Əsas Səhifə > Ana xəbər / Güney Press > Ağlar günə qalan Azərbaycan təhsili...
Ağlar günə qalan Azərbaycan təhsili...Bu gün, 17:25 |
Məktəblərdə valideynlərdən müxtəlif adlar altında pul yığılması artıq “adi hala çevrilmiş” problem hesab olunur.
Bu məsələ həm qanuni baxımdan suallar doğurur, həm də təhsil sisteminə ictimai etimadın zəifləməsinə gətirib çıxarır. Son dövrlərdə sosial şəbəkələrdə yayılan səs yazıları, faktlar və mediada işıqlandırılan halların çoxalması göstərir ki, problem təsadüfi deyil, sistemli xarakter daşıyır.
Rəsmi qurumlar isə ənənəvi olaraq “daxili araşdırma aparılacaq” cavabı ilə kifayətlənirlər. Lakin bu addımın problemi kökündən həll etmədiyi dəfələrlə sübut olunub. İnzibati tədbirlər görmək, günahkarı cəzalandırmaq müəyyən qədər təsir göstərə bilər, amma məsələni yalnız inzibati yolla aradan qaldırmaq mümkün deyil. Çünki problem həm məktəb rəhbərliyinin, həm valideynlərin münasibətindən, həm də sistemin şəffaf olmamasından qaynaqlanır.
Ekspertlərin fikrincə, bu məsələ real həllini tapmasa, təhsil sahəsində “kölgə ödənişləri” illərlə davam edəcək, nəticədə məktəbin imici, müəllimin nüfuzu, valideynin inamı zədələnəcək. Sadəcə, nazirliyin daxili araşdırmaları ilə kifayətlənmək yox, ictimai nəzarət mexanizmləri qurmaq, şəffaf hesabatlılıq tətbiq etmək və valideynlər üçün alternativ rəsmi kanallar yaratmaq vacibdir. Əks halda, pul yığımı problemi təhsil sisteminin xroniki yarasına çevrilməkdə davam edəcək.
Qeyd edək ki, Bakının Nizami rayonu, 250 nömrəli məktəbində valideynlərdən pul yığıldığı iddia olunur.
"Xəzər Xəbər"in vatsap qaynar xəttinə müraciət edən valideynlər belə deyirlər. Onların iddiasına görə, illərdir vatsapda yaradılmış qrup vasitəsilə onlardan müxtəlif adlar altında pul yığılır. Deyilir ki, sinif təmir olunmalı, pərdələr dəyişdirilməli, xadimə üçün pul yığılmalıdır.
Valideynlərdən kimisi bu kimi təşəbbüslərdən artıq təngə gəldiyini, kimisi isə məcbur qalıb ödədiyini deyir.
Azərbaycan Gənc Alim, Doktorant və Magistrlər Cəmiyyətinin sədri, fəlsəfə doktoru İlqar Orucov Sherg.az-a açıqlamasında valideynlərdən məktəb təmiri adı altında pul yığılmasının təhsil adına böyük hörmətsizlik olduğunu deyib.
Ölkə gündəmində ciddi narahatlıq doğuran bu məsələyə münasibət bildirən İ.Orucovun fikrincə, son günlər sosial şəbəkələrdə yayılan səs yazıları, məktəb direktorları və müəllimlərlə bağlı səslənən iddialar ürəkaçan mənzərə yaratmır. Bu hal təkcə ayrı-ayrı şəxslərin fəaliyyəti ilə bağlı deyil, bütövlükdə təhsil sisteminə hörmətsizlik kimi qiymətləndirilməlidir.
Elm və Təhsil Nazirliyinin bu kimi hallarla mütəmadi mübarizə apardığını vurğulayan Cəmiyyət sədri təəssüflə qeyd edib ki, hələ də vəzifə səlahiyyətlərindən sui-istifadə edərək pul yığımı ilə məşğul olan direktorlar öz “işlərini” davam etdirirlər:
"Halbuki sinif otaqlarının təmiri, məktəb avadanlıqlarının alınması və ya “fond pulu” adı ilə vəsait toplanması qanunsuzdur və məktəb mühitinə kölgə salır. Azərbaycan məktəbləri dövlətin himayəsindədir. Cənab Prezident İlham Əliyev və birinci xanım, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva illərdir məktəblərin təmiri, yenidən qurulması və təminatı məsələlərini daim diqqətdə saxlayırlar. Dövlət məktəbləri birbaşa olaraq dövlətin qayğısı altındadır. Belə bir şəraitdə direktor və ya sinif rəhbərinin valideynlərdən pul tələb etməsi yolverilməzdir. Bu şəxslərə qarşı ən sərt tədbirlər görülməlidir. Hesab edirəm ki, bu problem həm də direktor təyinatlarında mövcud olan qüsurları üzə çıxarır. Bir vaxtlar Direktorların İşə Qəbul Komissiyasında üzv olmuşam və bilirəm ki, proses kifayət qədər şəffaf və obyektiv şəkildə həyata keçirilir. Ancaq təcrübə göstərir ki, bəzi direktorların himayədar məmurlar tərəfindən qorunduğu üçün cəzadan yayındıqları hallara rast gəlinir. Sosial şəbəkələrdə yayılan səs yazıları, ifşaedici materiallara rəğmən onların çox zaman cəzalandırılmaması bu qənaəti gücləndirir”.
O əlavə edib ki, məktəb direktorunun başlıca vəzifəsi təhsil ocağında sağlam, nümunəvi mühit yaratmaqdır:
“Direktor və müəllimləri dövlət məktəblərə pul yığmaq üçün təyin etmir. Əksinə, onların missiyası gənc nəslin bilik və tərbiyəsini təmin etməkdir. Vəzifəsindən sui-istifadə edən hər bir təhsil işçisi həm vəzifəsindən, həm də məktəb mühitindən uzaqlaşdırılmalıdır. Əxlaq problemi olan şəxslərin məktəbə qaytarılması təhlükədir".
Fəlsəfə doktoru həmçinin başqa bir təhlükəli məqama toxunub. Onun sözlərinə görə, bəzən cinayət əməli törətmiş şəxslərin yenidən məktəblərdə pedaqoji fəaliyyətlə məşğul olması hallarına da rast gəlinir:
“Bu yaxınlarda bir vəkil tanışımdan eşitdim ki, dələduzluq üstündə məhkum olunmuş bir müəllim yenidən məktəbdə işə qayıdıb. Savadlı olması heç də o demək deyil ki, əxlaqında, mənəviyyatında qüsurlar olan adam övladlarımıza dərs deyə bilər. Məktəb müqəddəs məkandır. Orada əməli, ruhu pak, mənəviyyatı sağlam müəllimlər çalışmalıdır. Elm və Təhsil Nazirliyi, eləcə də digər aidiyyəti qurumlar bu istiqamətdə nəzarəti daha da gücləndirməlidir. Təhsil müəssisəsinə şəxsi biznes və ya miras kimi yanaşan direktorların qarşısı qətiyyətlə alınmalıdır. Çünki məktəblərdə pul yığımı valideynlər arasında narazılıq doğurur, uşaqların gözündə müəllim nüfuzunu zədələyir. Belə mühitdə böyüyən şagirdlərin məktəbdən düzgün nümunə götürməsi mümkün olmur.
Fikrimcə, məsuliyyətsiz və vicdansız direktorların fəaliyyətinə son qoymağın yeganə yolu sərt cəza tədbirlərinin tətbiq olunmasıdır. Kifayət qədər peşəkar, işinə can yandıran məktəb direktorlarımız var. Onların haqqını yemək istəmirəm. Amma bir çox hallarda cəzasızlıq mühiti yaramaz adamların əl-qolunu açır. Cəza yoxdursa, nəticə də yoxdur. Sərt tədbirlər görülməlidir ki, başqalarına görk olsun”.
İ.Orucovun sözlərinə görə, bəzi məktəblərdə “valideyn komitəsi” adı altında bu cür neqativ halların iştirakçıları toplanır və qanunsuz yığımlar təşkil olunur. Bu isə bütövlükdə təhsil sisteminin imicinə zərbə vurur:
"Azərbaycan dövləti ölkənin sosial rifahının yüksəldilməsi, təhsilin inkişafı, beynəlxalq aləmdə imicinin gücləndirilməsi naminə böyük layihələr həyata keçirir, nüfuzlu qlobal forumlara ev sahibliyi edir. Məktəb direktorlarının yaratdığı neqativ hallar isə bu uğurlu işlərə kölgə salır, cəmiyyətin etimadını zədələyir".
Geri qayıt |