X sinif ümumiyyətlə ləğv edilib, uşaqlara kənddən xeyli uzaq məsafədə yerləşən başqa məktəbə getmələri məsləhət görülüb.
Təhsil Xidmətləri Araşdırma və Təhlil Mərkəzinin rəhbəri Kamran Əsədov Sherg.az-a açıqlamasında təhsil sahəsindəki bu kimi problemlərin sosial və pedaqoji əsaslı olduğunu dedi və onu da bildirdi ki, hər bir problemin həll yolu vardır:
- Azərbaycanın dağlıq və ucqar bölgələrində, xüsusilə Yardımlı, Lerik, Qusar, Zaqatala və Qəbələ kimi rayonlarda təhsil sisteminin qarşılaşdığı əsas çətinliklərdən biri sinif və məktəb tutumlarının az olması, şagird sayının minimum həddən aşağı düşməsidir. Bu hallarda bəzən 10-cu və ya 11-ci siniflərdə cəmi 3–5 nəfər şagird qalır və nəticədə məktəblər həmin sinifləri bağlamağa məcbur olur. Dövlət Statistika Komitəsinin 2024-cü ilə dair təhsil göstəricilərinə əsasən, ölkədə ümumtəhsil məktəblərinin 15 faizi azşagirdli məktəblərdir və onların təxminən 70 faizi dağlıq ərazilərdə yerləşir. Bu isə təhsilin bərabər əlçatanlığı prinsipinə zidd olan sosial və coğrafi fərqlilik yaradır. Azərbaycan Respublikasının “Təhsil haqqında” Qanunun 5-ci maddəsində açıq şəkildə qeyd olunur ki, dövlət təhsilin bütün pillələrində vətəndaşlara bərabər imkanlar yaratmalı, onların yaşayış yerindən asılı olmayaraq keyfiyyətli təhsil almaq hüququnu təmin etməlidir. Lakin praktiki vəziyyət göstərir ki, azşagirdli siniflərin bağlanması və şagirdlərin digər kəndlərə yönləndirilməsi bu bərabərliyi pozur. Yardımlı kimi dağlıq rayonlarda bu məsələ xüsusilə kəskin xarakter daşıyır, çünki qış aylarında yolların bağlanması, sərt iqlim şəraiti və nəqliyyatın olmaması şagirdlərin digər kəndlərdəki məktəblərə getməsini qeyri-mümkün edir.
K.Əsədov qeyd etdi ki, Elm və Təhsil Nazirliyinin son illərdə həyata keçirdiyi “məktəb şəbəkəsinin optimallaşdırılması” siyasəti iqtisadi baxımdan əsaslandırılsa da, sosial reallıqlar baxımından adaptasiyaya ehtiyac duyur. Nazirliyin bu istiqamətdə məqsədi resurslardan səmərəli istifadə etmək, tədris keyfiyyətini artırmaq və təhsilin dayanıqlılığını təmin etməkdir. Bu yanaşma müsbət istiqamətdir, çünki kiçik tutumlu məktəblərdə bəzən bir müəllim bir neçə sinfə dərs deyir, tədris planları bölünür, tədris keyfiyyəti isə düşür. Amma həmin sistemin regional xüsusiyyətlər nəzərə alınmadan tətbiqi sosial ədalətsizlik yarada bilər:
- Dünya təcrübəsində bu problemin müxtəlif həll modelləri mövcuddur. Məsələn, Finlandiyada və İslandiyada “kombinə olunmuş sinif” sistemi tətbiq olunur. Bu sistemdə bir müəllim eyni zamanda iki və ya üç sinfin şagirdləri ilə işləyir, lakin dərs proqramı fərqli çətinlik səviyyələrinə bölünür və fərdiləşdirilmiş tədris resursları ilə təmin olunur. Norveçdə və Kanadada “mobil müəllim” modeli var: müəllimlər həftənin müxtəlif günlərində fərqli kəndlərə gedərək dərs keçir və bunun üçün dövlət tərəfindən nəqliyyat və yaşayış təmin edilir. Estoniyada isə azşagirdli məktəblər tamamilə bağlanmır, əksinə, onlara texnoloji dəstək verilir və şagirdlər distant tədris platformaları vasitəsilə böyük şəhərlərdəki məktəblərlə eyni tədris proqramına qoşulurlar. Azərbaycan bu istiqamətdə ilk addımlarını artıq atıb. Elm və Təhsil Nazirliyi 2023-cü ildən “Rəqəmsal məktəb” layihəsini icra etməyə başlayıb. Bu layihə ucqar kəndlərdə yaşayan şagirdlərə onlayn platforma üzərindən keyfiyyətli dərslərə çıxış imkanı yaradır. Bununla yanaşı, bəzi regionlarda “bir müəllim – bir neçə sinif” modeli sınaqdan keçirilir. Bu islahatlar çox müsbət addımlardır və nazirliyin təhsil bərabərliyi prinsipinə sadiqliyini göstərir. Lakin Yardımlı kimi rayonlarda bu sistemin tam tətbiqi üçün infrastruktur məsələləri – internet, kompüter təminatı və müəllim resursu – paralel şəkildə həll edilməlidir.
Ekspert bildirdi ki, hazırkı vəziyyətdə əsas məsələ “azşagirdli siniflərin bağlanması meyarlarının” daha elastik şəkildə tənzimlənməsidir:
- Yəni yalnız şagird sayına deyil, həm də coğrafi şəraitə, hava və yol infrastrukturuna görə qərar verilməlidir. Bununla yanaşı, dövlət büdcəsində “ucqar məktəblər üçün əlavə maliyyə stimulu” maddəsi yaradılmalıdır. Bu həm müəllimlərin orada qalmasını təmin edər, həm də məktəblərin bağlanmasının qarşısını alar. Yardımlı kimi yerlərdə 4 şagird üçün belə məktəbin saxlanması sosial məsuliyyət, dövlət qayğısı və təhsil ideologiyasının humanist mahiyyətinin göstəricisi olardı. Hesab edirəm ki, azşagirdli siniflərin bağlanması problemi iqtisadi deyil, sosial və pedaqoji məsələ kimi qiymətləndirilməlidir. Dəyişikliklər elə aparılmalıdır ki, heç bir uşaq yaşayış yerinə görə təhsildən məhrum olmasın. Elm və Təhsil Nazirliyinin bu istiqamətdə atdığı addımlar – rəqəmsallaşma, distant tədris və kombinə sinif modelləri – doğru yoldadır və davamlı şəkildə genişləndirilməlidir. Bu, həm regionlarda təhsilin bərabərliyini təmin edəcək, həm də Azərbaycanın gələcək intellektual potensialının formalaşmasına töhfə verəcək.
Geri qayıt |