Əsas Səhifə > Ana xəbər / Güney Press > Putin dedi: İNANAQMI?

Putin dedi: İNANAQMI?


Dünən, 17:02

Rusiya Prezidenti Vladimir Putin Azərbaycan Prezidenti İlham Əliyevlə Düşənbədəki görüşündə AZAL təyyarəsinin vurulmasına görə məsuliyyəti yenə Ukraynanın üzərinə qoymağa çalışıb. Onun sözlərindən çıxan nəticə budur ki, Çeçenistan səmasında Ukrayna dronları olmasaydı, Rusiya hərbçiləri Azərbaycanın mülki təyyarəsinə atəş açmayacaqdılar. Putin təyyarənin raketlə vurulması faktını da qəbul etmir. Onun sözlərinə görə təyyarəyə raketin qəlpələri dəyib. Kreml sahibi eyni zamanda Rusiyanın istintaqa bütün lazımi dəstəyi verdiyini və bu faciənin hərtərəfli araşdırılmasına açıq olduğunu bildirib. Putin araşdırılmanın yekunlaşmadığına işarə edirsə, raketin təyyarəyə dəymədiyini niyə iddia edir?
Hər halda Azərbaycan Prezidentinə müraciətində “hadisənin Rusiyanın hava məkanında baş verməsinə görə Sizdən üzr istəyirəm. Həlak olanların ailələrinə ən səmimi başsağlığımı çatdırıram” deyən Putin Rusiyanın AZAL təyyarəsinin qəzaya uğraması ilə bağlı bütün məmurların hərəkətlərinə hüquqi qiymət verəcəyini və ölkəsinin bu faciəli hadisə ilə əlaqədar zərərçəkənlərə kompensasiya ödəcəyini də vurğulayıb. Bu isə Azərbaycanın mülki təyyarəsinin vurulmasına və insanlarımızın həlak olmasına görə Rusiyanın məsuliyyət daşıdığının etirafıdır. Putin hadisədən 10 ay sonra söylədiklərini faciənin ilk günlərində desəydi, münasibətlər gərginləşməzdi. Münasibətlərin normallaşması Putinin təyyarənin vurulmasına görə rusiyalı məmurların hüquqi qiymət verəcəyi və kompensasiyaların ödəniləcəyi vədinin necə yerinə yetiriləcəyindən asılı olacaq. Ümid edək ki, Putin məmurlarına Rusiyada azərbaycanlıların incidilməsi, bəzi hallarda zorakılığa məruz qalması hallarına son qoyulmasını da tapşıracaq. Bütün hallarda münasibətlərdəki gərginlik hər iki ölkənin maraqlarına cavab vermir.
Elxan Şahinoğlu - "DİA-AZ"

Geri qayıt