Əsas Səhifə > Ana xəbər / Güney Press > Azərbaycan Ermənistanın enerji xilaskarı ola bilər

Azərbaycan Ermənistanın enerji xilaskarı ola bilər


Bu gün, 17:51

Ermənistanın Baş naziri Nikol Paşinyan bildirib ki, İrəvan və Bakı yalnız siyasi və iqtisadi sahədə deyil, həm də ticarət əlaqələri qurmalıdır. O, bunu Düşənbədə keçirilən MDB sammitində deyib.
Paşinyan qeyd edib ki, sülhün bərqərar olması ölkələr arasında bütün məsələlərin həll edildiyi anlamına gəlmir: “Biz hələ də qarşılıqlı ticarət qurmalı, iqtisadi, siyasi və mədəni əlaqələr yaratmalıyıq”.
Baş nazir həmçinin humanitar məsələlərin həllinə ehtiyac olduğunu vurğulayıb. O bildirib ki, uzun müddət davam edən düşmənçiliyi nəzərə alaraq, bu, çətin bir vəzifədir. Lakin Paşinyan əmindir ki, sülhün bərqərar olması ilə bu məsələlər tədricən həllini tapacaq.
 
İqtisadçı Natiq Cəfərli isə Sherg.az-a açıqlamasında deyib ki, bütün bu amillər Azərbaycanla Ermənistan arasında imzalanacaq sülh müqaviləsinin şərtlərindən asılı olacaq. O bildirib ki, Azərbaycan beynəlxalq hüquqa uyğun olaraq sülh müqaviləsinin şərtlərini Ermənistana təqdim edib:
“Azərbaycanla Ermənistan arasında imzalanacaq sülh müqaviləsi yalnız siyasi deyil, eyni zamanda iqtisadi və ticarət əlaqələrinin inkişafı üçün də əsas rol oynayacaq. Ermənistanın enerji daşıyıcılarına ehtiyacı var. Rusiyadan kəskin asılılıqdan əziyyət çəkir. Təbii qazda təxminən 80 faiz, neft məhsullarında isə 90 faizə yaxın asılılıq mövcuddur. Bu, ölkənin enerji təhlükəsizliyi baxımından ciddi risk yaradır. Azərbaycan tərəfinin bu boşluğu doldurması Ermənistan üçün alternativ enerji təminatı, Azərbaycan üçün isə strateji bir bazara çıxış imkanı deməkdir. Burada sadəcə enerji satışından söhbət getmir, Azərbaycanın regional təsir gücü və iqtisadi diplomatiyası da güclənir”.
 
N.Cəfərlinin sözlərinə görə, sülh müqaviləsi imzalandıqdan sonra sərhədyanı ticarət əlaqələrinin inkişafı yalnız iqtisadi deyil, həm də sosial normallaşmaya xidmət edəcək:
“Onsuz da hazırda bir sıra Azərbaycan məhsulları Gürcüstan vasitəsilə Ermənistana daxil olur, lakin rəsmi ticarət əlaqələrinin qurulması, həm logistik xərcləri azaldacaq, həm də qarşılıqlı iqtisadi maraqların daha dayanıqlı şəkildə formalaşmasına imkan yaradacaq. Bu, həmçinin regiondakı kiçik və orta sahibkarlıq subyektlərinin inkişafına stimul verəcək”.

Geri qayıt