Əsas Səhifə > Ana xəbər / Güney Press > Xanlar Ağalarov "Green Flag Award"ı necə əldə edib?
Xanlar Ağalarov "Green Flag Award"ı necə əldə edib?Bu gün, 16:15 |
Xanlar Ağalarov "Green Flag Award"ı necə əldə edib? - Milli Parka verilən mükafatın izi iləDənizkənarı Milli Park "Green Flag Award" beynəlxalq mükafatına layiq görülüb.
Qaynarinfo xəbər verir ki, bu barədə Dənizkənarı Bulvar İdarəsinin rəsmi saytında məlumat yerləşirilib.
Həmin məlumatda qeyd edilir ki, Dənizkənarı Milli Parkın "Green Flag Award"a namizədliyi bir neçə mərhələdən ibarət beynəlxalq qiymətləndirmə prosesi çərçivəsində həyata keçirilib. Parkın saxlanma və idarəetmə sistemi, ətraf mühit siyasəti, xidmət strukturu, yaşıllaşdırma və təmizlik standartları ilə bağlı əhatəli müraciət və sənədlər toplusu qiymətləndirilib.
"Green Flag Award" mükafatı Böyük Brtitaniyada təsis edilib. Mükafatın saytında bildirilir ki, məqsəd Birləşmiş Krallıq və dünya üzrə açıq havada istirahət məkanlarının idarə olunması üçün nümunəvi standart müəyyən etməkdir.
Standartlara əsasən bunlar daxildir: yaşıllıq sahəsinin idarə olunmasında uğurlu təcrübə, yaxşı idarəetmə standartları...
Qiymətləndirmə isə 8 bölmə üzrə aparılır: qarşılanma, təhlükəsizlik, təmizlik, ekoloji idarəetmə, biomüxtəliflik/landşaft/irs, icma iştirakı, marketinq-kommunikasiya, idarəetmə. Ümumi bal 100-dür. Keçid üçün minimum 66 bal tələb olunur.
Bu mükafata onlayn şəkildə müraciət edilir. Bəzi sənədlər təqdim olunur və heç də az olmayan məbləğdə rüsumlar ödənilir. 20 hektara qədər ərazisi olan parklar üçün rüsüm 6000 paund (təxminən 13 600 AZN), 20 hektardan böyük olan parklar üçün isə daha 6000 paund rüsüm nəzərdə tutulur. Bu hardasa ilkin ödəmədir. Onlayn dəyərləndirmədən sonra bir neçə nümayəndə-qonağın gəlişi, qalma və yola salınma xərcləri də var. Bu xərclərin də "ev sahibi" tərəfindən qarşılandığını təxmin etmək olar. Üstəlik, mükafatı hər il saxlamaq-qorumaq üçün də əlavə rüsum-ödənişlər tələb olunur.
Qısası, "Green Flag Award” mükafatını almaq üçün əlin cibində olmalıdır. Lakin bununla işimiz yoxdur və məqsədimiz bu mükafatın nüfuzunu sual altına almaq deyil. Amma mükafatın hansı kriteriyalar üzrə (parkın saxlanma və idarəetmə sistemi, ətraf mühit siyasəti, xidmət strukturu və s.) verildiyini görəndə bəzi sualların yaranması da təbiidir.
Ən azı ona görə ki, Dənizkənarı Bulvar İdarəsinin keçmiş rəhbəri İlqar Mustafayevin məhkəməsi hələ bitməyib və ona qarşı irəli sürülən rəsmi ittihamlarda bu kriteriyaların az qala hamısının kobud şəkildə pozulmasından bəhs olunur.
Xatırladaq ki, İlqar Mustafayev 2024-cü ilin yanvarında vəzifəsindən azad edilib. Bundan sonra Hesablama Palatası Dənizkənarı Bulvar İdarəsində audit yoxlamasına başlayıb. 2024-cü ilin sentyabr ayında isə İqar Mustafayev həbs edilib.
Rəsmi ittihamda qeyd edilir ki, İlqar Mustafayevin 2021-2023-cü illər ərzində İdarənin fəaliyyəti istiqamətləri üzrə ayrılmış xüsusilə külli miqdarda pul vəsaitini mənimsəmə və israf etmə yolu ilə talamasına, vəzifə səlahiyyətlərindən sui-sitifadə etmə və vəzifə saxtakarlığı törətməsinə əsaslı şübhələr müəyyən edilib.
Toplanmış ilkin sübutlar əsasında İlqar Mustafayevə Cinayət Məcəlləsinin 179.4 (xüsusilə külli miqdarda ziyan vurmaqla mənimsəmə), 308.2 (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham elan edilməklə müstəntiqin vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında Binəqədi Rayon Məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Cari ilin iyul ayında İlqar Mustafayevin məhkəməsi başlayıb.
Beləliklə, İlqar Mustafayevin həbsi fonunda Dənizkənara Milli Parkın "Green Flag Award” mükafatına "layiq” görülməsi və bunun təntənə ilə ictimaiyyətə təqdim edilməsi anlaşılan deyil.
Dənizkənarı Bulvar İdarəsinin yeni rəhbəri Xanlar Ağalarov ötən ilin yanvarında bu vəzifəyə təyin edilib. Yəni, o bir ildən artıqdır ki, idarəyə rəhbərlik edir. Bu dövrdə hansı əhəmiyyətli dəyişikliyə nail olunub? Milli Parkda hansı yeniliklər baş verib? Hələ biz onu demirik ki, "Green Flag Award” mükafatına namizədlik üçün sənədlərin təqdim edilməsi, qiymətləndirmə prosesinin özü də müəyyən vaxt tələb edir. Onda belə çıxır ki, Bulvar İdarəsi son vaxtlar əsas səylərini bu mükafatı əldə etməyə yönəldib. Əlbəttə, yəqin buna da ehtiyac var. Amma yeni rəhbərlik köhnədən qalma problemlərin hansı səviyyədə və nə qədər aradan qaldırıldığı barədə ictimaiyyətə də ətraflı hesabat verməyə diqqət ayırsa, yaxşı olardı.
Geri qayıt |