Əsas Səhifə > Ana xəbər / Güney Press > “Ermənistan sülh prosesində iradə göstərməlidir, yoxsa geri qalacaq”

“Ermənistan sülh prosesində iradə göstərməlidir, yoxsa geri qalacaq”


Bu gün, 09:30

Oktyabrın 2-də Kopenhagendə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Ermənistan Respublikasının Baş naziri Nikol Paşinyan ilə görüşü olub. Görüşdə tərəflər ABŞ Prezidenti Donald Trampın təşəbbüsü ilə keçirilmiş Vaşinqton Sülh Sammitində əldə olunan razılaşmaların əhəmiyyətini vurğulayıblar. Onlar Ermənistan və Azərbaycan arasında sülhün daha da möhkəmləndirilməsi istiqamətində səy göstərməyə hazır olduqlarını bir daha təsdiq ediblər.
Azərbaycan Prezidenti və Ermənistanın baş naziri regionda nəqliyyat kommunikasiyalarının faydalarını vurğulayıblar, Azərbaycan ərazisində infrastrukturun inkişafı ilə bağlı cari işlərin gedişatı və Ermənistan ərazisində TRIPP layihəsini müzakirə ediblər, Vaşinqton Bəyannaməsinin icrası ilə bağlı fikir mübadiləsi aparıblar. Tərəflər bu xüsusda ATƏT-in Minsk prosesinin və onunla əlaqəli strukturların ləğv olunması ilə bağlı yekdilliklə qəbul edilmiş qərarı alqışlayıblar. Görüşdə tərəflər etimad quruculuğu tədbirlərinin bundan sonra da həyata keçirilməsinin vacibliyini vurğulayıb və təmasları davam etdirmək barədə razılığa gəliblər. Avropa İttifaqı Şurasının Prezidenti Antonio Koşta Danimarkanın paytaxtı Kopenhagendə keçirilən "Avropa Siyasi Birliyi"nin Sammitinin toplantısında çıxışı zamanı Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyanı tarixi sülhə nail olmaları münasibətilə təbrik edib.
 
Politoloq Polad Mehdiyev Sherg.az-a açıqlamasında deyib ki, 8 avqust Vaşinqton görüşündən sonra çox ciddi prosesə start verildi. Ekspert vurğulayıb ki, regionda sülhün bərqərar olması və Zəngəzur dəhlizinin açılması istiqamətində müəyyən addımlar atıldı:
 
"Sülh sənədinin paraflanması ilə Ermənistan qarşısına müəyyən ev tapşırıqları qoyuldu. Əsas tələb isə Ermənistanın öz Konstitusiyasını dəyişməsi, qanunvericilikdə yer alan ərazi iddialarının çıxarılmasıdır. Yekun sülh sazişinin imzalanması üçün Ermənistana bir müddət vaxt lazımdır. Ancaq ona qədər Azərbaycan və Ermənistan arasında danışılası, müzakirə olunası məsələlər mövcuddur. Ümumiyyətlə isə sülh sazişi imzalanan günə və Zəngəzur dəhlizi açılanadək bu sahələrdə infrastrukturu formalaşdırmaq və təhdidləri neytrallaşdırmaq lazımdır. O baxımdan müxtəlif platformalarda ikitərəfli görüşlər və bu məsələlərin müzakirəsi olduqca vacibdir. Ermənistan Zəngəzur dəhlizinin icra olunması ilə bağlı öz öhdəliklərini də icra etməlidir. Yəni İrəvan hökuməti ABŞ-Ermənistan və Ermənistan-Azərbaycan münasibətləri kontekstində tapşırıqları yerinə yetirməli, kənar müdaxilələrin qarşısını almalıdır. Bu mərhələdə Ermənistan möhkəm iradə ortaya qoymalıdır ki, sülh prosesinə sadiq qalsın".
 
Analitik qeyd edib ki, ikitərəfli görüşlərin demək olar ki, hamısında liderlik keyfiyyəti dərhal aydın şəkildə sezilir:
"Əlbəttə, bunu Paşinyanın cənab Prezident İlham Əliyevlə müqayisədə liderlik keyfiyyətlərinin çox aşağı olması ilə izah edə bilərik. Eyni zamanda Vətən müharibəsindən sonra Azərbaycan Türkiyə ilə birlikdə regionda dominant güc olmağa başladı. Regionda yeni siyasi konfiqurasiyanı formalaşdıran Azərbaycandır. Məhz Azərbaycanın irəli sürdüyü istiqamətlər üzərində bölgədə sülh quruculuğu gedir, həmçinin, regionun geosiyasi səhnəsi yenidən şəkillənir. Bu istiqamətlər Azərbaycan-Türkiyə tandemi, Orta Dəhlizin işləməsi, İran və Rusiya kimi dövlətlərin Ermənistana təsirlərinin zəifləməsi, Ermənistanda revanşizmin neytrallaşdırılması və s.dir. Ermənistan yeni konfiqurasiyada mövcud olmaq istəyirsə, öhdəliklərinə qeyd-şərtsiz əməl etməlidir. Hazırda Ermənistanın siyasi iqtidarı seçim edib. Seçim ondan ibarətdir ki, Ermənistan Azərbaycanla sülh bağlayır və Türkiyə ilə sərhədləri açır, yeni siyasi-iqtisadi imkanlar əldə etmək istəyir. Ermənistan üçün əsas vacib məqam Türkiyə, Avropa Birliyi və Qərb investisiyasını ölkəyə gətirməkdir. Bu da kommunkasiyaların və sərhədlərin açılmasından keçir. Amma nəzərə almalıyıq ki, Rusiya iqtisadiyyatı indiki dövrdə Ermənistanın yaşaması üçün vacib nüanslardandır. Ona görə də İrəvanın Moskvadan siyasi, iqtisadi və təhlükəsizlik cəhətdən tamamilə qopacağını, daha doğrusu, qopmaq istədiyini düşünmürəm. Ermənistan hökuməti üzünü Qərbə çevirsə də, rezerv müttəfiq, ehtiyat dost ölkələr kimi Rusiya və İran hər zaman İrəvanın siyasətinin prioriteti olacaq. O səbəbdən Ermənistan Avrasiya İqtisadi Birliyindən çıxmayacaq və Rusiya ilə əlaqələri kəsməyəcək".

Geri qayıt