Əsas Səhifə > Ana xəbər / Güney Press > Bakının mərkəzində gecə klubundakı partlayışla bağlı 99 minlik tələb
Bakının mərkəzində gecə klubundakı partlayışla bağlı 99 minlik tələbBu gün, 09:58 |
3 il əvvəl Bakının mərkəzində “The Location” gecə klubunda baş vermiş partlayış nəticəsində dünyasını dəyişənlərdən biri – 2001-ci il təvəllüdlü Ayxan Fətullazadənin ailəsi onlara dəymiş mənəvi ziyanın ödənilməsini tələb edir. Ailə bu tələblə məhkəməyə müraciət edib.Bizimyol.info xəbər verir ki, mərhum Ayxan Fətullazadənin valideyni mənəvi ziyanın əvəzi olaraq, 99 min manatlıq iddia qaldırıb. “The Location” klubda baş vermiş partlayış və ardınca yanğın nəticəsində 4 nəfər ölüb, 33 nəfər xəsarət alıb. Bundan başqa, ətrafda olan 14 avtomobil, 1 mənzil və 2 obyektə ziyan dəyib. Bu hadisə ilə əlaqədar 3 nəfər həbs olunmuşdu. Bunlar obyekti icarəyə götürmüş “Merser food” MMC-nin administratoru Rəsul Rəsulov, şirkətin təsisçisi – klubun meneceri Orxan Səfərov və Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidmətinin 2-ci Ərazi Dövlət Yanğın Ərazi idarəsinin inspektoru Ruslan Məmmədov idi. Adları çəkilən şəxslərə qarşı Cinayət Məcəlləsinin 225.2 (yanğın təhlükəsizliyi qaydalarını pozma - ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda) və 314.2-ci (səhlənkarlıq-ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda) maddələri ilə ittiham irəli sürülmüşdü. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmünə əsasən, cəzalarını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməklə Rəsul Rəsulova 5 il Orxan Səfərliyə 4 il cəza verilmişdi. Ruslan Məmmədova isə sınaq müddəti təyin olunmaqla şərti cəza kəsilmişdi. Hökmü elan olunarkən bildirilmişdi təqsirləndirilən Orxan Səfərli tərəfindən dəymiş ziyan tam ödənilib. Zərərçəkmişlər tərəfindən məhkəməyə təqsirləndirilən şəxslərə qarşı şikayət və tələblərinin olmaması haqda ərizə təqdim olunmuşdu. Mərhum Ayxan Fətullazadənin valideyni də həmin məhkəmədə onun hüquqi varisi qismində dindirilmişdi. Budəfəki məhkəmədə ailə göstərib ki, Ayxan hadisə baş verdiyi dövrdə Memarlıq və İnşaat Universitetində təhsil alırdı, 4-cü kurs tələbəsi idi. Maddi baxımdan ehtiyacı olduğuna görə müxtəlif yerlərdə ofisiant işləyirdi. 2022-ci il martın 18-dən 3 apreldə hadisə baş verənə qədər “Tle Location” klubunda günəmuzd – 15 manata işləyib: “Aprelin 3-də gecə saat 4 radələrində zəng gəldi. Bir oğlan dedi ki, Ayxanın iş yoldaşıdır, partlayış olub, Ayxan yaralanıb, 5 nömrəli xəstəxanaya aparıblar. Səhər xəstəxanada Ayxandan hadisəni soruşdum. Dedi ki, qaz balonundan olub. Bir həftə sonra – aprelin 10-da “Medera Hospital”da Ayxan dünyasını dəyişdi”. Ata bildirib ki, ilk övladının ölümündən 3 ildən çox vaxt keçməsinə baxmayaraq, hələ də ailə özünə gəlməyib. Bu itkini sözlə ifadə etmək mümkün deyil: “Ayxan zəhmətkeş, çalışqan və gələcək arzularla yaşayan bir gənc idi. Ailənin ümidi və qürur mənbəyimiz olub”. Lakin məhkəmə mənəvi ziyanın əvəzi olaraq, 99 min manat təzminat tələbi ilə qaldırılan iddianı təmin etməyib. Hakim qərarını belə əsaslandırıb ki, klubdakı partlayışla bağlı cinayət işinə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılarkən Ayxan Fətullazadənin atası orada zərərçəkmişin hüquqi varisi qismində dindirilib. O, təqsirləndirilən şəxslərlə barışdığını, onlara qarşı şikayət və tələbinin olmadığını bildirib, bu barədə ərizə təqdim edib. Bu ərizə də hökm çıxarılarkən nəzərə alınıb. Söhbət 6 may 2022-ci il tarixli notariat qaydada təsdiq olunmuş ərizədən gedir. “İşin hallarından da göründüyü kimi, iddiaçının cinayət prosesində təqsirləndirilən şəxslərlə barışdıqdan sonra hazırki iddia ilə məhkəməyə müraciət etməsi üçün yeni bir əsas yaranmayıb”, - deyə hakim qərarında qeyd edib. Geri qayıt |