Əsas Səhifə > Ana xəbər / Güney Press > Ermənistanda absurd savaş xəyalları...

Ermənistanda absurd savaş xəyalları...


Bu gün, 07:27

Artıq 5 ildir ki, Azərbaycanla Ermənistan arasında aparılan sülh danışıqları hələ də nəticəsiz qalır. Bunun real səbəbi də məğlub ölkənin qalib Azərbaycanın şərtlərini yerinə yetirməməsidir. Azərbaycanın şərtləri bəllidir. Azərbaycan Prezidenti İlham Əliyevin irəli sürdüyü şərt budur ki, Ermənistan Konstitusiyası dəyişdirilməyənə qədər sülh müqaviləsinin imzalanması mümkün deyil. Bu müddət ərzində Ermənistan tərəfindən Azərbaycan əraziləri dəfələrlə atəşə məruz qaldı. Təbii ki, düşmən cavab atəşi ilə susduruldu.

Nəhayət avqustun 8-də Vaşinqtonda Azərbaycan Prezidenti İlham Əliyevin ABŞ Prezidenti Donald Tramp və Ermənistan Baş naziri Nikol Paşinyanla görüşü çərçivəsində Bakı və İrəvan arasında sülh sazişinin layihəsi paraflanıb. “Azərbaycan Respublikası və Ermənistan Respublikası arasında sülhün və dövlətlərarası münasibətlərin təsis edilməsinə dair Saziş” adlandırılan layihənin mətni artıq tam razılaşdırılıb. Preambula və 17 maddədən ibarət saziş layihəsini Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov və Ermənistan xarici işlər naziri Ararat Mirzoyan layihəsini paraflayıblar.

Qeyd edək ki, iki ölkə xarici işlər nazirləri tərəfindən sülh müqaviləsinin paraflanması saziş mətninin tərəflər arasında razılaşdırıldığını təsdiq edir. Azərbaycan və Ermənistan arasında hələ də davam edən gərginliyi nəzərə alaraq Cənubi Qafqazda yenidən müharibənin olması ehtimalı nə dərəcədə real görünür? Ermənistanla yeni savaş ola bilərmi?

Mövzu ilə bağlı hərbi məsələlər üzrə ekspert Ədalət Verdiyev Referans-a açıqlama verib. Ədalət Verdiyev qeyd edib ki, Azərbaycan və Ermənistan arasında yenidən müharibənin baş verməsində maraqlı olan iki dövlət var. Bunlardan biri İran digəri isə Rusiyadır. İranın hazırkı Prezidenti Pezeşkianın Azərbaycana qarşı həssas mövqeyi İranın bir çox dairələrində elə də xoş qarşılanmır. Lakin buna baxmayaraq İranın indiki siyasi rəhbərliyinin mövqeyi nəticəsində Azərbaycanla İran arasında münasibətlər müsbət istiqamətdə cərəyan etməkdədir.

Ədalət Verdiyev onu da deyib ki, müharibədə maraqlı olan Rusiyanın məlum olduğu kimi hazırda başı Ukrayna savaşına qarışıb. Buna görə də Rusiyanın bizim regiona təsir imkanları kifayət qədər zəifləyib.

Hərbi ekspert həmçinin onu da diqqətə çatdırıb ki, son 5 ildə Azərbaycan tərəfindən Ermənistana verilən bütün tələblər bir müddət sonra qəbul edilir. Rəsmi İrəvan ilkin mərhələdə qətiyyən qəbul etmədiyi bu tələbləri 1-2 ay sonra öz təklifləri kimi səsləndirir və qəbul edir. Qarabağın Azərbaycana aid olması, ATƏT-in Minsk qrupunun ləğvi, Ermənistan konstitusiyasinda dəyişiklik, Zəngəzur dəhlizinin açılması, sülhün daha çox İrəvana ehtiyacı olması və s. kimi məsələlər ilk dəfə Azərbaycan tərəfindən tələb kimi ortaya qoyub. Ardınca Ermənistan əvvəlcə imtina edib, sonra təklif kimi səsləndirib və qəbul edib. İndi isə Nikol Paşinyan ATƏT-in Minsk qrupunun ləğvi ilə bağlı bildirib ki, ATƏT-in Minsk qrupunda heç vaxt bizim üçün faydalı nəsə olmayıb. Bu qurumun fəaliyyəti münaqişənin həllinə deyil, Qarabağ probleminin daha da dərinləşməsinə yönəlib. Qarabağ məsələsi çoxdan həll edilmişdi, lakin İrəvana bu barədə məlumat verilmir, çünki söhbət artıq Ermənistanın özündən gedirdi. Bu problemin "həlli" ölkənin ərazi bütövlüyünün parçalanmasına, suverenlik və müstəqilliyin itirilməsinə gətirib çıxara bilərdi.

"Ümid edirəm ki, bənzər bəyanatı Qərbi Azərbaycana qayıdış məsələsində də eşidəcəyik",- deyə Ədalət Verdiyev əlavə edib.


Geri qayıt