Əsas Səhifə > Ana xəbər / Güney Press > Qareginin nüfuzunu tamamilə sarsıtmaq asan olmayacaq

Qareginin nüfuzunu tamamilə sarsıtmaq asan olmayacaq


Dünən, 10:57

Ermənistan hökumətinin başçısı Nikol Paşinyan Kilsəyə qarşı mübarizəsini davam etdirir. Prokuror Arman Bağdasaryan Şirak yeparxiyasının rəhbəri, hakimiyyəti ələ keçirməyə çağırışda ittiham olunan arxiyepiskop Mikael Acapaxyana azadlıqdan məhrumetmə cəzası tələb edib. Yepiskopu 5 ilədək həbs cəzası gözləyir.
Vəkili Ara Zohrabyan bu məhkəmədə ədalət olmadığını deyib. Ekspertlərin fikrincə, bu addım Paşinyan hakimiyyətinin Kilsə ilə münasibətlərinin aydın göstəricisidir. Qeyd olunub ki, Paşinyan hakimiyyəti 2018-ci il "məxməri inqilab"dan sonra daha çox sekulyar və qərbyönlü xətt yürüdür. Ermənistan Apostol Kilsəsi isə tarixən ölkənin ən güclü institutlarından biri olub və siyasətdə dolayı yollarla iştirak edib. Arxiyepiskop Acapaxyanın məhz "hakimiyyəti zorla ələ keçirməyə çağırış" kimi ağır siyasi ittihamla üzləşməsi, gərginliyin pik nöqtəsinə çatdığını göstərir.
Politoloq Zeynal Əmrəliyev Sherg.az-a deyib ki, baş verən hadisə Ermənistan cəmiyyətində mövcud olan "qərbyönlü islahatçılar" və "ənənəvi-mühafizəkarlar" arasında gedən mübarizənin bir növ simvoludur. Analitikin qənaətincə, Kilsə tərəfdarları və mühafizəkarlar bu həbsi dini azadlığa qarşı hücum kimi qələmə verə bilər:
"Digər tərəfdən, hökumət tərəfdarları bunu "dövlətə qarşı çağırışların qarşısının alınması" kimi əsaslandıra bilər. Bu həbs eyni zamanda Paşinyanın əsas düşməni olan baş katolikos II Qareginə də bir xəbərdarlıqdır. Hazırda Ermənistan hökuməti dini rəhbəri göndərmək üçün bir neçə ssenari üzərində işləyir. Bunlar arasında baş katalikosu siyasi fəaliyyətdən əl çəkməyə məcbur etmək, onun yerinə alternativ şəxs tapmaq, Qareginin əleyhinə hüquqi iddia qaldırmaq, mitinqlər vasitəsilə onu istefaya məcbur etmək, Kilsənin fəaliyyətini məhdudlaşdırmaq kimi variantlar daxildir".
 
Z.Əmrəliyev hesab edir ki, Qareginin siyasi roldan müəyyən qədər uzaqlaşdırılması və Kilsənin daha sakit, dini yönlü funksiyaya çəkilməsi ehtimalı mümkündür:
"Hökumət üçün açıq siyasi qarşıdurma risklidir. Bu, həm daxili narazılıq, həm də beynəlxalq qınaq gətirə bilər. Həmçinin, Qareginin nüfuzunu tamamilə sarsıtmaq da asan olmayacaq. Bir çox din xadimlərinin, icmaların dəstəyi var. Hansı variantın həyata keçməsindən asılı olmayaraq, Ermənistanda hökumət-Kilsə qarşıdurmasının hələ bir müddət də davam edəcəyi şübhəsizdir".

Geri qayıt