Əsas Səhifə > Ana xəbər / Güney Press > “Əfv jurnalistlərə və ictimai fəallara da şamil edilməlidir”

“Əfv jurnalistlərə və ictimai fəallara da şamil edilməlidir”


Dünən, 16:44

Bu ilin sonuna kimi Azərbaycanda əfv sərəncamının olacağı gözlənilir.

Gununsesi.info-nun əldə etdiyi məlumata görə, növbəti əfv sərəncamı əvvəlkilərdən fərqli olacaq.

Belə ki, ölkə başçısının əfv sərəncamına həbsdəki ictimai-siyasi fəallardan, həmçinin jurnalistlərdən bir neçəsinin adının daxil ediləcəyi bildirilir.

Gununsesi.info– ya danışan hüquq müdafiəçisi Novella Cəfəroğlu bildirib ki, monitorinq qrupunda bu əfvin elan olunması səbirsizliklə gözlənilir.

“Arzumuz odur ki, bu əfv geniş şəkildə tətbiq olunsun. Jurnalistlərə, xəstələrə, cəzasının az bir hissəsi qalanlara, 3/2-ni çəkmiş məhbuslara, siyasi motivlə həbs olunanlara, inancına görə azadlıqdan məhrum edilənlərə, eləcə də ömürlük cəza alan, amma artıq 25 ildən çox həbsdə olan şəxslərə də şamil edilsin.

Söhbət canilərdən deyil, bir vaxtlar dövlətin müdafiəsində iştirak etmiş şəxslərdən — məsələn, OMON əməkdaşlarından, Qaranquş batalyonunun döyüşçülərindən gedir. Onların arasında cəbhəyə könüllü yazılan, 17 yaşında düşmənlə vuruşan gənclər də olub. Artıq 30 ildir bu insanlar öz cəzalarını çəkirlər. Biz hər dəfə əfv komissiyasına bu məsələ ilə bağlı məktublar göndəririk”.

Novella Cəfəroğlu qeyd edib ki, referendum ərəfəsində belə bir humanist addım dövlətimizin həm daxildə birliyini möhkəmləndirər, həm də xaricdən ölkəmizə yönələn tənqidlərin qarşısını alar.

“Bu gün dünyada vəziyyət gərgindir, ətrafımız müharibələrlə doludur. Belə bir məqamda xalqın birliyi, dövlətin gücü hər şeydən önəmlidir. Biz inanırıq ki, bu əfv həm humanist, həm də strateji baxımdan çox müdrik qərar olar. Allah dövlətimizi qorusun”.


Geri qayıt