Əsas Səhifə > Ana xəbər / Güney Press > Okeanın o tayındakı Azərbaycan düşmənləri...
Okeanın o tayındakı Azərbaycan düşmənləri...Bu gün, 07:00 |
“Digər ölkə parlamentlərində olduğu kimi ABŞ Konqresində də qlobal erməni şəbəkəsinin maraqlarına xidmət edən və “lobbi qrupu” adı altında fəaliyyət göstərən və Azərbaycan əleyhinə beynəlxalq gündəm formalaşdırmağa çalışan qüvvələr var. ABŞ Parlamentində bu qüvvələrin başında Frank Pallone, Adam Şiff, Bred Şerman və s. bu kimi satılmış konqresmenlər dayanır. Elə bu qrupun lobbiçiliyi və təsiri əsasında Bayden dövründə ABŞ Administrasiyası ölkəmizə qarşı çoxsaylı neqativ addımlar atdı”.Bu barədə Bizimyol.info xəbər portalına danışan Sosial Tədqiqatlar Mərkəzinin (STM) baş məsləhətçisi Şəhla Cəlilzadə bildirib ki, bunlar arasında 2023-cü ilin 15 noyabrında “Ermənistanı Müdafilə Aktı”nın qəbul edilməsi və paralel olaraq “Azadlığa Dəstək Aktına” 907-ci düzəlişin bərpa edilməsi qeyd oluna bilər. Politoloq qeyd edib ki, bununla yetinməyən qrup ölkəmiz əleyhinə başqa inisiativlər də sərgiləyib. “5 sentyabr 2024-cü ildə Adam Şiffin müəllifi olduğu, Qarabağ ermənilərinin köçünə görə Azərbaycana qarşı təzminat iddiasını və sanksiya çağırışlarını özündə ehtiva edən “Artsaxın gəlirlərinin bərpası haqqında” qanun layihəsi ABŞ Konqresinə təqdim olunub. Hazırda isə Bred Şerman Qarabağ cinayətkarları azadlığa buraxılmayana qədər ABŞ-ın İnkişafın Maliyyələşdirilməsi Korporasiyasının Azərbaycana dəstəyini sonlandırmasını, başqa ifadə ilə iqtisadi sanksiyanı tələb edən qanun layihəsini təqdim edib. Ümumiyyətlə, bu iki mövzu – Qarabağ ermənilərinin geri dönüşü və erməni canilərinin azadlığa buraxılması hazırda qlobal erməni şəbəkəsinin əsas təbliğ etdiyi mövzulardır”-deyən politoloq qeyd edib ki, bu istiqamətdə hazırda Avropa ölkələri parlamentlərində də aktiv təbliğat işləri aparılmaqdadır. Şəhla Cəlilzadə vurğulayıb ki, hələ 2024-cü ilin mart-aprel aylarında bu iki konqresmen, Frank Pallone və Bred Şerman açıq çıxışlarında Qarabağ ermənilərinin köçünü “soyqırım cinayəti” adlandıraraq cənab Prezidenti hədəf alıb onun hüquqi məsuliyyətə cəlb olunmasını, Azərbaycan hakimiyyətinə və ümumilikdə Azərbaycana gələcəkdə təhlükəsizlik və digər sahələrdə bütün yardımların qarşısının alınmasını nəzərdə tutan sanksiyalarla bağlı sənədin Konqres tərəfindən qəbulunu təşviq edirdilər. “Odur ki, onların fəaliyyətinin nəticəsi olaraq gündəmə gələn yeni qanun layihəsi heç də təəccüb doğurmur. Bu, revanşist qüvvələrin sülh prosesini məhv etmək, Azərbaycana zərbə vurmaq üçün hazırladığı qlobal miqyaslı planın sadəcə bir parçasıdır. Lakin, Azərbaycan öz şanlı qələbəsinin legitimliyini məhz 8 avqust 2025-ci ildə Vaşinqtonda Trampın vasitəçiliyi ilə əldə olunan razılaşmalarla dünyaya bir daha tanıtdı. Tramp öz sələfindən fərqli olaraq Cənubi Qafqazda balanslı siyasət xəttinə geri dönərək Azərbaycanla strateji tərəfdaşlığın qurulması istiqamətində inisiativ sərgiləyir. Beləliklə, daha öncəki uğursuz layihələr kimi, Şermanın indiki layihəsinin də kağız üzərində qalacağını ehtimal etmək olar. Lakin müstəqil və suveren Azərbaycanın önündə maneələr yaratmaq məqsədilə hər zaman bu qrupa dəstək verəcək və keçmiş spiker Nensi Pelosi kimi “erməni soyqırımı” memorialı önündə saxta göz yaşlarını axıdacaq siyasətçilər tapılacaq”-deyə Şəhla Cəlilzadə bildirib. Geri qayıt |