Əsas Səhifə > Ana xəbər / Güney Press > Bakı AŞ PA ilə barışır?

Bakı AŞ PA ilə barışır?


Bu gün, 08:54

Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin 2025-ci ilin payız sessiyası üçün hazırlanan iş planında bir sıra beynəlxalq təşkilatlarla, həmçinin Avropa Şurası Parlament Assambleyası ilə əməkdaşlığı inkişaf etdirmək məsələsi də yer alıb.

Qeyd edək ki, ötən il AŞ PA Azərbaycan nümayəndə heyətinin səlahiyyətlərinin məhdudlaşdırılması ilə bağlı qərar qəbul edib. Bu qərara cavab olaraq Azərbaycan nümayəndə heyəti AŞ PA ilə əməkdaşlığı qeyri-müəyyən müddətə dayandıraraq iclas zalını tərk edib.

Mövzu ilə bağlı Modern.az-a açıqlamasında MM-in Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov bildirib ki, Azərbaycan AŞ PA üçün qapıları bağlamayıb: “Onlar bizə qeyri-obyektiv və ədalətsiz münasibət göstəriblər. Mövqelərini dəyişsələr, Azərbaycana qarşı obyektiv olub, ölkəyə qarşı qaldırılan qətnamələrdən əl çəksələr, Azərbaycan onlarla əməkdaşlıq etməyə həmişə hazırdır. Amma təəssüflər olsun ki, bu istiqamətdə onların hər hansı təşəbbüsünü görmürük”.

Səməd Seyidov qeyd edib ki, iş planında qeyd olunan məsələlər təklifdir: “Komitə iclasında müzakirələr zamanı iş planına müəyyən dəyişikliklər də etmək olar”.

“Yeni Müsavat” xatırladır ki, təşkilatın 2024-cü il qış sessiyasının ilk iclasında Azərbaycan nümayəndə heyətinin etimadnaməsi təsdiqlənməyib. Erməni lobbisinin təsiri altında olan alman deputat Frank Şvabenin Azərbaycan nümayəndə heyətinin etimadnaməsinin təsdiqlənməməsi ilə bağlı təklifi dəstəklənib. İclaslarda Azərbaycan nümayəndə heyəti iştirak etsə də, onların səsvermə hüququ məhdudlaşdırılıb. Bundan sonra Azərbaycan nümayəndə heyəti AŞ PA-nı tərk edib.

Komitənin 2025-ci ilin payız sessiyası üçün hazırlanan iş planında Avropa Şurası Parlament Assambleyası ilə əməkdaşlığı inkişaf etdirmək məsələsinin də yer alması hansı hazırlıqdan xəbər verir? Bakı AŞ PA ilə barışa bilərmi?

Vaxtilə AŞ PA-da Azərbaycan nümayəndə heyətinin üzvü kimi ölkəmizi təmsil edən, tanınmış hüquqşünas Çingiz Qənizadə “Yeni Müsavata”a bildirdi ki, Azərbaycan bütün beynəlxalq təşkilatlarla əməkdaşlıq etməkdə maraqlıdır: “Hesab edirəm ki, parlament komitəsinin 2025-ci ilin payız sessiyası üçün hazırladığı iş planında bir sıra beynəlxalq təşkilatlar, o cümlədən Avropa Şurası ilə bağlı da əməkdaşlığı inkişaf etdirmək məsələsinin yer tutması onu göstərir ki, Azərbaycan bütün təşkilatlarla normal, qərəzsiz əməkdaşlıq etməkdə maraqlıdır. Amma təəssüflər olsun ki, bir çox beynəlxalq təşkilatlar, həmçinin Avropa Şurası Azərbaycana qarşı çox qərəzli bir mövqedə fəaliyyət göstərir, ölkəmizə qarşı həqiqətə uyğun olmayan çağırışlar edir, qətnamələr hazırlayır. 2024-cü ilin yanvar ayında Azərbaycan nümayəndə heyətinin qətnaməsinin təsdiqlənməməsi təbii ki, ölkəmizə olan qərəzli mövqeyin son həddi idi. Qeyd edim ki, hər il qış sessiyasında hər bir ölkənin etimadnaməsi təsdiqlənir və ilboyu həmin nümayəndə heyəti orada fəaliyyət göstərir. Onlar üçün giriş-çıxış və digər məsələlər məhz yanvar ayında təsdiqini tapır. Azərbaycanın etimadnaməsinin təsdiqlənməməsi, eyni zamanda səsvermə hüququndan məhrum olunması haqlı narazılığa səbəb oldu və nəticədə Azərbaycan AŞ PA-nı tərk etdi. O vaxtdan Azərbaycan AŞ PA-nın sessiyalarında iştirak etmir. Azərbaycan öz suveren hüquqlarını beynəlxalq hüquq və BMT-nin nizamnaməsinə uyğun olaraq bərpa edib. Ölkəmizə olan münasibətlər də yavaş-yavaş səngiyir. Ermənistanı dəstəkləyən qüvvələr indi də ölkəmizin içərisində problemlər axtarmağa başlayıblar. Hesab edirəm ki, bunların hamısı qərəzlidir. Onlar heç bir monitorinq keçirmədən bəyanatlar verirlər. Bu da təbii ki, dövlət və milli maraqlarımıza xələl gətirir. Ölkəmiz elə bir coğrafi məkanda yerləşir ki, Avropa Şurası Azərbaycana deyil, Azərbaycan Avropa Şurasına lazımdır. Bəli, biz Avropa ailəsinin üzvü olmaq istəyirik. Amma bir şərtlə ki, bizim milli mənəvi və dövlət maraqlarımıza xələl gətirən münasibətlər orada sərgilənməsin. Hər şey olduğu kimi görünməlidir. Əks halda, əvvəl əlimizi sıxıb, sonradan əleyhimizə qətnamələrin qəbul olunması, təbii ki, yolverilməzdir. Vaxtilə mən də Azərbaycan nümayəndə heyətinin tərkibində AŞ PA-da təmsil olunurdum. Orada dəfələrlə bu məsələləri görmüşəm. Xatırlayıram ki, Qarabağ məsələsini AŞ PA-nın hüquq komitəsində qaldıranda AŞ PA-da deyirdilər ki, biz bu məsələlərlə məşğul olmuruq, ATƏT-in Minsk Qrupu məşğul olur. Ona görə də o məsələni, ümumiyyətlə, gündəliyə çıxarmamağa çalışırdılar. Amma Krımla bağlı məsələdə dərhal müzakirəyə başladılar. Çünki o məsələ ukraynalıların maraq dairəsində idi. Bizim haqlı səsimizi eşitmək istəmirdilər. Dəfələrlə AŞ PA-nın ölkəmizə qarşı qərəzli mövqeyinin şahidi olmuşam”.

Siyasi təhlilçi Sona Əliyeva isə qeyd etdi ki, Azərbaycan qarşılıqlı etimad çərçivəsində Avropa Şurası Parlament Assambleyası ilə əməkdaşlıqda maraqlıdır: “Ölkəmizə qarşı ikili standartlardan çıxış edən həmişə AŞ PA olub. Əgər AŞ PA öz səhvini düzəltməsə və ölkəmizə qarşı qərəzə son qoymasa, bu əlaqələr bərpa edilə bilməz. Düşünürəm ki, AŞ PA öz içərisində islahatlara, təmizlənmə və tənzimləmələrə getməli, Şvabe kimi qatı anti-Azərbaycan mövqeli şəxslər bu qurumdan kənarlaşdırılmalıdır. Heç bir beynəlxalq təşkilat Azərbaycanın daxili işlərinə qarışa və ölkəmizə qarşı əsassız ittihamlarla çıxış edə bilməz. Qərb institutları və beyin mərkəzləri də yaxşı anlayırlar ki, indiki çətin və mürəkkəb geosiyasi mərhələdə Azərbaycanla ancaq dost olmaq mümkündür. Hesab edirəm ki, indiki mərhələdə AŞ PA ilə yaranmış gərginlikdən və qeyri-müəyyənlikdən itirən tərəf məhz adıçəkilən qurumdur. Azərbaycan heç nə itirmir. Eyni zamanda AŞ PA bu cür qərəzli davranışlara son qoymasa, yaxın gələcəkdə qurumun Güney Qafqazla bağlı siyasəti dalana dirənə bilər. Biz Avropa İttifaqı ilə mehriban qonşuluq siyasətinə hər zaman sadiq olmuşuq və qurumun Güney Qafqaz siyasətinə böyük töhfələr vermişik. Düşünürəm ki, bütün bunları AŞ PA rəsmiləri görməzdən gəlməməlidir. AŞ PA-ya daxil olan ölkələr ayrı-ayrılıqda Azərbaycanla sıx əməkdaşlığa can atır. Deməli, Avropa Şurası Parlament Assambleyasının da öz səhvini dərk etməsinə az qalıb”.


Geri qayıt