Əsas Səhifə > Ana xəbər / Güney Press > Sentyabrda sülh sazişi?...
Sentyabrda sülh sazişi?...Bu gün, 06:30 |
Ermənistan parlamentinin vitse-spikeri Ruben Rubinyan Azərbaycanla sülh sazişinin 2025-ci ilin sentyabrında imzalanacağına ümid etdiyini bildirib. “Ümid edirəm ki, Ermənistan və Azərbaycan sülh sazişini 2026-cı ilin birinci yarısında yox, 2025-ci ilin sonunda və ya sentyabrında imzalayacaqlar”, – deyə Rubinyan Ermənistan İctimai Televiziyasının efirində bəyan edib. Onun sözlərinə görə, Ermənistanın mövqeyi məlumdur. “Biz istənilən anda sənədi imzalamağa hazırıq və Azərbaycanı sülh sazişini imzalamağa çağırırıq. Onu imzalamamaq üçün heç bir səbəb yoxdur”, – o vurğulayıb. Bundan bir neçə gün öncə Türkiyənin xarici işlər naziri Hakan Fidan bildirib ki, Azərbaycan və Ermənistanın sülh sazişini 2026-cı ilin birinci yarısında imzalayacağı gözlənilir. Onun sözlərinə görə, Ermənistanla Azərbaycan arasında yekun saziş imzalanan kimi Türkiyə Ermənistanla münasibətləri sürətlə normallaşdıracaq. Xatırladaq ki, bu ilin avqust ayının 8-də Vaşinqtonda Ermənistan Baş naziri Nikol Paşinyan, ABŞ Prezidenti Donald Tramp və Azərbaycan Prezidenti İlham Əliyev arasında keçirilən görüşün yekununa uyğun olaraq liderlər 7 bənddən ibarət bəyanat imzalayıblar. Sənəddə, xarici işlər nazirləri tərəfindən Ermənistan və Azərbaycan arasında sülh və dövlətlərarası münasibətlərin qurulması haqqında Saziş mətninin paraflanması; hər iki ölkənin xarici işlər nazirləri tərəfindən ATƏT-in Minsk prosesinin və onunla bağlı strukturların ləğvi barədə bəyanatın imzalanması; Azərbaycanla Naxçıvan arasında dövlətlərin suverenliyi, ərazi bütövlüyü və yurisdiksiyasına hörmət əsasında Ermənistan ərazisindən keçməklə maneəsiz əlaqənin təmin edilməsi; eləcə də Ermənistanın ABŞ və üçüncü ölkələrlə birlikdə “Beynəlxalq sülh və rifah üçün Tramp Marşrutu” layihəsinin Ermənistan ərazisində icrasının çərçivələrini müəyyən etmək üçün əməkdaşlığı nəzərdə tutulur. Ruben Rubinyan əslində nə demək istədiyi çox maraqlıdır? Ermənistanla Azərbaycan arasında sülhün imzalanması əslində nə qədər tez baş verə bilər? Və Ermənistan parlamentinin vitse-spikeri bunun artıq bu ay baş verə biləcəyini niyə düşünür? Azadlıq Radiosunun (Praqa) Şərqi Avropa ölkələri üzrə rusiyalı eksperti, jurnalist Vadim Dubnov bununla bağlı fikrini Pressklub.az-la bölüşüb. Onun fikrincə, sentyabrın qalan günlərində heç bir sensasiya gözlənilmir. “Rubinyanın bəyanatı – Ermənistanın Trampa Vaşinqtonda əldə olunan bütün razılaşmalara sadiq olduğunu və ABŞ prezidentinin Nobel mükafatını almasına mane ola biləcək heç nə etməyəcəyini göstərən kifayət qədər açıq raportdur. Yəni deyirlər ki, əgər o mükafatı almasa, bu, Ermənistanın günahı olmayacaq. Kimin günahı olduğunu düşünməyi isə ona saxlayırlar”, – deyə analitik izah edib. Onun sözlərinə görə, ümumiyyətlə, sətirarası açıq şəkildə deyilir ki, bu il heç bir saziş imzalanmayacaq. “Söhbət daha çox ondan gedir ki, Ermənistan hansısa formada hamıya bunu gələn ilin birinci yarısında imzalanmasını arzuladığını bildirir. Bu da Paşinyanın seçkiqabağı səbətində böyük “qızıl külçəsi” ola bilər. Amma mən bunun ciddi qəbul ediləcəyini düşünmürəm”, – Dubnov yekunlaşdırıb. Geri qayıt |