Əsas Səhifə > Ana xəbər / Güney Press > “Paşinyan gündə 3-4 dəfə fikrini dəyişir”

“Paşinyan gündə 3-4 dəfə fikrini dəyişir”


Dünən, 16:56

Ermənistanın Baş naziri Nikol Paşinyan bu gün Brüsseldə “Global Gateway” beynəlxalq konfransında çıxışı zamanı “Tramp marşrutu” (TRIPP) barədə danışıb.

O bildirib ki, “Tramp marşrutu” (TRIPP) dəmir yolu infrastrukturu və energetika da daxil olmaqla, müxtəlif sahələrdə əməkdaşlıq üçün geniş imkanlar açan perspektivli investisiya layihəsidir.

Paşinyan vurğulayıb ki, müasir tarixdə ilk dəfə olaraq Cənubi Qafqaz “öz istifadə olunmamış potensialını üzə çıxarmağa” və Avropa ilə Mərkəzi Asiya arasında həm siyasi, həm də logistika baxımından daha geniş, maneəsiz əlaqələrə inteqrasiya etməyə hazırdır:

“Avqustun 8-də Vaşinqton sammitində ABŞ Prezidenti Donald Trampın dəstəyi ilə Ermənistan və Azərbaycan xüsusilə ərazi bütövlüyü, suverenlik, sərhədlərin toxunulmazlığı, yurisdiksiya və qarşılıqlılıq prinsiplərinə əsaslanan regional kommunikasiyaların açılması ilə bağlı razılıq əldə edib. Bundan əlavə, Ermənistan və ABŞ qarşılıqlı şəkildə müəyyən edilmiş üçüncü tərəflərlə birlikdə regionda və onun hüdudlarından kənarda əlaqələrin genişləndirilməsinə əhəmiyyətli təsir göstərəcək TRIPP layihəsini həyata keçirəcək”.

Görünür, Paşinyan artıq “Tramp marşrutu” (TRIPP) barədə reallıqları qəbul edib. Onun bu istiqamətdə mövqe və fikirlərinin müsbətə doğru dəyişməsi də bundan xəbər verir.

Politoloq Qulamhüseyn Əlibəyli “Cebheinfo.az”-a açıqlamasında bildirib ki, erməni siyasəti olduqca qəlizdir:

“Erməni siyasətçiləri gündə bir söz deyirlər. Onlar tez-tez fikirlərini dəyişməklə guya Rusiya ilə Avropa arasında bir növ manevr etdiklərini düşünürlər. Əslində isə bu, manevr yox, mənasız hərəkətlərdir. Nikol Paşinyan isə bu istiqamətdə daha da irəli gedib. O, gün ərzində 3-4 dəfə fikirini dəyişir.

Lakin onun dediklərində bir həqiqət var. Adının nə olmasından asılı olmayaraq, kommunikasiya xətlərinin açılması çox mühüm məsələdir. Şərq-Qərb və Şimal-Cənub arasında əlaqələrin genişlənməsinə xidmət edəcək. İqtisadi və ticari münasibətlərin genişlənməsinə səbəb olacaq. Yəni region üçün ən sərfəli layihələrdən biridir”.

Ekspert qeyd edib ki, yolun necə adlanmasının əhəmiyyəti yoxdur:

“Biz ona Zəngəzur dəhlizi, Paşinyan isə “Tramp marşrutu” deyir. Necə adlanmasından asılı olmayaraq, açılması önəmlidir. Azərbaycan bu yolun açılması ilə bağlı öz üzərinə düşən öhdəlikləri yerinə yetirib.

Dəhlizin ərazimizdən keçməsi üçün hər cür infrastrukturlar yaradılıb və yollar çəkilib. İndi isə növbə Ermənistandadır. ABŞ onlara xeyli vəsait ayırıb. İrəvan hakimiyyəti yolun açılması üçün konkret işlər görməlidir. Yəni artıq danışmağa ehtiyac yoxdur. Bu layihə təkcə region ölkələri üçün deyil, əksər dövlətlər üçün sərfəlidir”.



Geri qayıt