Əsas Səhifə > Ana xəbər / Güney Press > Elmira Axundovanın adı keçən iş Sabunçu məhkəməsində: Gizli ödəmə və açıq haqsızlıq

Elmira Axundovanın adı keçən iş Sabunçu məhkəməsində: Gizli ödəmə və açıq haqsızlıq


Dünən, 15:38

Bu gün Sabunçu Rayon Məhkəməsində hakim Şəbnur Qədirovanın sədrliyi ilə Fərman Məmmədovun ona vurulmuş ziyanın indeksasiya tələbinə baxılacaq.

Musavat.com xəbər verir ki, iddiaçı-tələbkar Fərman Məmmədov Bakı Ağır Cinayətlər Məhkəməsinin 31 yanvar 2019-cu il tarixli, 1(101)-75/2019 saylı hökmü ilə cavabdeh (borclu) Elnur Rauf oğlu İbrahimovdan onun xeyrinə tutulmalı olan məbləğin ötən 6 ilə yaxın müddət üçün hər bir il ayrıca göstərilməklə indeksasiya edilməsini tələb edir. Elnur İbrahimov sabiq deputat və keçmiş səfir Elmira Axundovanın ailə dostu kimi tanınır.

Bakı Ağır Cinayətlər Məhkəməsi Elnur İbrahimovun Fərman Məmmədova 350 min manat ziyan vurduğunu təsdiqləyib və həmin məbləğin ondan tutulmasına dair hökm çıxarıb. Hökmün icrası Sabunçu Rayon İcra və Probasiya Şöbəsinə həvalə olunub. Lakin icra məmurunun hərəkətsizliyi nəticəsində Elnur İbrahimovun nə əmlakına həbs qoyulub, nə də 1 manat ödəniş edilib. İcra məmurunun hərəkətsizliyini də Sabunçu Məhkəməsi qanunsuz hesab edən qərar çıxarıb! Amma yenə də heç bir tədbir görülməyib!

Əslində hər şey 2013-cü ildə başlayıb. Elmira Axundovanın deputat mandatı cibində olduğu günlərdə, o, oğlu Həbib Axundov ətrafında olanlara “iş adamı” imicində tanıtmağa başlayır, onlara söz verir ki, oğlu Həbib Dubaydan dəftərxana ləvazimatı gətirəcək, dövlət qurumlarına satacaq, qazancı da dividend kimi anasının çağırışı ilə ona külli miqdarda pul verənlərlə böləcək. Bunun üçün Elmira Axundovanın ətrafında olanlardan yüz minlərlə manat toplanıb. Pul sahibləri arasında ailə dostları, hətta Axundova namizəd olarkən 2 dəfə vəkili olan şəxs də var.

Amma sonra məlum olur ki, bu, sadəcə kağız üzərində qurulmuş “biznes” imiş. Axundovaya inanıb onun oğluna pul verənlərə dividend adı ilə qaytarılan vəsait də elə öz pullarının cüzi bir hissədir. Pul axını dayananda zərərçəkənlər hüquq-mühafizə orqanlarına müraciət edir və Həbib Axundovun adını çəkirlər. Həmin anda Elmira Axundova dövriyyəyə girir. “Biznes”ə cəlb olunanlara “narahat olmayın, bəzi dəqiqləşdirmələrdən sonra pullar qaytarılacaq”, deyir.

“Dəqiqləşdirmələr”dən illər keçir, pullar isə qaytarılmır...

Əvəzində “günah keçisi” olaraq Elnur İbrahimov önə çıxarılır. Guya bütün pullar ona çatıbmış kimi təqdim olunur. 2013-cü ilin avqustunda Həbib Axundov Elnur İbrahimovu Qəbələdəki “Qafqaz Resort” hotelində Elmira Axundova ilə görüşdürür. Bir neçə gün sonra Elnur İbrahimov gizli şəkildə ölkədən qaçır – Gürcüstan sərhədini keçir, sonra Rusiyada yoxa çıxır. Azərbaycan hüquq-mühafizə orqanları 3 ilə yaxın onu tapa bilmir.

Nəhayət, 2016-cı ildə Elnur İbrahimov həbs olunur və Bakı Ağır Cinayətlər Məhkəməsi onu 9 il azadlıqdan məhrum edir. Həmçinin, Fərman Məmmədova 350 min manat ödəməli olduğu qeyd olunur. Amma...

Ötən illər ərzində nə ödəniş var, nə də icra prosesi. İcra məmurları sadəcə “ödəmə qabiliyyəti yoxdur” deyirlər. Bu gün məsələnin ən qalmaqallı hissəsi Elnur İbrahimovun mülki iddia üzrə ödəniş etmədiyi vaxtda Elmira Axundovanın oğluna 55 min manat ödəməsidir. Məhkəmə hökmü ilə mülki iddiaçı olaraq tanınan Fərman Məmmədova Elnur İbrahimov 1 manat da ödəmədiyi vaxtda, Həbib Axundova 55 min manat ödəyib!

İcra məmurunun “pulu yoxdur” dediyi Elnur İbrahimov bu pulu Həbib Axundova hansı hesabdan ödəyib? Əgər bu vəsait varsa, niyə məhkəmə hökmü ilə mülki iddiaçı olaraq tanınan zərərçəkmiş Fərman Məmmədova deyil, Həbib Axundova ödənilib?

Bu suallar ortadadır və cavabsızdır. Əsas sualladan biri də bu halda Azərbaycan dövləti adından çıxarılan hökm kağız üzərində qalacaqmı?


Geri qayıt