Əsas Səhifə > Ana xəbər / Güney Press > Koçaryan Rusiya üçün önəmli fiqurdur, amma...
Koçaryan Rusiya üçün önəmli fiqurdur, amma...Bu gün, 06:07 |
Ermənistanın ikinci Prezident Robert Koçaryan gələn il keçiriləcək parlament seçkilərində iştirak edəcək. Bu barədə Koçaryan mətbuat konfransında bəyan edib. O deyib ki, komandası qarşıdan gələn parlament seçkilərinə qatılacaq. Digər keçmiş liderlərin adından danışmaqdan imtina edən Koçaryan yeni qüvvələrin meydana çıxmasını istədiyini söyləyib: "Onlarla əməkdaşlıq ölkədə vəziyyətin dəyişməsinə gətirib çıxaracaq". Sabiq prezident əlavə edib ki, seçkilərdə səslərin oğurlanması inqilaba gətirib çıxaracaq. Onun sözlərinə görə, hakim "Mülki Müqavilə" Partiyası başa düşməlidir ki, bu cür hərəkətlər inqilaba gətirib çıxaracaq. O əlavə edib ki, əgər ölkədə inqilab təhlükəsi böyük olarsa, heç kim ciddi pozuntulara yol verməyə cəsarət etməyəcək. R.Koçaryan Ermənistan hakimiyyətinin Moldovanı nümunə götürməyə çalışacağına əminliyini ifadə edib: "Biz Moldovada baş verən aksiyalara hazır olmalıyıq. Geosiyasi maraqlar toqquşanda demokratiyanı hamı unudur. Hakimiyyət Avropada yaşayan moldovalıların sayəsində qalib gəldi. Burada təxminən 280 seçki məntəqəsi açıldı, halbuki Rusiyada cəmi iki seçki məntəqəsi açıldı".
Ermənistan parlamentinin sədri Alen Simonyan deyib ki, Robert Koçaryan, Levon Ter-Petrosyan və Serj Sərkisyan siyasi meyitdir: "Estetik baxımdan o insanı izləmək və dinləmək sadəcə xoşagəlməzdir. Onun saxta gülüşləri, üzündəki təhriflər, cəfəng fikirləri və "cəsarətli pozaları" artıq heç kimə maraqlı deyil, bunu ona deməyiblər ki, əhvalı korlanmasın. Əgər siyasi deməyə sözü varsa, onun yolu çoxdan göstərilib, cəsarətini toplayıb, yeganə seçilmiş rəhbərlə debatda iştirak etsin. Amma əminəm ki, vaxtilə özünü "ölkənin yeganə kişisi" adlandıran şəxs indi qorxur". Ermənistanın Respublika Partiyasının sədri Aram Sərkisyan da deyib ki, Koçaryandan daha mənfi reytinqə və ya toksik (zəhərli) imicə malik siyasi lider yoxdur. Onun sözlərinə görə, 2018-ci ildə Baş nazir Nikol Paşinyan, əslində, Serj Sarkisyanı yox, məhz Koçaryanı devirib. Xatırladaq ki, R.Koçaryan 1990-cı illərdə Azərbaycan ərazilərinin işğal edilməsində aparıcı rol oynayıb. O, işğalla yanaşı, Azərbaycan ərazilərində törədilmiş soyqırımı, digər müharibə və insanlığa qarşı cinayətlər, eləcə də terror aktlarının iştirakçısı və müəlliflərindən biri olub. Bu səbəbdən ona qarşı Azərbaycanda cinayət işi açılıb.
Politoloq Turab Rzayev "Sherg.az"a bildirib ki, burada həm Nikol Paşinyana qarşı kampaniya başladılıb, həm də Robert Koçaryan özünün nə qədər "faydalı" olduğunu xatırladır. Ekspert bildirib ki, məqsəd erməni cəmiyyətində sülhün əleyhinə nifrət toxumlarını səpməkdir:
"Paşinyan üzərindən Azərbaycan-Ermənistan arasında sülh prosesini zədələməyə çalışır. Koçaryan müharibə cinayətkarı, canidir. Sabah Azərbaycanın əlinə keçərsə, müharibə canisi, əli insanların qanına batmış terrorçu və xüsusən Ağdamın işğalında birbaşa rol almış şəxs kimi mühakimə olunacaq. Eyni zamanda keçmiş Prezident Serj Sarkisyan da müharibə canisidir. Sarkisyan Xocalı soyqırımında iştirakçı olduğunu özü etiraf edib. Yəni Koçaryan da, Sarkisyan da əliqanlı qatillərdir. Bunu nə Azərbaycan xalqı, nə də erməni xalqı unutmayacaq. Hazırda Koçaryanın əsas dayağı sayılan Rusiyanın Ermənistanda baş verən prosesləri anlamaqda çətinlik çəkdiyini görürük. Moskva hələ də cavab tapa bilmir, necə olur ki, Paşinyan 44 günlük müharibədə məğlub oldu, sonrasında dəfələrlə Azərbaycan qarşısında geri addım atdı, Qarabağın onlara məxsus olmadığını etiraf etdi, amma bunlara rəğmən, hakimiyyətdən getmir. Bir məqamı unudurlar ki, Koçaryan və Sarkisyan sadəcə Azərbaycan xalqına yox, ermənilərə qarşı da cinayətlər törədiblər".
T.Rzayev bəyan edib ki, bu iki quldur illər boyu Azərbaycan və Ermənistan xalqlarını bir-birinə qarşı qoyublar, aralarında düşmənçilik toxumu səpiblər:
"Bölgə xalqlarının birgəyaşayış imkanlarını məhv ediblər. 30 il ərzində Ermənistanı müstəmləkə kimi istismar ediblər. Ölkənin bütün resursları rüşvətxor, cinayətkar klan tərəfindən mənimsənilib. Erməni xalqının taleyi ilə oynayıblar. Yüzminlərlə erməni ölkəni tərk etmək məcburiyyətində qalıb. Ən əsası isə Ermənistan bütün regional layihələrdən, enerji və nəqliyyat-logistika proyektlərindən kənarda qalıb. Çünki cinayətkar rejim Ermənistanı dalana çevirib. Ölkənin dəmiryollarını, elektrik sistemlərini Rusiyaya satıblar. Paşinyan isə ölkəni bu dalan vəziyyətindən, düşdüyü bataqlıqdan çıxarmağa çalışır. Ermənistanı qonşularla normal əməkdaşlıq edən ölkə halına gətirmək, ölkəni blokadadan çıxartmaq istəyir. Türkiyə ilə iqtisadi münasibətlərin bərpasına səy göstərir. Erməni ictimaiyyəti bunun fərqindədir və məğlubiyyətə baxmayaraq, Paşinyanı anlayır və dəstəkləyir. Məhz o səbəbdən Paşinyanın "Qarabağ Azərbaycan torpağıdır" sözü, Ağrı dağının əksinin gömrük möhürlərindən çıxarılması, qondarma "soyqırımı" iddialarından vaz keçilməsi erməni cəmiyyətində təsdiqini tapır".
Siyasi şərhçinin fikrincə, Koçaryan Rusiya üçün önəmli fiqurdur, amma onun nəyəsə nail olmaq şansı sıfırdır:
"Onu həbsdən çıxaran da məzh Kreml idi. Ancaq onun seçkilərdə qələbə qazanmaq şansı yoxdur. Daha doğrusu, sivil qaydada seçki yolu ilə hakimiyyətə yiyələnmək imkanları yoxdur. Erməni cəmiyyəti onların iç üzünü görüb. Bunu da Paşinyan ifşa edib".
Geri qayıt |