Əsas Səhifə > Ana xəbər / Güney Press > "Zəngəzur dəhlizi hansısa ölkəyə qarşı yönəlməyib"
"Zəngəzur dəhlizi hansısa ölkəyə qarşı yönəlməyib"Dünən, 16:08 |
“Yaxın gələcəkdə Zəngəzur dəhlizi həm Orta Dəhlizin, həm də Şimal–Cənub dəhlizinin növbəti mühüm seqmentinə çevriləcək, sülhü, çoxtərəfli tərəfdaşlığı möhkəmləndirəcək”. Bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev Çinin Tiencin şəhərində “ŞƏT plyus” formatında keçirilən iclasda çıxışı zamanı söyləyib. Dövlət başçısı vurğulayıb ki, “Zəngəzur dəhlizi Azərbaycan sərhədinin şərqində, qərbində, şimalında və cənubunda yerləşən yaxın və uzaq qonşularımıza fayda gətirəcək”. Bununla da, Azərbaycan lideri bir daha dünyaya Zəngəzur dəhlizinin əhamiyyətini, bu layihənin bölgə və dünya üçün verəcəyi faydaları çatdırmış oldu. Mövzu ilə bağlı AYNA.AZ-a danışan Milli Məclisin deputatı Bəhruz Məhərrəmov deyib ki, birincisi, qeyd etmək lazımdır ki, Azərbaycan tərəfi artıq Zəngəzur dəhlizi barədə proqnozlarla danışmır: - Azərbaycan real, bölgədə statistikaya əsaslanan konkret rəqəmlər ortaya qoyur. “ŞƏT plyus” formatındakı iclasda cənab Prezidentin çıxışı da reallığa əsaslanır. İlk növbədə, Prezident açıq şəkildə qeyd etdi ki, Azərbaycanın təqdim etdiyi, Azərbaycanın böyük rol oynadığı Orta Dəhlizə maraq artıb. Cənab İlham Əliyev qeyd etmək istədi ki, əgər Gürcüstan üzərindən daşımalarda statistik göstəricilər yüksəkdirsə, Zəngəzur üzərindən daşımalar daha səmərəli,d aha effektiv olacaq ki, bu, artıq sual doğurmur. Təbii ki, biz bir layihəni kənara qoyub digəri ilə məşğul olmayacağıq. Hər bir layihənin birim üçün öz qiyməti var. Cənab Prezident dünya liderlərinə, xüsusilə də Orta Dəhlizdə maraqlı olan dövlətlərə əslində Zəngəzur dəhlizinin mahiyyəti, real imkanları və verə biləcəyi faydası barədə geniş məlumat vermiş oldu. - Amma məlumdur ki, Zəngəzur dəhlizinə qarşı olan qüvvələr var... - Təbii ki, dəhlizin əleyhinə olan qüvvələr mövcuddur. Amma bu narahatlıqlar əbəsdir. Biz Zəngəzur dəhlizinə təkcə Naxçıvanla gediş-gəlişin təmin olunması vasitəsi kimi baxmırıq, yaxud da, sadəcə iki ölkəni birləşdirən layihə kimi baxmırıq. Biz Zəngəzur dəhlizinə bölgədə sülh və əmin-amanlığı yarada bilən, bölgə ölkələri arasında əlaqələri gücləndirən, ticarəti inkişaf etdirən layihə kimi baxırıq. Zəngəzur dəhlizi hansısa ölkəyə qarşı yönəlməyib. Bu layihə sülhün və sabitliyin, ortaq dəyərlərin, xüsusilə də, iqtisadi maraqların təmin olunması üçün önəmli layihədir. Hesab edirəm ki, “ŞƏT plyus” formatındakı çıxışında cənab Əliyev bu layihənin geniş təqdimatını verə bildi. Bu gün kimsə Zəngəzur dəhlizi layihəsinə qarşı çıxırsa, cığallıq etməkdən başqa bir şey etmir. - Rəsmi İrəvan Zəngəzur dəhlizi ilə bağlı reallığı dərk edib və rəsmilər tərəfindən verilən bəyanatlarda bu, sezilir. Ağ Evdə üçtərəfli görüşdə dəhlizlə bağlı imzalanan sənəd də bunu sübut edir. Amma erməni mediasında yenidən dəhlizlə bağlı təxribat xarakterli yazılar yayılmaqdadır... - Zəngəzur dəhlizi reallığını, onun faydalarını artıq Ermənistan dövləti də anlayır və bu dəhlizə qarşı deyil. Buna qarşı çıxan qüvvələr erməni revanşistlərindən ibarət müxalif qüvvələrdir. Məlumdur ki, erməni müxalifəti hansısa xarici qüvvələrin təsiri altındadır və onların sifarişlərini yerinə yetirirlər. Dəhlizlə bağlı təxribatçı yazılar, anti-dəhliz yazıların yayılması da daha çox Zəngəzur dəhlizinə qarşı olan qüvvələrin sifarişi ilədir. Hesab edirəm ki, Ermənistan cəmiyyəti sülh istəyirsə, inkişaf istəyirsə həmin revanşistlərə yox deməlidir. Sağlam düşüncəli ermənilər varsa, onlar Azərbaycanın təkliflərinin reallıqla səsləşdiriyini anlamalıdırlar. Yenə deyirəm, Zəngəzur dəhlizi sülhə, sabitliyə və inkişafa töhfə verən bir layihədir. Geri qayıt |