Əsas Səhifə > Ana xəbər / Güney Press > İcra hakimiyyətlərinin ləğvi gündəmdə
İcra hakimiyyətlərinin ləğvi gündəmdəBu gün, 09:34 |
Ötən həftə prezident Ağdaşın icra başçısına şiddətli töhmət verdi. Rayon rəhbəri də ölkə başçısının düzgün qərar verdiyini və bundan nəticə çıxaracağını açıqladı. Lakin bu qərar növbəti dəfə Azərbaycanda yerli icra hakimiyyəti idarəçiliyinin effektivlik məsələsini gündəmə gətirib. Tənqidçilərin fikrincə, icra başçılarının vəzifələrindən azad edilməsi, yerlərinin dəyişdirilməsi, töhmət alması, hətta həbs olunması da vəziyyəti dəyişmir. Ona görə də İH-lərin ləğvi təklif edilir. ReAl Partiyasının sədri Natiq Cəfərli də sosial media hesabında bu barədə paylaşım edib: “Töhmətlə, şiddətli töhmətlə, həbs etməklə, işdən çıxartmaqla olmur, düzəlmir də bu sahə - şəhər-rayon icra başçıları institutu ləğv edilməlidir. Bu qurum SSRİ-dən qalma mənasız, qeyri-effektiv, "birinci katib" adının dəyişdirilmiş formasıdır". Onun fikrincə, şəhər-rayon seçkili mer institutu təsis edilməli, hesabatlı, şəffaf yerli özünüidarə institutları yaradılmalıdır. N.Cəfərliyə görə, başqa yol yoxdur, qalib xalq şəhər, rayon, qəsəbə və kəndlərdə özünü idarə edə bilər, buna inanmaq, bu sistemə keçmək zamanıdır: "Bu gün iqtisadiyyatda yaranmış durğunluğun, geriləmənin, aqrar sektordakı problemlərin, regionlardan Bakı və Abşerona axının davam etməsinin ən böyük səbəbi məhz köhnəlmiş mərkəzi və yerli idarəetmə sistemidir - Azərbaycanın qarşısında duran çağırışlara bu sistem artıq cavab verə, problemləri həll edə bilmir. Prezident Əliyevin doğru qərarı ilə ölkədə 14 iqtisadi rayon yaradılıb, həmin iqtisadi rayonlar inzibati ərazi vahidinə çevrilməli, Prezidentin şəxsi nümayəndəlik institutu Prezident adına həmin 14 ərazi vahidində Dövləti təmsil etməlidir". Bəs bu dəyişikliyə getməyə nə mane olur? Bunun üçün konstitusiya yenilənməlidir, yoxsa Prezidentin qərarı ilə İH-lər ləğv oluna bilər? Hüquqşünas Ramil Süleymanov mövzu ilə bağlı “Yeni Müsavat”a bildirib ki, konstitusiyanın 3-cü maddəsinə əsasən, icra hakimiyyəti Azərbaycan Respublikasının Prezidentinə mənsubdur: “Konstitusiyanın 6-cı fəsli bütövlükdə icra hakimiyyətinə aiddir. İcra hakimiyyətinin məsuliyyəti ilə bağlı konstitusiyanın 99-cu maddəsində qeyd olunur ki, Prezident icra hakimiyyətinin başında duran şəxsdir. İcra hakimiyyətinin məsuliyyəti Prezidentə aiddir. Konstitusiyanın 149-cu maddəsinin 7-ci bəndinə əsasən, Prezident icra hakimiyyətinin fəaliyyətini formalaşdırmaq üçün icra hakimiyyəti orqanları yaradır. Azərbaycan Respublikasının Nazirlər Kabineti yuxarı icra orqanı hesab olunur. Konstitusiyanın 124-cü maddəsinə əsasən, yerlərdə rəhbərliyi icra hakimiyyəti başçıları həyata keçirir. Bu da o deməkdir ki, icra hakimiyyətlərinin konstitusiyada adı çəkilir”. Vəkilin sözlərinə görə, qanunvericiliklə icra hakimiyyətlərinin ləğvi yalnız konstitusiyaya uyğun şəkildə əlavələr və dəyişikliklərin edilməsi ilə mümkündür: “Konstitusiyanın 3-cü maddəsinin 1-ci bəndinə görə, Azərbaycan xalqı onun mənafeyi ilə bağlı olan istənilən məsələni referendum vasitəsilə həll edə bilər. Lakin həmin icra orqanlarının və vəzifəli şəxslərin təyini məsələsində xalqın referendum keçirmək təşəbbüsü qanunla nəzərdə tutulmur”. Onun sözlərinə görə, Prezidentin xüsusi nümayəndəsi institutu fəaliyyətə başlayıb və bu, qanunvericiliklə qadağan edilmir: “Amma icra hakimiyyətləri ilə xüsusi nümayəndələrin statusu arasında fərq ondan ibarətdir ki, icra hakimiyyətlərinin statusu daha yüksəkdir və öndədir. Çünki onların statusu konstitusiyada əsasnamə əsasında müəyyən olunub”. Hüquqşünasın fikrincə, bununla bağlı referendum vasitəsilə müvafiq dəyişikliklər aparıldıqdan sonra daha effektiv idarəetmə, hakimiyyət orqanı formasında daha ciddi və səmərəli idarəetməni müşahidə etmək mümkün olacaq. O hesab edir ki, bu dəyişikliklərdən sonra siyasi hakimiyyətin də islahatlara dair siyasi iradəsini nümayiş etdirdiyini görmək mümkün olacaq. Qonşu ölkələrin təcrübəsinə nəzər yetirdikdə fərqli mənzərə ortaya çıxır. Misal üçün, Gürcüstanda icra hakimiyyəti institutu yoxdur. Yerli idarəetmə sistemi seçkili əsaslarla formalaşır. Türkiyədə də yerli icra hakimiyyəti başçısı kimi bir struktur yoxdur. Hər bir şəhər, rayon və bələdiyyənin rəhbəri xalq tərəfindən seçilən merlərdir. Yerli idarəetmədə əsas icra səlahiyyətləri seçkili merlərə və bələdiyyə məclisinə məxsusdur. Rusiyada isə icra hakimiyyətinin strukturu klassik sovet modelindən fərqli şəkildə formalaşıb. Bölgələrdə federal səviyyədə prezidentin təyin etdiyi nümayəndələr (məsələn, federal dairələr üzrə) fəaliyyət göstərir. Bu ölkələrin təcrübəsi göstərir ki, müasir dövlətdə yerli idarəetmənin effektivliyi üçün əsas mexanizm xalq tərəfindən seçilən, hesabatlı və şəffaf institutlardır. İcra hakimiyyəti kimi təyinatlı və mərkəzə bağlı strukturlar isə ya ümumiyyətlə yoxdur, ya da yalnız məhdud nəzarət funksiyası daşıyır. Geri qayıt |