Əsas Səhifə > Ana xəbər / Güney Press > İlkin Süleymanovun bu günə təyin olunan məhkəməsi təxirə salındı
İlkin Süleymanovun bu günə təyin olunan məhkəməsi təxirə salındıBu gün, 02:24 |
Oktyabrın 14-də Ali Məhkəmədə 6 il əvvəl Tovuz rayonunun Dondar Quşçu kəndində 11 yaşlı Nərmin Quliyevanın itkin düşməsi, 47 gün sonra isə kənddə yandırılmış meyitin tapılması ilə əlaqədar həbs olunaraq, 18 il azadlıqdan məhrum edilmiş İlkin Süleymanovun işinə baxılmalı idi. Lakin məhkəmə prosesi təxirə salınıb.Bu barədə Bizimyol.info xəbər portalına İlkin Süleymanovun ailə üzvləri məlumat verib. “Dəqiq nə vaxta təxirə salındığını bilmirik. Vəkilimizə bildirilib ki, təyin olunduğu vaxtda – oktyabrın 14-də olmayacaq. Çox güman ki, gələn aya qalır. Amma dəqiq vaxt barədə vəkilə məlumat veriləcək”, - İlkin Süleymanovun qardaşı Adil Süleymanov bildirib. Qeyd edək ki, İlkin Süleymanovun kassasiya şikayətinə Ali Məhkəmədə hakim Rəşad Abdulovun sədrliyilə baxılacaq. Azyaşlını oğurlayıb qətlə yetirməkdə ittiham olunan 1973-cü il təvəllüdlü İlkin Süleymanov 2020-ci il yanvarın 6-da – Dondar Quşçu kəndində yanmış meyit tapılan gün həbs olunub. Ona qarşı Cinayət Məcəlləsinin 120.2.4 (xüsusi amansızlıqla qəsdən adam öldürmə), 120.2.9 (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı qəsdən öldürmə), 144.3 (adam oğurluğu) və başqa maddələrilə ittiham verilib. Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 18 il azadlıqdan məhrum edilib. Gəncə Apellyasiya Məhkəməsi də bu hökmü qüvvədə saxlayıb. İlkin Süleymanov ittihamı qəbul etmir, işgəncə altında etiraf ifadəsi verdiyini deyir. O bildirib ki, azyaşlı Nərminin 47 gün onların evində olması, onu öldürməsi və meyitini yandırması barədə ittihamda yazılanların hamısı yalandır. Baş Prokurorluq isə İlkin Süleymanovun işgəncə iddialarını təkzib edib. Vəkillərin bu barədə şikayətlərinə cavab olaraq, prokurorluqdan bildirilib ki, işgəncə barədə deyilənlər araşdırılıb və iddialar təsdiqini tapmayıb. Geri qayıt |