Əsas Səhifə > Ana xəbər / Güney Press > Yeni tikililər bahalaşıb, sakinlər "şəhər"dən qaçır

Yeni tikililər bahalaşıb, sakinlər "şəhər"dən qaçır


Bu gün, 07:14

Bakının mərkəzi hissələrində köhnə binaların və həyət evlərinin sökülməsi prosesi sürətlə davam edir. Yeni tikililər şəhərin simasını dəyişir, amma qiymətləri çox yüksəkdir və əvvəlki sakinlər artıq burada yaşaya bilmirlər. Beləliklə, şəhərin sıxlığı mərkəzdən ətraf qəsəbələrə Xırdalan, Masazır, Hökməli və digər yaşayış məntəqələrinə daşınır.

Ancaq burada ciddi problem ortaya çıxır. Ətraf qəsəbələrin infrastrukturu bu qədər insan üçün nəzərdə tutulmayıb. Dar yollar, yetərsiz ictimai nəqliyyat və kifayət etməyən sosial xidmətlər sakinlərin gündəlik həyatını çətinləşdirir. Yol sıxlığı, qəza riskləri, avtobus və marşrutların çatışmazlığı gündəlik həyatın təhlükəli və yorucu olmasına səbəb olur.

Sakinlər bildirirlər ki, şəhər planlaşdırılarkən ətraf qəsəbələrin durumu nəzərə alınmayıb. Bu isə təkcə yol və nəqliyyat problemi deyil. Məktəblər, uşaq bağçaları, tibb müəssisələri artıq əhalinin sayı ilə ayaqlaşa bilmir.

Ekspertlər isə vurğulayırlar ki, mərkəzi şəhərdə yenidənqurma zəruridir, amma bu proses ətraf bölgələrin infrastrukturunun inkişafı ilə paralel aparılmalıdır. Əks halda, Xırdalan, Masazır kimi qəsəbələrdə əhali sıxlığı artacaq, sakinlərin həyat keyfiyyəti kəskin şəkildə düşəcək və sosial narazılıq dərinləşəcək.

Şəhər planlaşdırılması yalnız binaların sökülüb yenilərinin tikilməsi ilə bitmir. Mərkəzdən kənar qəsəbələrdə yolların genişləndirilməsi, ictimai nəqliyyatın gücləndirilməsi, məktəb və tibb infrastrukturlarının artırılması zəruridir. Əks halda, Bakı şəhəri və ətraf qəsəbələr yalnız yeni binalar deyil, həm də problemlərlə dolu bir şəhər təsiri bağışlayacaq.

Bu vəziyyət göstərir ki, məsul qurumlar planlaşdırmanı sadəcə tikinti biznesinin tələblərinə uyğun həyata keçirməməlidir. Şəhərin sakinləri üçün təhlükəsiz və rahat həyat təmin etmək prioritet olmalıdır.

Leyla Mirzə, Bizimyol.info


Geri qayıt