Əsas Səhifə > Ana xəbər / Güney Press > Yediyiniz ətdən XƏBƏRİNİZ VARMI?

Yediyiniz ətdən XƏBƏRİNİZ VARMI?


Bu gün, 14:49

Paytaxtda dana ətinin qiyməti gah qalxır, gah da enir. Bəzən sümüksüz dana ətinin kiloqramının 20-21 manata satıldığını görürük, bəzən də 16-18 manata. Bu günlərdə isə “sümüksüz dana əti 11 manat” yazılmış lövhə görünüb. Bu, nədir? Yuxu, illüziya, miraj?.. Heç biri deyil. Həqiqətdir. Amma əsasında xarici ölkələrdən hansındansa gətirilən, yaşlı heyvanların əti. Bunu biz demirik. Mütəxəssislər bildirir. Əhalinin müəyyən qisminin ucuz qiymətə satılan ətlərdən almaq məcburiyyətində qaldığı məlumdur. Ailələr var ki, büdcələri ancaq ucuz ət almağa yetir. Odur ki, 11-12 manat cəlbedici görünür və insanlar bu ətlərdən alıb istifadə edirlər. Bəs keyfiyyət, yararlı olub-olmamaq necə? Dediyimiz kimi, kasıb bunları düşünməyi özünə rəva görə bilmir. Ucuz ət hardan gətirilir, dana, yoxsa öküz, inək ətidir, nə vaxt kəsilib, ölkəyə nə vaxt gətirilib, təzədir, köhnədir... bu suallar açıq qalır.
 
İqtisadçı Rauf Qarayev Sherg.az-a açıqlamasında qeyd etdi ki, satışdakı ucuz ətlər 5-6 manata Monqolustandan gələn ətlərdir. İdxal olunan bu ət məhsullarından restoranlarda da istifadə olunur, marketlər zəncirində də satışa çıxarılır:
- Maraqlı odur ki, bu ətlərin dadı ölkədə yetişdirilən heyvan ətləri kimi olmur. Xaricdən gətirilən ətlərlə yerli heyvanların ətinin dadı fərqlidir. Bunu hər bir insan – ağız dadı olan birisi hiss edir. Xaricdən gətirilən heyvan mənşəli ətlər həddindən artıq yağlıdır. Çünki onları proteinlə zəngin qidalarla bəsləyirlər. Süni qidalanma olduğu üçün heyvanlar tez böyüyür, kökəlir, ətlik hala gəlirlər. Amma yerli əhalinin təbiətdə yetişdirdiyi mal-qaraya baxırsan arıqdır, o qədər də çox ət vermir, amma keyfiyyətlidir, sağlamdır.
 
İqtisadçı məsləhət gördü ki, yaxşısı budur, əhali kəsim yerlərindən ət alsınlar, tanıdıqları qəssablara müraciət etsinlər:
- Bəzən qəssablar, ət kəsimi məntəqəsi işlədən şəxslər də ətin mənşəyi haqqında məlumat vermir. Nisbətən ucuz qiymətə qoyur əti, imkanı çatan da alır. Belə məlumatlar var ki, xaricdən gətirilən heyvan ətlərini də qəssablara ucuz qiymətə satırlar. Dediyim kimi, bu cür ətlərin ölkəyə gətirilməsi ucuz başa gəldiyindən onların idxalı sərf edir. Qəssablar da ucuz qiymətə alır, münasib qiymətə satışa qoyurlar. Tanış qəssablarsa satışdakı ətlərin mənşəyini deyir alıcısına, yerlidir, yoxsa xarici. Yaxşısı budur, əhali gözü ilə gördüyü yerdən ət alsın. Ən rahatı budur.
 
R.Qarayev idxal olunan ətlərin keyfiyyət göstəricilərinin aşağı olmadığını, Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi tərəfindən yoxlandığını dedi və əlavə etdi ki, burada məsələ idxal ətlərin yerli insanlarımızın ağız dadına uyğun olmamasıdır:
- Hər bir millət öz geninə uyğun qida ilə qidalanmalıdır. Niyə kənd təsərrüfatını, heyvandarlığı inkişaf etdirə bilmirik? Biz idxaldan asılı olmamalıyıq. Amma asılı vəziyyətə düşmüşük. Heyvandarlığı inkişaf etdirmək üçün otlaq sahələri geniş olmalıdır. Əslində biz bu imkanlara sahib ola bilərik. İşğaldan azad edilmiş ərazilərimiz də bizə bu imkanı verir. Amma indiki halda otlaqlar azdır. Buna görə qiymətlərdə enmə yox, yüksəlmə müşahidə olunur. Xaricdən ət almaq daha sərfəlidir. Baxmayaraq yemlərə vergi və gömrük güzəştləri var, heyvandarlıq inkişaf etmir. Bazarda qiymət artımının qarşısını almaq və tələbatı ödəmək üçün də idxala üstünlük verilir.

Geri qayıt